Boşanma insan həyatının bir hissəsidir. Bütün dünyada boşanmağa icazə verilir. Demək olar ki, hər yerdə insanlar boşanmanı təəssüf doğuran, lakin bəzən zəruri hadisə kimi qəbul edirlər.
İnsanlar niyə boşanır?
Şiddətli davalar, artıq sözlər, zarafatları başa düşməmək, çox televizora baxmaq, qarşı tərəfə qulaq asmamaq, sərxoş olmaq, cinsi münasibətdən imtina etmək qadın və kişilərin evliliyi bitirmək üçün irəli sürdükləri səbəblərdən yalnız bir neçəsidir. Lakin dünyada insanların ər-arvad münasibətlərini bitirməsinə səbəb olan bəzi ümumi vəziyyətlər var.
Xəyanət bu siyahının başındadır. Xüsusilə, qadın tərəfindən olunan xəyanətin sonu boşanma ilə bitir. Sonsuzluq ikinci yerdədir. Kişilərin zorakılığı isə boşanmaların üçüncü səbəbidir.
Boşanma nisbətləri gənclərdə maksimum həddə çatır. ABŞ-da boşanma riski həm kişilər, həm də qadınlar üçün 20-24 yaş arasında ən yüksək həddədir. Birləşmiş Millətlər Təşkilatının illik demoqrafik məlumatlarına görə, boşanmalar adətən, evliliyin dördüncü ilində baş verir.
ABŞ-da boşanmış qadınların 75%, kişilərin 80%-i yenidən evlənir. Evlilik insanı ənənəvi cəmiyyətdə yetkin şəxs kimi təyin etdiyi üçün bütün dünyada boşanmış insanlar özlərinə yeni həyat yoldaşı tapırlar.
Boşandıqdan sonra yenidən aşiq olmaq boşanmadan sonra ağla gələn ilk problemlərdən biridir. Amma bundan da böyük problem var. Boşandıqdan sonra xoşbəxt olmaq. Araşdırmalar qadınların boşandıqdan sonra həyatlarından daha çox razı olduqlarını ortaya çıxarıb. Bəs niyə? Qadınların boşandıqdan sonra niyə daha çox xoşbəxt olurlar?
Bir qadının boşanmaq istəməsinin səbəbləri
-Tərk edilmiş və əlacsız qalan qadın boşanma tələbi ilə uşaqlarına qulluq üçün aliment tələb edə bilər.
- Əri orta yaş depressiyasındadır. Ər həyat yoldaşının maddi və mənəvi təminatını təmin etmir. O, hətta eqoist davranır və gələcəkdə ümumi rifahı pozacaq davranışlar da edir.
- Ər zorakı və təhqiramiz davranışlar sərgiləyir.
- Ərin nikahdan kənar münasibəti var və ər kimi üzərinə düşən vəzifələri yerinə yetirmir.
Keçmiş ərləri tərəfindən fiziki zorakılığa məruz qalan qadınlar günümüzdə kifayət qədərdir. Qadınlar övladlarının şiddətli zorakılığa məruz qaldıqları şəxslə görüşməsinə icazə verməkdən çəkinirlər.
Ümumiyyətlə, məsələ bütün dünyada eynidir. Öz ayaqları üzərində dayanmaq imkanı verilməyən bir çox qadın üçün evlilik çıxış yolu kimi görünür. Bu, bir adamın digərinin üzərində hökmranlıq etməsi halıdır. Ölkəmizdə müəyyən bir təbəqə var ki, zorakılığı dəstəkləyir. Əri tərəfindən zorakılığa məruz qalan qadın boşanaraq öz ayaqları üzərində durmağa çalışır. Daha sonra bu qadınlar bəzi təbəqələr tərəfindən psixoloji şiddətə məruz qalır.
Türkiyədə qadınlar boşanmaq və ya ərlərindən ayrılmaq istədikləri zaman həyatları təhlükə altına düşür. Lakin bu hal təkcə Türkiyədə deyil, bizdə də var. Son zamanlar isə vəziyyət getdikcə şiddətlənir. Əgər bir qadın boşanmaq istəyirsə, onun həyatı necə təhlükədə ola bilər?! Ölkəmizdə boşanmaq ayıb və namus məsələsidir?
Kişilər boşandıqları qadınları niyə öldürürlər? Burada hansı psixoloji məqamlar var? SİA mövzu ilə bağlı araşdırma apararaq psixoloq və ekspertlərin fikirlərini öyrənib.
