Sularımız axarlı olsun
Axarlı olsun ki, torpaqlarımız bar-bərəkətli, süfrələrimiz bol ruzili, canımız sağlam olsun. Axı su həyatdır. Su varsa, həyat var, o, həyatın özüdür. Qədim inanclara əsasən dünyanın yaranmasında iştirak edən su, yel, od, torpaq kimi dörd ünsürün özünəməxsus yeri var. Belə ki, bu ünsürlərin insan və təbiət üçün əsas həyati əhəmiyyət daşıması şifahi yaradıcılıq nümunələrində öz əksini tapmışdır.
Elə ki, böyük çillə yerini kiçik çilləyə, kiçik çillə isə Boz aya verdi, ta qışın “hökmranlığı” sona yetir, havadan bahar ətri gəlir, xalqımız üçün müqəddəslik rəmzi, inanc və adət-ənənələr toplusu olan Novruza dörd çərşənbədən ibarət yolçuluqbaşlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə Novruz bayramına hazırlıq da elə su ilə başlanılır və Boz ayın ilk çərşənbəsi su çərşənbəsi adlanır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Belə ki, hələ gün doğmamışdan hamı su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanarlar. Xalqın inamına görə Su çərşənbəsi günü su üstündən atlananlar azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilər. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və sair bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Həmin sudan həyət-bacaya, əkin, təsərrüfat heyvanlarının saxlandığı yerlərə çiləyərlər ki, ruzi bol olsun.
Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.Bəzi yuxuların suya danışılması ilə insanı izləyən qorxuların dəf olunmasına inam, “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Su kiçiyindir, yol böyüyün”, “Su gəldiyi arxa bir də gələr”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”və digər bu kimi nümunələr suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğunu sübut edir.
Su kimi ucuzmu? Əksinə, sudan qiymətli heç nə yoxdur.
Elə su çərşənbəsi ərəfəsində şəhərimizdə fəaliyyət göstərən karqo şirkətlərindən birinin xarici ölkələrdən çatdırılma ilə bağlı belə bir reklamına rast gəldim: Su kimi ucuz. Düşündüm ki, suya ucuz demək olarmı? Əsla. Çünki həyat üçün xüsusi əhəmiyyəti olan sudan qiymətli heç nə ola bilməz. Su tək gün ərzində ehtiyac duyulduqca stəkan-stəkan içilərək susuzluq ehtiyacını ödəyən nemət deyil. Nəfəs aldığımız havada, qəbul etdiyimiz qidaların hər birinin tərkibində, bizi əhatə edən ətraf aləmin hər kiçik zərrəsində müxtəlif faizdə su vardır. Lakin, çox təəssüf ki, bu əvəzsiz nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Yer kürəsinin 2/3-si sudan ibarət olsa da, hazırda elə dünyada böyük problemlərdən biri də su qıtlığıdır. Qlobal istiləşmə XXI əsrin insanını su sarıdan “imtahana çəkir”, çətin sınaqlarla üz-üzə qoyur. Dünya ölkələrinin əksəriyyətində bir ovuc su həsrəti ilə yaşayanlar var. Onlar su əldə etmək üçün evlərindən minlərlə kilometr uzaqlaşmalı olur, iki-üç gün istifadə edəcəkləri su üçün bir həftə vaxt sərf edirlər. Yəqin bu reklamı yazanlar ölkəmizin bol, saf, təmiz suları qarşılığında bəzi dünya ölkələrinin su problemlərindən xəbərsizdilər ki, onu belə-ucuz adlandırırlar.
Susuz həyat olmasın…
Su məkansızdır. O, yerdən çıxır, göydən axır, torpaqdan qaynayır... Su həm də dünya mifoloji düşüncəsində yaradıcı başlanğıc, bəzi təsəvvürlərdə su, torpağı “doğmağa” məcbur edən canlıdır. Su insan və təbiətə can verir. Su həyatımıza baharı gətirir, ağacları çiçəkləndirir, onlara bar bəxş edir. Yayı verir insanlara, sevdiyimiz yaşıl rəng suyun əsəridir. Payızı hədiyyə edir bizə, romantikalar, rənglər fəslini. Sarının bütün tonlarını ətraf aləmə ərmağan edən yarpaqlar yayın yaşılının son anıdır. O anın yaradıcısı isə yenə də sudur. Su ömrümüzə qışı gətirir. Ağappaq rəngdə qışın qarına, yazınsa barına çevrilir. Füsünkarlığı ilə mənəvi gözəlliklər bəxş edir həyatımıza. Yağış olub yağır su, tarlalara, zəmilərə həyat verir. Su çay olub axır, göl olub durur, gözəlliyi ilə göz oxşayır. Su sevdiyimiz dənizlər, okeanlardır. Su suvarma suyu olub insanların alın tərinə qarışır, onların zəhmət nəğməsinə çevrilir. Uca dağların sinəsindən daş saflığı, təmizliyi, günəşdən paklıq alıb evlərimizədək “gəlir”, hər damlası ilə qiymətsiz bir nemət kimi gözlərə işıq verir. Belə isə susuz həyat olmasın. Su çərşənbəniz mübarək! Su ömrünüzə axarından, saflığından, təmizliyindən, aydınlığından, həyatınıza dəyərindən pay versin!..
Mətanət MƏMMƏDOVA
Əməkdar jurnalist