“Müxtəlif ölkələrdə insanlar arasındakı münasibətləri qızışdırmaqdan ötrü, münasibətləri pik həddə qaldırmaq üçün müxtəlif formalardan istifadə edirlər”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Rəşad Əsgərov deyib.

“Son dövrlərin tendensiyasında bu amillər içərisində insanlar arasındakı münaqişələrin və yaxud narazılıqların artırılmasında dini amildən, faktordan daha çox istifadəyə üstünlük verirlər. Burada müxtəlif din və məzhəblər arasında qarşıdurmalar salma və bu ayrı-ayrı məzhəblərə, dinlərə qulluq edən, inanan, dini ritualları yerinə yetirən insanlar arasındakı münasibətlərin kəskin məcrada bir-birinə qarşı qoymaqla müəyyən dövlətlər, siyasi qurumlar, siyasi fəaliyyətlə məşğul olan siyasi maraq güdən qüvvələr öz məqsədlərinə çatmaq istəyirlər. Əgər dövlətin tərkibində ayrı-ayrı dinə və dini inanclara qulluq edən nümayəndələr yoxdursa artıq burada eyni millətin, eyni xalqın içərisində olan müxtəlif təriqətlərə qulluq edən şəxslər arasında mübarizəni gücləndirirlər. Bunun bariz nümunəsini yaxın Şərqdə gedən müxtəlif dini təriqət nümayəndələrinin ardıcıllarının bir-birinə qarşı olan mübarizəsi, müqavimət hərəkatı və ən əsası isə pik həddə çatacaq münaqişə və yaxud müharibə vəziyyətidir. Bu münaqişələrin səbəbi isə ayrı-ayrı ölkələrdə böyük dövlətlərin xüsusilə də öz maraqlarını təmin etmək, həmin dövlətlərdə siyasi hakimiyyəti öz maraqlarına qurban vermək, öz diqtəsi ilə siyasi hakimiyyəti qurmaq üçün "parçala və hökmranlıq et" siyasətini həyata keçirmək məqsədi daşıyır. Burada da müxtəlif dini təriqətin nümayəndələri ilə xalqın nümayəndələri arasında ayrı-seçkilik salmaqla bu məqsədə çatmağa nail olurlar. Artıq bu münaqişələrə müdaxilə etdikdə də ayrı-ayrı qərb ölkələri "biz münaqişələri yaratmırıq, biz münaqişələrin söndürülməsinə öz köməkliyimizi göstəririk" kimi əsaslandırılmış cavablar verməyə çalışırlar. Belə olduğu təqdirdə də həmin ölkələr sülhməramlı adı altında və yaxud münaqişələrin söndürülməsi üçüncü tərəfin iştirakı adı altında öz qüvvələrini həmin ölkələrə yeridirlər və işğal aktını mədəni və mənəvi formada həyata keçirirlər. Aydın məsələdir ki, burada müxtəlif təriqətlərin və yaxud ayrı-ayrı dinlərə məxsus olan kütlələrin bir-birinə qarşı mübarizəsində qərb ölkələrinin maraqlarını təmin etmək üçün tərəflərdən birinin müxtəlif ölkələr tərəfindən maaliyələşdirilməsi, onlara maddi, mənəvi və s. köməklərin göstərilməsi də xüsusi rol oynayır”.