Psixoloq Leyla Fətəli: “Birinci növbədə diqqət etməliyik ki, kişi nə üçün boşanır? Kişi boşanır, yoxsa kişini boşayırlar? Digər məqam isə boşanma razılaşma yolu ilə olub, yoxsa kişinin hər hansı bir yanlışından dolayı baş verib?
Bu tip hallar əsasən kişinin pis vərdişlərinə görə olur. Kişi əsasən ailəsini və qadınını kimləsə bölüşə bilmədiyi üçün belə edir. Bu özü də bir psixoloji pozuntudur. Bu, “mənim deyilsə, heç kimin olmasın” deməkdir. Kişi nə düzəlməyə çalışmır, nə də sahib olduğunu sahiblənməyi bacarmır. Bu, ailədən gəlir. Ailədə travma alan kişi “səni öldürəcəm” kimi ifadələrdən çox istifadə edir. Ölümlə hədələnən uşaqların travmasıdır bu.
Valideynlər uşaq yetişdirərkən işlətdiyi ifadələrə diqqət etməlidirlər. Hətta uşağı düzgün şəkildə cəzalandırmalıdırlar ki, onlar böyüyüb şəxsiyyət olduqda bu tip yanlışlıqlara yol verməsinlər.
Heç bir ağıllı kişi qadınına xəsarət yetirməz və ya onu öldürməz. Belələri psixoloji problemi olan adamlardır”.
Sosioloq Əhməd Qəşəmoğlu: “Doğrudur, bəzi kişilər boşandığı qadınları qətlə yetirir. Bu, əvvəla, həmin kişilərin özünün fərdi psixoloji xüsusiyyətlərindən asılıdır. Hər bir insan cinayət törədə bilməz.
İnsanın davranışına təsir edən 4 amil var: fərdi psixoloji xüsusiyyətlər, mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər. Kişilərin boşandığı həyat yoldaşını öldürməsinin səbəbini bu dörd amildə axtarmaq lazımdır.
Müəyyən adamlar var ki, doğulduqdan etibarən cinayət törədə bilmək psixoloji xüsusiyyətdə olurlar. Amma bəzən mühit amili həmin xüsusiyyəti bloklaya, bəzən isə inkişaf etdirə bilir. 50 il bundan öncə çox nadir hallarda kişi boşandığı həyat yoldaşını qətlə yetirərdi. İndi isə bu hallar çoxalıb. Əgər xalq həmin xalqdırsa, deməli, mühit dəyişib.
İndiki dövrdə bütün Qeyri-Hökumət Təşkilatları qadın azadlığını, boşanmış qadınların sərbəst olduğunu vurğulayır. Lakin boşanmış qadının ərini maarifləndirmək sahəsində proseslər inkişaf etmir. Həmin kişi başa düşmür ki, boşandığın qadına irad tutmağa artıq sənin heç bir səlahiyyətin yoxdur. Amma ortada mənəvi amillər, ictimai qınaq var. Ona görə də mühit şərait yaradır ki, bəzi kişilər qısqanclıq zəminində boşandığı həyat yoldaşını öldürsün. Burada da onların aldığı informasiyalar əsas rol oynayır. Çünki bu informasiyalar maarifləndirici xarakterdə deyil. Eyni zamanda, insanlar düşünür ki, bu qadın mənim həyat yoldaşım olubsa, onun istənilən bir hərəkəti mənim namusuma təsir edir. Bu istiqamətdə həmin kişinin üstünlük verdiyi dəyərlər ortaya çıxır. Bütün bunların təsiri nəticəsində bəzi kişilərin belə bir addım atmasına münbit şərait yaradır".
Psixoloq Vüsalə Əmiraslanova: "Bu hal hər 10 kişidən birində müşahidə oluna bilər. Ümumiyyətlə, boşanma prosesi Azərbaycan cəmiyyəti üçün hər zaman ağır olaraq qalır. Bəzən boşanma prosesində kişi tərəfi daha çox psixoloji zədə alır. Daha sonra onda qisas hissi yaranır.
Əgər kişidə heç bir psixi problem və ya kənardan müdaxilə yoxdursa o zaman öldürmə hallarına az rast gəlinir. Demək ki, ailə modelində çox boşluqlar olub. Həmçinin, narkomaniya, alüdəçilik və şiddətə meyillilik də əsas səbəblərdən biridir.
Bəzən müşahidə edirik ki, psixi problemi olan şübhəçi kişilər düşünür ki, yoldaşını tək qoysa o digər kişi ilə ailə quracaq və ya övladı da digər şəxslə böyüyəcək. Bu zaman da qadından qurtulmağı düşünürlər. Burada problem çoxdur".
Ayşən Vəli