PDF Oxu

Sosial

  • 6 336

Xoşbəxtliyini zəhmətdə tapan sahibkar - MÜSAHİBƏ

Xoşbəxtliyini zəhmətdə tapan sahibkar - MÜSAHİBƏ

Akif Şahbazov: “Mən qətiyyətlə deyirəm ki, təhsil millətimizin gələcəyidir. Təhsilsiz uğur yoxdur. Sahibkarlıq isə ən böyük ibadətdir”.

"Sumqayıt Dostlar Klubu"nun idarə heyətinin üzvü Akif Şahbazovun orijinal düşüncə tərzi, həyata, dövlətçiliyə, sahibkarlığa, işsizlik problemlərinin həll olunmasına aid maraqlı fikirləri mənim xoşuma gəldiyinə görə, belə qərara gəldim ki, Akif Şahbazovla çoxminli oxucularımızı da yaxından tanış edim və fikirlərini onlarla da bölüşüm. Gəlin danmayaq ki, bu gün Azərbaycan dövlətinin inkişaf etməsi üçün orijinal düşüncəli, yüksək təfəkkürli insanlara çox böyük ehtiyacı var. Elə bu vaxt, dahi Şəhriyarın bir maraqlı deyimi yadıma düşdü:

-Bizdən qabaqdadır avropalılar,

İşi-işbilənə tapşırır onlar.

Qısa arayış: Akif Səfər oğlu Şahbazov 1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaqlı kəndində zəhmətkeş ailədə anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinfinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da mənfur, nankor ermənilərin türklərə olan nifrəti səbəbindən ona qızıl medal verməyiblər. Akif Şahbasov 1987-ci ildə ordu sıralarına çağırılıb və Moskva vilayətinin Serpuxova şəhərində hərbi xidmətdə olub. Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı terror əməlləri başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideynləri də Qərbi Azərbaycanda yaşayan həmvətənlilərimiz kimi Ermənistandan deportasiya olunublar və Sumqayıt şəhərində məskunlaşıblar. Akif də hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Ailə vəziyyəti ağır olduğuna görə Akif Şahbazov ilk əmək fəaliyyətinə Sumqayıt Boru Brokat zavodunda çilingər kimi işə başlayıb. Belə olan təqdirdə Akif Şahbazov qərara gəlib ki, ali təhsilini yalnız axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə Sankt-Peterburq şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. Oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən, hörmət bəslənilən bir tələbə olub Akif Şahbazov. 1996-cı ildə ali təhsilli mütəxəsis kimi bu universiteti bitirib. Bu altı ildə iş yerində də Akif Şahbazovun inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi zavoduna Boru Brokat zavodundan köçürmə yolu ilə gəlib. Burada olan Metal-Qab zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Onun bacarığını, savadını görüb az bir vaxtda burada vəzifə pillələrində inkişaf edərək kadrlar şöbəsinin rəisi, material üzrə mühasib, baş mühasib olub.

