Son zamanlar Azərbaycanda bəzi gənclərin intihar etməsi hallarına daha çox rast gəlinir. Xüsusilə, gənclərin intiharı seçməsi problemi doğuran səbəblərin araşdırılmasını zərurətə çevirir. Hər il yeni-yeni intihar hadisələri müşahidə olunur. Hansı şəraitdə baş verməsindən asılı olmayaraq bu cinayətin adı özünəqəsd, intihardır. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb.
Şəhər sakini Validə Gülüyeva: “Gənclərimizin, uşaqlarımızın bu cavan yaşlarında intihar etmələrinə çox heyiflənir və pis oluram. Axı, gənclər bizim gələcəyimizdir. Onları bu yola kimlərin və ya nələrin vadar etdiyini bilmirəm. Amma düşünürəm ki, intiharların 90%-nin səbəbi ailədən qaynaqlanır. Ailə daxilində baş vermiş münaqişələr uşaqlara, xüsusilə yenityetmələrə çox təsir edir. Bu baxımdan düşünürəm ki, valideynlər hər zaman uşaqlarını diqqətdə saxlamalıdırlar”.
Şəhər sakini Nəbi Mehdiyev: “Bu, çox pis haldır. Son vaxtlar əsasən qızların intihar etməsini müşahidə edirik. Ümumiyyətlə onların intihar etdikdən sonra səbəblərini araşdırdıqda valideynin diqqətsizliyi, laqeydliyi ortaya çıxır. Uşağın hər hansı bir dərdi olur və onu ailəsi ilə, valideynləri ilə paylaşa bilmir. İntihar edən uşaqlarda yox, indiki valideynlərdə problem var”.
Şəhər sakini Raziyə Bəhramzadə: “Gənclərin intihar etməsi ürəkağrıdan bir haldır. Çünki onlar bizim gələcəyimizdir. Ümumiyyətlə bir daha bu cür halların yaşanmaması üçün məktəblərdə, universitetlərdə maarifləndirmə işləri aparılmalıdır. Uşaqların, xüsusilə də yeniyetmələrin fikirlərini öyrənmək lazımdır. Bəzən elə olur ki, uşağın dərdi olur, amma heç kimlə o dərdi bölüşə bilmir. Bir müddətdən sonra isə o, bunlara dözməyərək intihar edir. Ona görə də, böyüklər daim uşaqlarla ünsiyyətdə olmağı bacarmalıdırlar”.
Şəhər sakini Anar Səyid: “Gənclərin, xüsusilə də yeniyetmələrin intihar etmələri çox dəhşətli bir haldır. Onların intihar etmələrinin səbəbi ətrafındakı insanlardan, ailədaxili münaqişələrdən qaynaqlanır. Düşünürəm ki, elə əsas səbəb də ailədən qaynaqlanır. Çünki indiki valideynlər uşaq ilə normal münasibət qura bilmir. İntihar edən gənclərin yox, valideynlərin psixologiyası yoxlanılmalıdır”.
Şəhər sakini Gülnarə Abbasova: “Çox pis haldır. İntihar edən gənclərin ailələrini şiddətlə qınayıram. Çünki günahkar onlardır. Əgər, uşağın bir problemi varsa, valideyn onunla maraqlanmalıdır”.
Şəhər sakini Rəvan Baxışov: “Doğrudur, son zamanlar ölkəmizdə gənclərin intihar etməsi halları çoxalıb. Bu çox pis haldır. Biz bacardığımız qədər gənclər arasında maariflındirmə işləri aparırıq ki, bu hallar yaşanmasın”.
Şəhər sakini Rəfiqə Əliyeva: "Nə olursa-olsun ilk növbədə valideyn uşağı ilə maraqlanmalıdır. Əgər, onun bir dərdi varsa, valideyni ilə bölüşməlidir. Valideyn buna şərait yaratmalıdır. Çox təəssüflər olsun ki, indiki valideynlər bunu bacara bilmirlər".
Arzu Qurbanzadə