PDF Oxu

Sosial

  • 21 153

Hansı hallar orucu batil edir? - ARAŞDIRMA

image

Orucu nə pozur və ya oruc necə pozulur? Bu cür suallar Ramazan ayının ən maraqlı mövzularındandır. Duş qəbul etmək, göz, qulaq və burun damcısı istifadə etmək, yeməyi və su içməyi unutmaq orucu pozarmı?

Ağzı su ilə çalxalamaq orucu batil edir?

İstər dəstəmaz, istər təmizlik, istərsə də sərinləmək üçün oruc tutanın su ilə ağzını yaxalaması orucu pozmayan hallardandır. Lakin su boğaza girərsə, oruc pozulur.

Duş qəbul etmək orucu pozur?

Ağızdan və burundan su udulmadıqca oruc pozulmur. Oruc tutanda çimməyin heç bir zərəri yoxdur. Lakin oruc tutanda vanna qəbul edərkən suyun qulaqlara, ağıza və buruna getməməsinə maksimum diqqət yetirilməlidir.

Əgər oruc tutanda qüsl alarkən ağıza su daxil olarsa, qəza orucunun qəzası tutmalıdır. Ancaq qulağa gedən suyun mədəyə çatmadığı elmi şəkildə sübut olunduğu üçün orucu pozmadığı müəyyən edilmişdir.

Saqqız çeynəmək orucu pozur?

Günümüzdə istehsal edilən saqqızların tərkibində ağızda əriyən əlavələr olduğundan, nə qədər diqqətli olsanız da, onları udmaqdan qaçınmaq mümkün deyil. Bu səbəblə bu növ saqqız orucu batil edir. Ancaq əvvəllər heç bir qatqısı olmayan saqqız orucu batil etmirdi.

Dişləri fırçalamaq və ya müalicə etmək orucu pozur?

Dişləri fırçalamaq orucu pozmaz. Lakin diş məcunu və ya su boğaza girərsə, oruc pozulur və qəzası lazımdır. İmsakdan əvvəl və iftardan sonra dişlərin fırçalanması məqsədəuyğundur.

Dərman qəbul etməli olanlar oruc tutmalıdır?

Ramazan ayında oruc tutmamağı halal edən üzrlərdən biri də xəstəlikdir. Xəstə və dərman qəbul edən insanların oruc tutmamağı normal qəbul edilir. İmkanlı insanlar bunun qarşılığında nəzir verir. Orucun əsas ünsürü yemək, içmək və cinsi əlaqədən çəkinməkdir.

Zəkat vermənin konkret vaxtı var?

Zəkat vermənin konkret vaxtı yoxdur, fərz olduğu andan etibarən verilməlidir. Bunun üçün müəyyən ayı və ya Ramazanı gözləməyə ehtiyac yoxdur.

Məlhəm, sarğı və ya dərmanlı bantlardan istifadə orucu pozur?

Dəridəki məsamələrə görə vurulan yağ, məlhəm və buna bənzər şeylər sorulur və qana qarışır. Həmçinin, bu, yeyib-içmək demək deyil. Bu baxımdan, dəriyə vurulan məlhəm və dərmanlar orucu pozmaz.

Odekolondan istifadə etmək və ətir vurmaq orucu pozarmı?

Oruc tutanların dezodorant, ətir və ya odekolondan istifadə etmələri caizdir. Odekolon, ətir və krem ​​yemək-içmək kateqoriyasına daxil deyilsə, bu, orucu pozmaz.

Çaşıb yemək və su içməyi unutmaq orucu pozur?

Unudub yeyib-içmək orucu pozmaz.

SİA məsələ ilə bağlı araşdırma apararaq din xadimlərinin fikirlərini öyrənib.

Din xadimi Mircəfər Əyyubov: “Udqunmaq orucu batil etmir. Orucu batil edən yeməkdir. Yeməyin fərqi yoxdur. Çörək də yesə, torpaq da yesə orucu batildir.

Ümumiyyətlə, udlaqdan nə isə getdisə, oruc batil olur. İçməyə gəldikdə isə fərqi yoxdur, halal, ya haram içkilər içsin. İçki orucu batil edir.

Kişi və qadın münasibətləri orucu batil edir. Qüsl etmədən oruc tutmaq olmaz. Çünki bu zaman oruc batil olur. Mayelərlə imalə etmək orucu batil edir.

