Gündəlik həyatımızda müxtəlif nəqliyyat vasitələrindən davamlı olaraq istifadə edirik. İctimai nəqliyyat çox sayda tamamilə fərqli insanın yaxın təmas yeridir. İctimai nəqliyyatda hər bir sərnişinin əməl etməli olduğu müəyyən davranış qaydaları var. Bütövlükdə ictimai nəqliyyatda davranış qaydaları bütün insanlar üçün eyniyyət təşkil edir.
İctimai davranış qaydalarına laqeydlik əxlaqi dəyərlərin də oturuşmasını əngəlləyir. Müşahidələr göstərir ki, davranış qaydalarının ən çox pozulduğu yerlərdən biri ictimai nəqliyyat sahəsidir.
Hər hansı bir ictimai nəqliyyat növünə daxil olarkən riayət qaydalarına əsasən uşaqlar, qadınlar və qocalar, eləcə də əlillər ilk növbədə daxil olmalıdırlar. İnsanlar minməyə kömək etmək istədiklərini ifadə edərək bunun üçün mütləq icazə istəməlidirlər.
Bir kişi və ya bir gənc tramvaydan, trolleybusdan və ya avtobusdan enən ilk olmalı və ehtiyac duyanların hamısına, məsələn qadınlara, qızlara, uşaqlara və ya yaşlılara çıxdıqda lazımi yardımı göstərməlidir. Nəqliyyatdan çıxmaq üçün əvvəlcədən hazırlaşılmalıdır.
İctimai nəqliyyatdan istifadə edərkən ünsiyyətdə xoş, diqqətli, təmkinli olunmalıdır.
Şəhərdaxili yollarda müxtəlif qəzalar zamanı xəsarət alanların böyük hissəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərdir. Bu nəqliyyat vasitələrinin toqquşması zamanı, sərnişinlərin özləri tərəfindən təhlükəsizlik qaydalarına ciddi əməl edilməməsi ilə əlaqədardır.
Çox vaxt sərnişinlər bir avtobusa və ya tramvaya minməyə tələsirlər, sürücülər isə ictimai dayanacaqlarda daha sürətlə yola düşürlər. Bu zaman bir çox hallarda sərnişinlər bir-birinə dəyirlər, çünki çox adam tutacaqlardan yapışmır. Belə hallarda təkcə özlərinə deyil, digər sərnişinlərə də xəsarət yetirirlər.
Sərnişinlərin özlərini xaric edərək, yol qaydalarının sürücü və piyadalara şamil olunduğunu və yalnız sürücünün məsuliyyət daşıdığını düşünməsi çox yanlışdır. Hər kəsin öz məsuliyyəti var.
Pandemiya səbəbi ilə dövrümüzün əsas problemlərindən biri də ictimai nəqliyyatda insanlar arasında sosial məsafəni qorunması ilə əlaqədar məsələlərdir. Həqiqətən məcbur olub ictimai nəqliyyatdan istifadə edən şəxslərin mütləq əməl etməli olduqları məsələ sosial məsafədir. Əvvəlki kimi nəqliyyatda hər hansı bir tanış gördükdə əllə salamlaşmaq, öpüşmək və ya qucaqlaşmaq lazım deyil. Karantin qaydaları müəyyən qədər yumşaldılsa belə, yenə də ictimai nəqliyyatda maskadan istifadə, təmizliyə riayət edilməlidir.
İctimai nəqliyyatdan istifadə qaydalarını pozmaqla insan yalnız özünün deyil, digərlərinin də həyatı üçün təhlükə yaratmış olur. Ona görə də qaydaları pozmamağa və bununla da təhlükə yaratmamağa diqqət edilməlidir.
Ləman Əlizadə