Elə həmin vaxtı “Azərikimya” Dövlət Şirkəti yaranıb. Şirkətin nəzdində də Təmir-Tikinti idarələri fəaliyyətə başlayıb. Akif Şahbazovu da 9 nömrəli təmir-tikinti idarəsinin baş mühasibi təyin edirlər. Sonra onu 1 nömrəli təmir-tikinti idarəsinin baş mühasibi vəzifəsinə keçirirlər. Bu artıq həmin dövr idi ki, Mixail Qorbaçovun yenidənqurma siyasəti nəticəsində SSRİ dağılmağa doğru gedirdi. Həmin dövrdə də artıq iş yerlərinin bağlanması, müəssisələrin çökməsi, parçalanması prosesi başlamışdı. Uzaqgörən Akif Şahbazov da artıq başa düşürdü ki, bu ölkənin sonu yaxınlaşır. Əgər burada qalıb işləsə gələcək üçün heç bir perspektivi olmayacaq. Ona görə də çevik hərəkətlə 1991-ci ildən sahibkarlıq fəaliyyətinə başlayır. Belə ki, həmin vaxtı Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətə başlamaqla özünü sahibkarlıqda sınayır. Əsas işi də məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlar satdırmağa başlayır. Həmin vaxtı da belə mallar Azərbaycanda qıt idi. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görə və məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığına görə bu boşluğu doldurmaq məqsədi ilə, geniş çeşidli etmək üçün Mərkəzi Univermağın yaxınlığındakı “Sputnik” adlı sənaye malları univermağında icarəyə yer götürür. Beləliklə, 1993-cü ildə Bakı və Sumqayıtda xüsusi məktəbli malları, dəftərxana materialları olan ilk mağazanı Akif Şahbazov açır. Bununla da imkanları bir az da genişləndirir. Az bir vaxtda artıq Sumqayıtdakı Sülh küçəsində mağaza alır və həmin mağaza məktəbli malları və dəftərxana ləvazimatlı mağaza olur. Sonra həmin mağazanın ikinci mikrayonda filiallarını açır. Artıq sahibkarlıqda lazım olan təcrübə əldə eləyən Akif Şahbazov belə qərara gəlir ki, bu malları özü istehsal etmək üçün bir müəssisə yaratsın. Bununla bağlı ayrıca yer götürür və ora lazım olan aparatlar, maşınlar gətirməklə məktəbli malları və dəftərxana ləvazimatları olan məhsullar istehsal etməyə başlayıb və ayrıca mətbəə-poliqrafiya yaradır. Bu müqəddəs işdən möhkəm yapışan Akif Şahbazov uzun illərdir ki, məktəb malları və dəftərxana ləvazimatları istehsal etmək sahəsində ən yaxşı mütəxəssis olub və yaratdığı böyük mətbəə, poliqrafiya respublikada tanınır. Burada həm də bədii, sənədli kitablar çap etdirməklə və bu kitabları da öz mağazalarında satdırmaqla, çox böyük müştəri kütləsi əldə edir, kitabsevərləri də ətrafına toplaya bilir. Sumqayıtdakı bütün məktəblilər və yaşlı oxucular məhz Akif Şahbazovun mağazalarına gəlirlər. Çünki bu mağazalarda Sumqayıtdakı bütün mağazalardan həm məktəbli mallarına, dəftərxana ləvazimatlarına və həm də kitablar çox ucuz qiymətə satılır. Bu məhz elmlə, ziyalılarla bağlı olduğuna görə Akif Şahbazov bu işi özünə müqəddəs iş və şərəf bilir.

- Akif müəllim. Söhbətimizin əvvəlində siz dediniz ki, hər hansı bir məktəblinin Sumqayıtda tapa bilmədiyi kitabı gəlib bizim mağazadan çox ucuz qiymətə tapmasını özümə şərəf bilirəm.

- Bəli, elədi. Çünki tərif üçün demirəm. Mən də orta məktəbi əla qiymətlərlə oxuduğuma görə, kitaba marağım çox böyükdür. Kitaba marağı olan məktəblinin də istədiyi və çətin tapılan kitabları gəlib bizim mağazadan almasına həm o, özü sevinir, həm də biz sevinirik. Onların bu sevinci mənə elə xoş gəlir ki, yadıma özümün məktəb illərində axtardığım kitabı tapanda sevinməyim yadıma düşür. Bu sevinci də sözlə ifadə etmək çətindir. Bununla da həmin məktəbli bizim mağazanın daimi alıcısı olur. Dostlarını da bura gətirir. Eləcə də yaşlı oxucular da bir dəfə bizim mağazaya gəlməklə və burada olan qiymətlər onları tam qane etdiyinə görə, bizim mağazanın daimi alıcısı olurlar. Onlar istədiyi kitabı biz, haradan olsa tapıb, onun istədiyi qiymətə gətiririk. Biz artıq otuza qədər məktəbli və məktəbə qədər uşaqlar üçün də kitablar çap etmişik. Bu kitabları həm müəllimlər və həm də şagirdlər böyük həvəslə alırlar. Məhz buna görə də Sumqayıtdakı bütün məktəblər bizimlə işləyirlər. Çünki bu kitablar bizim mağazada başqa mağazalardan çox ucuz qiymətədir. Mən qətiyyətlə deyirəm ki, təhsil millətimizin gələcəyidir. Təhsilsiz uğur yoxdur. Əgər biz dünya ölkələrində ermənilərə qalib gəlmək istəyirksə, mütləq təhsilli olmalıyıq. Təhsilimiz yoxdursa, biz düşmənlərimiz ermənilərə və başqalarına qalib gələ bilmərik. Çox şükür ki, Azərbaycan dövlətində təhsilə böyük önəm verilir. Dünyanın heç bir ölkəsində belə bir statistika yoxdur ki, bir sinifdə oxuyan 20 şagirdin hamısı ali məktəbə qəbul olunur. Bu, Azərbaycanda var, özü də Sumqayıt şəhərində. Sumqayıt məktəbliləri hər il olimpiadalarda birinci yerə çıxırlar. Bu da sevindirici haldır. Sevinirik ki, həmin məktəblilər bizim mağazalardan da lazım olan kimi bəhrələnirlər.

