Bəşər dünyasının yaranması, formalaşması, inkişaf etməsi, yenilənməsində əsas rolu məhz qadınlar oynayır. Quzu məntiqin aydınlada bilmədiyi zülmət dalanları keçmək üçün ruhumuzu və qəlbimizi məşəllə işıqlandıran, bizə insani dəyərlərimizi hər zaman xatırladan, həyat dərsləri verən məhz- Qadınlardır. Qadın anadır, bacıdır, övladdır və həyat yoldaşıdır.Türk və İslam tarixində qadın ən yüksək zirvə hesab edilmiş, o zirvəni qorumaq, onun keşiyini çəkmək ən müqəddəs vəzifə hesab edilmişdir.Hal-hazırda Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimaisiyasi həyatında yaxından iştirak etməyə başlamışdır. Qadınlarımız sürətlə maariflənməyə, inkişaf etməyə, cəmiyyətdə rol almağa başlasa belə, yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmış, ana dilimizin, mədəniyyətimizin ən etibarlı dayağı olmuşlar. Keçmişdə də, bu gün də Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət etmişdir. Onlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşımışlar. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəsisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan xanımlarımızın da əməyi yüksək qiymətləndirilir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur.Söz xəzinəmiz “Kitabi-Dədə Qorqud” eposunda “Ana haqqı-Tanrı haqqı” hesab edilmiş, onun müqəddəsliyi bütün boylarda bədiiliklə təsvir olunmuşdur.“KitabiDədə Qorqud”da qadın bir övlad, gələcək nəsil yetişdiricisi kimi tərbiyədə müxtəlif üsullardan istifadə edirdi. Bu yeri gələndə nəsihət, yeri gələndə cəzalandırma, yeri gələndə isə övlada yaxşı işlərinə görə edilən tərif, verilən ləyaqətli adlar ola bilərdi. Əsrlərin təcrübəsindən bəhrələnərək bugünkü günümüzdə də böyüyə, kiçiyə hörmət, əldən öpmə, baş endirib bağır basmaq və s. kimi əxlaq qaydaları yaşamaqda davam edir. Dastanda çoxarvadlılıq olmamış, kişi evin dirəyi, qadın ürəyi, övlad isə bəzəyi hesab edilmişdir. Ata evi tərbiyə ocağı idi, övlad ailədən kənar böyüdülmür, məhz ailədə qadın tərəfindən tərbiyə olunurdu. Bəli, övlad əziz idi, lakin nənə-babalarımızın dediyi kimi, ”Tərbiyəsi ondan da əzizdir uşağın”.Həyatın əsasını təşkil edən qadınlara həm dünya ədəbiyyatında, həm də Azərbaycan ədəbiyyatında geniş yer verilmişdir. Dahi şairimiz Nizami Gəncəvi öz poemalarında Azərbaycan qadınlarının ağlı, sədaqəti ilə fars və yunan hökmdarlarından yüksəkdə durduqlarını göstərmişdir.Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.Azərbaycan Respublikası Prezidentinin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.Qadının cəmiyyətdəki rolunu və əməyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çoxsaylı qərarlar qəbul etmiş, tədbirlər görmüşdür. 2006-cı il 6 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlər Komitəsi yaradılmışdır. 2006-cı il 10 oktyabr tarixində isə “Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur.
Hüseyn Ələkbərov
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin müəllimi