Sosial

  • 5 498

H.Z.Tağıyevin abidəsinin açılışına CƏMİYYƏTİN BAXIŞI - SORĞU

image

Hacı Zeynalabdin Tağıyev xalqımızın yaddaşında böyük xeyriyyəçi, maarifçi, və ictimai xadim kimi əbədi həkk olunmuşdur. Onun ictimai fəaliyyəti nəticəsində Azərbaycanda təhsil və mədəni sahədə oyanış baş vermişdi. O, millətin maariflənməsi üçün təhsil müəssisələrinə daimi yardım göstərmiş, Rusiyada və Avropada təhsil alan yüzlərlə tələbələrin təhsil xərclərini ödəmişdi. Doğma dilimiozin inkişafında teatırın əhəmiyyətini yüksək qiymətləndirən Hacı Zeynalabdin Tağıyev ilk teatr binasıı inşa etdirmişdi. Bunlarla yanaşı Azərbaycanın gələcək həyatı üçün çox mühüm işlər həyata keçirmiş bu görkəmli şəxiyyətin heykəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yanvarın 18-də Bakının “İçərişəhər” metro stansiyanın qarşısındakı meydanda ucaldılmışdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı olaraq SİA olaraq şəhər sakinlərinin fikirlərini aldıq.

Şəhər sakini Elnur İsmayılov: “Düşünürəm ki, heykəlin həcmi balacadır. Abidənin həcmi böyük və daha hündür olsaydı daha yaxşı olardı. Lakin bununla belə bu cür şəxsiyyətin heykəlinin ucaldılması çox möhtəşəm bir hadisədi”.

Şəhər sakini Mehriban Zeynalova: “Mənə görə heykəllərin qoyulması önəmli bir hadisə deyil. Amma heykələ bu dərəcədə önəm verirlərsə bu heykəli hündür ərazidə yerləşdirməliydilər. Dünən oxuduğum bir məlumata görə heykələ müəyyən xəsarət olunub. Məncə bunun əsas səbəbi heykəlin əlçatan yerdə olmasından irəli gəlir”.

Şəhər sakini Elçin Şixəliyev: “Hacı Zeynalabdin Tağıyev təkcə mənim üçün yox, bütünlükdə Azərbaycan xalqının yaddaşında bir görkəmli şəxsiyyət kimi qalmışdır. Biz də bu gün onun abidəsini ziyarət etməyə gəlmişik. Bu heykəlin qoyulması bizim üçün böyük bir sevinc hissi bəxş edir".

Şəhər sakini Nərmin Süleymanova: “Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin abidələrinin ucaldılması çox təqdirəlayiq bir hərəkətdir. Məncə bu cür görkəmli şəxsiyyət hamı tərəfindən tanınmalı və onun abidəsi ziyarət olunmalıdır".

Şəhər sakini Elxan Məmmədov: “Heykəl çox gözəl bir şəkildə hazırlanmışdır. Mən şəxsən çox bəyəndim. Sadəcə olaraq bəyənmədiyim bir şey odur ki, heykəl çox aşağıdan qoyulub, daha hündür formada qoyulsaydı lap yaxşı olardı”.

Şəhər sakini Röya Bağırova: “Dünən bu heykəlin açılışı ilə bağlı məlumatı sosial şəbəkədən əldə etdim. Bu xəbəri oxuduqda çox xoşbəxt oldum.Çünki Hacı Zeynalabdin Tağıyev dövrünün böyük xeyriyyəçilərindən biri olmuşdu. Onun fəaliyyəti nəticəsində Azərbaycan xalqı bir çox sahələrdə nailiyyətlər əldə edib. Turistlər belə onun haqqında artıq müəyyən məlumata sahib olacaqlar”.

Şəhər sakini Azər Əliyev: “Hacı Zeynalabdin Tağıyev xalqın atası adını qazanıb. Bu adın onun ünvanına deyilməsi heç də təsadüfi bir hal deyil. Belə bir şəxsiyyətin heykəlinin ucaldılması əlamətdar bir haldır”.

Şəhər sakini Samirə Əliyeva: “Səhv etmirsə Hacı Zeynalabdin Tağıyevin heykəlinin arxasında dayanan 174 saylı məktəb məhz onun təşəbbüsü ilə yaradılmışdı. Ona görə heykəlin bu ərazidə yerləşdirilməsi fikrimcə daha yaxşı oldu”.

Şəhər sakini Samir Əhmədov: “Hacı Zeynalabdin Tağıyev ömrünün axrına kimi xeyriyyəçilik işləri ilə məşğul olub. Bizə məktəb illərində də onun haqqında məlumatlar verilirdi. Bugünkü gün bu şəxsiyyətə önəm verilib, abidəsini ucaltmaları isə məni çox sevindirdi”.

Şəhər sakini Nurlana Səmədova: “Məncə bu heykəl çoxdan ucaldılmalı idi. Düşünürəm ki, belə şəxslərə qiymət verilməlidi. Onun xalqımız uğrunda gördüyü işlər unudulmamalıdı”.

Şəhər sakini Tərlan Rəsulov: “Bu şəxsiyyət istər sədaqəti, istərsə də, xeyriyyəçiliyi ilə bizim xalqımızda önəmli yerlərdən birini tutur. İlk teatrı Azərbaycanda o yaratmışdı. Bəzi insanlar deyirlər ki, heykəl hündürdə qoyulmalı idi. Lakin mən düşünürəm ki, çox yaxşı yerdə qoyulub”.

Şəhər sakini Elay Əhədova: “Düşünürəm ki, önəmli şəxslərin abidələrinin ucaldılması təkcə bir ərazidə deyil, şəhərin bir çox yerlərində qoyulmalıdı”.

Şəhər sakini Ceyhun Məmmədov: “Hər birimiz üçün əziz olan Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılmasına görə Prezidentimizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, hər bir kəs bu abidəni ziyarət etməlidi”.

Şəhər sakini Alay Məmmədov: “Belə bir kişinin heykəlini 50 il bundan qabaq qoymaq lazım idi. Bununla yanaşı fikrimcə, bu heykəl hündürdə olmalıdı. Yəni ən azı heykəlin altında 2 m hündürlükdə platforma qoyulmalıdı”.

Digər xəbərlər