-Sahibkarlığı hərə bir cür dərk edir, halbuki, sahibkarlıq milli burjuaziyamızın yaranması deməkdir. Əgər ölkəmizdə sahibkarlar çox olarsa, iş yerləri də çox olar və bu sahibkarlar ölkə iqtisadiyyatının inkişafına da böyük köməklik edərlər. Ona görə də dünyanın inkişaf etmiş ölkələri sahibkarlara böyük şərait yaradırlar. Siz bilən, əsl sahibkar necə olmalıdır?

-Sahibkar olan insan, neytiral olmalıdır. Heç bir siyasətə, dövlətin işinə qarışmamalıdır. Sahibkar olaraq yalnız arzulamalıdır ki, nələrisə qursun, yaratsın. İşçi sayını artırsın. Mənim düşüncəmə görə əsl sahibkar pulu hesablamamalıdır. Əsl sahibkar pul haqqında düşünməməlidir. Sadəcə işinin genişləndirilməsi, perspektivi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin funksiyası və ən əsası da yüksək mütəxəssis olan işçilərinin sayının artırılmasına çalışmalıdır. Sahibkarlıq ən böyük ibadətdir. Çünki sahibkar öz işçilərinə yaxşı əmək haqqı verirsə, onun işçilərinin ailə üzvləri yaxşı yaşayırsa, bax, bu elə ibadətdir. Sahibkar halal zəhmətlə qazanan, rəqabətdən qorxmayan insan olmalıdır. Həm də sahibkarda paxıllıq hissi olmamalıdır. Ümumiyyətlə, paxıllıq insanı məhv edən ən naqis əməldir. Paxıl olan adam qabağa gedə bilməz. Sahibkarlığa başladığım gündən daxilimdə paxıllıq hissini öldürmüşəm. Sahibkarlıqda rəqabət mühiti olmalıdır. Əgər rəqabət yaranmırsa həmin sahibkar tənbəl və arxayın adama çevrilir. Rəqabət mühiti olanda mən gecə-gündüz fikirləşirəm elə bir iş görüm ki, bunu heç kim bacarmasın. Ona görə də ağlımı işlədirəm. Sahibkarın çox iti ağlı, öz işini genişləndirmək üçün böyük, uzaqgörən siyasəti olmalıdır. Çeşidi artırmağa böyük fikir verməli, ayrı-ayrı ölkələrdən keyfiyyətli məhsullar gətirməyin ən asan və düzgün yolunu tapmalıdır. Beləliklə, rəqabətsiz inkişaf yoxdur. Əlbəttə, mən sağlam rəqabəti deyirəm. Elə sözümün bu yerində bir məsələni də vurğulamaq istəyirəm ki, Məktəbli Ailəsinin inkişafında və pandemiya dövründə ayaq üstə durmağımızda Sahibkarlığın İnkişafı Fondu, Aksess Bank və Xalq Bank bizə maliyyə dəstəyi göstərib. Buna görə onlara kollektivimiz- Məktəbli Ailəsi adından dərin təşəkkürümü bildirirəm. Bu da bilavasitə ölkə başçımız cənab İlham Əliyevin sahibkarlığın inkişafına böyük dəstəyi deməkdir.

-Sizin təşkilatınızda işləyənlər Azərbaycanın bütün bölgələrindən olan, bacarıqlı insanlardır. Eşitmişəm ki, sizin yerlibazlığa, qohumbazlığa, tayfabazlığa münasibətiniz çox pisdir. Bu, doğrudanmı belədir?