Udqunmaq, ağız suyunu udmaq orucu batil etmir. Şəriət insanı məngənəyə salmır, sadəcə, normal, insanın edə biləcəyi yasaqlar qoyur.

Gözə, buruna dərman töksəniz, əgər o dərman boğaza getməsə batil olmur, getsə isə batil olur. Birinin başı ağrıyırsa, hər hansı bir xəstəliyi varsa dərman içməsin, dərman içsə batil olacaq. Onun əvəzinə iynə vurdursun.

Diş çəkdirmək əgər boğaza nəsə getməsə olar. Oruc halında hamama getmək çimmək tövsiyə olunmur, çünki bunlar insanı zəiflədir və zəifləyəndə dözümsüz olur. Amma bir nəfər çimsə eybi yoxdur, ağzına su getməmək şərtilə bu olar. Amma başı bütöv suyun altına salmaq, hovuzda çimmək olmaz. Qan vermək cüzi analiz üçün olsa eybi yoxdur. Amma əməlli-başlı qan vermək o insanı zəiflədə bilər. Ona görə də tövsiyə olunmur.

Yatmaq orucu batil etmir. Səfərə çıxmaq orucu batil edir ki, sonra bir gün qəza tutmalı olursan”.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Hacı İbrahim Quliyev: "Orucluq İslam şəriətində ən mühüm ayinlərdən biridir. Buna görə də hər il Ramazan ayı başda olmaqla digər aylarda da bəzi oruclar var. Lakin Ramazan ayının orucu vacib oruc hesab edilir. Çünki Qurani-Kərimdə də, peyğəmbərimizin sünnəsində də, hədislərində də bəhs olunur ki, hər kəs Ramazan ayına yetişsə, gərək bu ayı oruc tutsun. Buna görə də Ramazan ayına aid şəriət kitablarında bəzi qanunlar var.

Yaxşı olar ki, oruc tutanlar həmin qayda-qanunları öyrənə və onlara riayət edənlər. Əks halda özləri də bilmədən orucları batil olar.

Orucu batil edən bir neçə əməl var. Əgər insan bunları qəsdən yerinə yetirərsə, heç şübhəsiz ki, onun orucu batil olacaq.

Yaxşı olar ki, Ramazandan sonra həmin orucları qəza etsin. Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə şübhəsiz ki, onun orucu batildir. Udlaqdan mədəyə ötürülən hər bir şey orucu batil edər.

Lakin oruc tutan şəxs bir şeyi səhvən yesə və ya içsə şübhəsiz ki, onun orucu batil olmaz. Səhvən orucunu pozan adam sübh azanını eşidən kimi dərhal ağzındakı yeməyi çıxarmalıdır. Əgər qəsdən udsa, yenə də onun orucu batil olar.

Hətta bu, o qədər incə bir məsələdir ki, İslami mənbələrdə qeyd edilir ki, əgər oruc tutan dişinin arasında qalan hər hansı bir qırıntını, məsələn çörək, ət qırıntısı kimi və s. onu udsa yenə də onun orucu batil olmuş olar. Amma ağız suyunu udmaq, turş şeyləri xəyala gətirib ağız sulandığı halda onu udmaq belə şeylər orucu batil etmir.

Bundan başqa cinsi münasibət də orucu batil edər. Yalan İslamda günahdır. Adi şəraitdə yalan danışmaq orucu batil etməz. Amma Allahın adına, məsələn Quranda, olmayan bir ayəni Quranda varmış kimi demək və yaxud da peyğəmbərimizin buyurmadığı bir hədisi onun adına qəsdən demək orucu pozmuş olar.

Əksər alimlərin gəldikləri qənaət bundan ibarətdir ki, əgər bir adam qatı tozu boğaza çatdırarsa məsələn qəlyan, siqaret kimi və s. həmin şəxslərin orucu batil olur. Başı tamamilə suya salmaq, çay kimi, dəniz, hovuz kimi yerlərə kəllə vurmaq tamamilə bütöv bədəni suyun altına batırmağa deyilir. Amma hamamda çimmək və yaxud bir insanın başına hər hansı bir əşya ilə su tökməsi şübhəsiz ki, orucu pozmaz.

Əlbəttə, digər bəzi məsələlər ki, xanımlara aid olan aylıq məsələlərdir və s. Bunlar da orucu pozmuş olur. Əgər bir adam oruclu olduğu halda qəsdən özünü qusdurarsa, onun orucu batil olur".

Ayşən Vəli

Digər xəbərlər