Sosial

  • 1 992

Abidələrimizə qarşı vəhşiliyə CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

image

Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur.

Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltəraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltəraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər.

Qədim zamanlardan Azərbaycanda memarlıq abidələrinə önəm verilmişdi. Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. Belə abidələrdən biri də ötən günlərdə cənab Prezident İlham Əliyev tərəfindən “İçərişəhər” metrostansiyanın çıxışında açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəlidi. Lakin çox təəssüflər olsun ki, bu heykələ qarşı insanlarımız tərəfindən müəyyən vəhşiliklər olunmuşdur. SİA mövzunun aktuallığını nəzərə alaraq şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Dəstəgül Dadaşova: “Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın müxtəlif sahələrinin inkişaf etməsində çox böyük rolu olmuşdur. Təhsil müəssələrinin açılması, tələbələrin xaricdə təhsil alması, teatrın yaradılması, qızlarımızın təhsil alması, şollar suyunun çəkilməsi və s. onun sayəsində baş vermişdi. Bu proseslərin baş verməsi deyərdim ki, Zaqafqasiyada böyük bir inqilaba səbəb olmuşdu. Bizim hər birimiz ona borcluyuq. Buna görə onun adına elə gözəl bir heykəlin qoyulması çox təqdirəlayiq bir hərəkətdi. Lakin onun heykəlinə müəyyən xəsarətlərin edilməsi çox utancverici bir haldı”.

Şəhər sakini Xətai Rızazadə: “Həmin şəxsin bizim dövlətimizdə tutduğu xeyriyyəçilik mövqeyi hamıya məlumdu. Arzu edirəm ki, indiki dövrdə də, bəzi məmurlarımız ondan örnək götürsünlər. Çünki indiki dövrdə bir çoxları ancaq sərvət yığmaqla məşğuldular. Heykəlin zədələnməsi ilə bağlı onu deyə bilərəm ki, bu hərəkəti edən gənclər məncə tarixlərindən bixəbərdilər. Ona görə də bu addımı həyata keçirdirlər”.

Şəhər sakini Əzizə Nəsirova: “Bu cür şəxsiyyətə heykəl qoyulması məni çox sevindirdi. Lakin elə həmin gündə Hacı Zeynalabdin Tağıyevin heykəlindəki təsbehi qırmaları çox böyük mədəniyyətsizlik və tərbiyəsizlik nümunələridir. O cür böyük sənətkara qarşı hörmətsizlik bağışlanmamalı və həmin şəxslər utanmalıdı”.

Şəhər sakini Dünyamalı Mərdanov: “Azərbaycanın yaradıcılarından biri olan Hacı Zeynalabdin Tağıyevin heykəlinə qarşı bu addımın atılması təhqiredici bir haldı. Bu hərəkət yalnız erməni xislətli bir insana aid ola bilər. Həmin insan eyni zamanda öz xalqına və tarixinə çox xəyanətkardır”.

Şəhər sakini Amina Vəlizadə: “Tək bu abidəyə qarşı yox, deyərdim ki, bütün abidələrə qarşı ziyan verənlər müəyyən məsuliyyətə cəlb olunmalıdılar. Çünki bu eyni zamanda həmin şəxsə, mədəniyyətimizə və tariximizə qarşı atılmış yalnış addımdı”.

Şəhər sakini Hikmət Məmmədov: “Tağıyev bizim savadlı bir cəmiyyət kimi formalaşmağımız üçün çox böyük işlər görüb. Həmin ziyanı vuran şəxs əgər bu işi törədibsə o insan haqqında və onun gördüyü işlərdən xəbərsiz olmamalıdı. Bu hərəkəti nəyə və niyə görə etməsi məndə təəccüb hissi doğurur”.

Şəhər sakini Leyla Məmmədli: “Hacı Zeynalabdin Tağıyev ilk dəfə qız məktəbini yaradan şəxslərdən biri olmuşdu. O, bu məktəbi yaratmasaydı bəlkə də bizim indi yuxarı vəzifədə çalışan müəyyən statusa sahib olan xanımlarımız olmazdı. O hər zaman deyirdi: “Mənim yerin altından çıxan pulum, yerin üstünü bəzəməlidi”. Yəni hər zaman xalqının sosial rifahi üçün çalışan bir şəxsin heykəlinə qarşı belə bir hadisənin baş verməsi məqbul edilməz bir haldı”.

Şəhər sakini Ağaqulu İsayev: “Mən həmin hadisəni eşidəndə bir saniyəlik özümə gələ bilmədim. Çünki bu cür insanın heykəli təzə qoyulub və üstündən bir neçə saat keçib. Amma cavan uşaq gəlib onu qırır. Sadəcə bir anlıq düşündüm ki, görəsən gəncliyimiz hara gedir?".

Şəhər sakini Safura Tağıyeva: “Mən Zaqatala rayonundanam. Bizim rayonda “Tala” məscidinin inşası məhz Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdı. O, təkcə bu rayon üçün deyil, ümumiyyətlə bütün Azərbaycan xalqı üçün bənzərsiz və əvəzsiz işlər həyata keçirib. Ona görə həmin şəxsiyyətin heykəlini qıran şəxs çox utanmalı və vicdan əzabı çəkməlidi”.

Şəhər sakini Şəhla Ağaquluyeva: “Xeyriyyəçi insanın abidəsinə ziyan vermək həm həmin şəxsə, həm də, həmin heykəli düzəldən insana qarşı çox böyük hörmətsizlikdi. Ən azından zəhmətə qarşı ədəbsizlikdi. Heç olmasa əməyə və sənətə hörmət qoyulmalıdı”.

Digər xəbərlər