-Ümumiyyətlə, qohumbazlıq, tayfabazlıq, yerlibazlıq hər sahədə məhvedici, iyrənc işdir. Belə yerdə inkişafdan söhbət gedə bilməz. İnsan ruhla bağlı olmalıdır. Sahibkarlıqda altıncı, yeddinci hissiyyat hökmən olmalıdır. Əgər bir adamda həmin hisslər yoxdursa o, sahibkar ola bilməz. Ona görə də sahibkar özünün yüksək hissləri ilə işçiləri yaxşı tanımağı bacarmalıdır. Öz işçilərini sınağa çəkməlidir. Artıq burada yerlibazlıq keçməyəcək. Çünki sən bütün işçilərə eyni cür yanaşmalısan. Əsasən də işçinin bacarığı, ağlı, savadı, işgüzarlığı səni qane eləməlidir. Əgər işçi sənin ümidini doğruldursa, sənin dediyin işləri yüksək səviyyədə yerinə yetirirsə, deməli, o, artıq elə sənin ailənin üzvüdür. Sahibkar özünün yaxşı işçilərinə öz ailəsinin üzvü kimi baxmasa, onlara ailə üzvləri kimi inanmasa, onda işləri qabağa gedə bilməz. Mən də yeri gələndə öz qohumumu işə götürürəm. Amma o, işin öhdəsindən gələ bilmirsə, bacarıqsızdırsa, mən onu işdən azad eləyirəm. Mənim üçün doğma olan öz işinin öhdəsindən gələn adamdır. Müştərini təkrar müştəriyə çevirmək isə menecerdən, satıcıdan asılıdır. Mən təkcə sahibkar deyiləm və həm də kadr hazırlayan rəhbərəm. Onlara əmək haqqı verə-verə gördüyü işləri də öyrədirəm. Bizim sahəmiz qeyri spesifik sahədir. Bura ərzaq mağazası deyil. Ona görə də burada işləmək çox çətindir. Gərək bu sahədə işləyənlər insanların xarakterini mükəmməl bilməli, alıcılarla xoş rəftarı həddindən artıq çox olmalıdır. Hətta müştərilərə satdığı məhsulun adının niyə belə olduğunu, keyfiyyətinin hansı formada olmasını, hətta yazıçıların kitabı və məktəb kitabları haqqında onların məlumatı olmasına qədər hər şeyi öyrədirik. Adi bir misal. Adamların çoxu bilmir ki, Vatman kağızı niyə belə adlanır? Biz satıcılara öyrədirik ki, bu kağızı Vatman soyadlı adi bir insan icad elədiyinə görə, onun şərəfinə Vatman kağızı adlanır. Bizim sahədə satıcı ən gözəl peşədir. Hətta valideynlərə məsləhət görərdim ki, öz ovladlarının gələcək uğurlarını görmək istəyirlərsə, qoy onlar satıcı işi ilə həyata başlasınlar. Bu sahədə insanlarla təmas qurduqca onları daha yaxşı tanıya bilərlər. Çünki satıcı ilk gündən özündə böyük cavabdehlik hiss edib, vaxtında işə gəlir, vaxtında qidalanır və evdən çıxanda fikirləşir ki, mən müştərilərlə ünsiyyətdə olacam, ona görə də geyimimə, özümün baxımlı olmağıma, alıcılarla danışığıma ciddi fikir verməliyəm. Həm də satdığı mallar haqqında böyük məlumatı olur. Hətta eyni malın birinin niyə ucuz və o birinin niyə baha olduğuna qədər onlara öyrədirəm. Deyirəm ki, su nəqliyyatı ilə gələn mallar ucuz olur, yol nəqliyyatı ilə gələn həmin mallar baha olur. Alıcılara bunu da deyin ki, qoy bilsinlər. Eləcə də Asiya ölkələrində, Çində əl əməyi və xammal ucuz olduğuna görə həmin məhsullar da ucuz olur. Beləliklə, artıq bizdə satıcılar bir psixoloq kimi yetişirlər. Satıcılara həmişə deyirəm ki, satış rinqə bənzəyir. Bilin ki, siz alıcılarla rinqdəsiniz. Ona görə də siz öz sahənizi mükəmməl bilməlisiniz ki, qalib gələsiniz. Və həmin müştərini təkrar müştəriyə çevirməlisiniz ki, bundan sonra o, istədiyi məhsulu almaq üçün yalnız bura gəlsin və öz yaxın tanışlarını da bura gətirsin.

-Bu il ölkə başçımız tərəfindən Azərbaycanda “Şuşa ili” elan olunub. Sizin 44 günlük Vətən müharibəsinə və “Şuşa ili” elan olunmasına ziyalı kimi münasibətiniz necədir?

-44 günlük Vətən müharibəsi, 200 ildən sonra Azərbaycan xalqının ən böyük qələbəsidir. Burada Ali Baş Komandanımız cənab İlham Əliyevin və qüdrətli ordumuzun əməyi, igidliyi danılmazdır. Əlbəttə, bu müharibədə biz itkilər də verdik. Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizin canını sağlam eləsin. Məhz onların sayəsində biz qalib gəldik. Biz iş adamı olaraq, tez-tez xarici ölkələrdə bizneslə bağlı səfərlərdə oluruq. Orada ermənilər də olurdu. Əvvəllər biz, birinci Qarabağ savaşında məğlub olduğumuza görə utanırdıq. Allah Prezidentimizin canını sağ eləsin ki, indi başımızı dik tuturuq. İndi ermənilər utandığından başlarını aşağı dikirlər. Bizim üçün bundan böyük fəxarət ola bilərmi? Əlbəttə, yox. Prezidentimiz və rəşadətli ordumuz, igidlərimiz artıq namusumuzu, qeyrətimizi, mənliyimizi, kimliyimizi özümüzə qaytardı. Bax, indi xarici ölkələrdə başı dik gəzib, ermənilərin yanında da şəstlə dayanıram və onların səhvlərini də üzlərinə deyirəm. Onlar da mənimlə razılaşırlar. Çünki qalibi müzakirə etmirlər. Qalib, öz sözünü demiş fatehdir.

Qaldı bu ilin “Şuşa ili” elan olunmasına çox yüksək baxıram. Çünki Şaşa bütün azərbaycanlılar üçün ən müqəddəs bir yerdir. Axı bütövlükdə Qarabağ və əsasən də Şuşa artıq xalqımızın müqəddəs Məkkəsi, Mədinəsi, Kərbəlasıdır. Ora uzun illər bizim mədəniyyət mərkəzimiz olub. Şuşadan çox böyük dahilərimiz çıxıb. Hətta Şuşanın müsəlman ölkələrinin mədəniyyət mərkəzi olunmasına da çox sevinirəm. Bu da təqdirəlayiqdir. "Şuşa ili" isə “Qarabağ Azərbaycandır!” deyiminin möhürüdür. Mədəniyyət deyəndə ilk öncə Şuşa yada düşür. Şuşa millətimizin tacıdır. Cənab prezidentimiz İlham Əliyevin apardığı siyasəti də xalqımız həmişə dəstəkləyir. Bilirsiniz ki, ermənilər tarixən oğru olan bir toplumdurlar. Onlar bizim mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, rəqslərimizi (yallılarımızı), tarixi abidələrimizi, kilsələrimizi, musiqi alətlərimizi, mətbəximizi oğurlayıblar. Bu ilin “Şuşa ili” elan olunması ilə bir daha tarixə möhür vurulur ki, Şuşa tarixən bizim olub və həmişə də bizim olacaq. Eləcə də sevimli Prezidentimizin bu sərəncamı ilə həmin oğru, yalançı toplum olan ermənilərin belini sındırırıq. Bununla onları dünya millətlərinin yanında xar, biabır eləyəcək. Bax, bu ən böyük informasiya qələbəsidir. İnanmıram ki, bundan sonra ermənilər Şuşanın adını dillərinə bir daha gətirməyəcəklər.

Məşhur filosof Pol Qladelin belə bir maraqlı kəlamı var: “Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar”. Biz də düşmənlərimizin yanında indi ucadan öz haqqımızı deməliyik ki, onlar bizi eşitsinlər. Dost ölkələrin yanında isə astadan danışmalıyıq ki, bizə qulaq asıb, yenə də nə lazımsa köməklik eləsinlər. Atalarımız da deyib ki, “dost sözünü acı deyən yox, dost acı sözü şirinliklə deyə biləndir”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Digər xəbərlər