Cəmiyyət

  • 527

Ailələrin dağılmasının qarşısını almalıyıq - EKSPERT ŞƏRH ETDİ

image

"Azərbaycan mental dəyərlərinə görə nikah, toy, ailə qurmaq müqəddəs anlayış sayılır. Tarix boyu da, indi də nikahın pozulmasına cəmiyyətdə yaxşı baxmayıblar. Amma dünya dəyişir. Dünya dəyişdikcə həyat tərzi dəyişir, yeni ailə modelləri meydana gəlir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, son vaxtlar mənfəət uğruna toyların edilməsi, hesablı nikahların bağlanması bir müddətdən sonra ailələrin boşanmasına gətirib çıxardır: "Daha sonra isə ailəsi dağılan qızı heç kim oğlu, qardaşı, qohumu üçün almaq istəmir. Eyni zamanda, dul qadın və kişi obrazı Azərbaycanda müsbət xarakterizə olunmur. Boşanan şəxslərə mürəkkəb xasiyyətli, sağlamlığında problem olan və ya pis vərdişlərə qurşanmış biri kimi baxırlar. Halbuki dünyanın hər yerində ailədə problem yaşanan zaman bunun psixoloji, mənəvi həlli baş tutmadıqda insanlar boşanırlar və övladlarının sarsıntı keçirməməsi üçün çalışırlar ki, dost münasibəti saxlasınlar".

Ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanda isə boşanma olan zaman sanki 3-cü Dünya Müharibəsi baş verir: "Əvvəllər qızlar boşanan zaman valideynlər kəskin reaksiya verirdilər. Amma valideynlər də çox vaxt unudurlar ki, heç kim öz səadətini bədbəxtçiliklə əvəz edilməsini istəməz. Müəyyən problemlər nəticəsində insanlar öz ailə münasibətlərinə son qoyurlar. Boşanan qadınlar da bəzən problemlər yaşayırlar. Onların əksəriyyəti boşandıqdan sonra iqtisadi cəhətdən özlərini təmin edə bilmirlər. Bu cür düşüncə tərzi ilə yaşayan cəmiyyətdə hər zaman qadın ikinci növ insan kimi qiymətləndirilir və ona qarşı psixoloji, mənəvi basqılar olur. Lakin son zamanlar ölkədə dəyişikliklər görülür. Artıq valideynlər övladlarının taleyi ilə oynamırlar, bədbəxt olmaqlarındansa boşanmalarına razı olurlar. Bütün bunların qarşısını almaq əsas məsələlərdən biridir. Çünki ailə kiçik bir dövlət, dövlət isə ölkəni gələcəyə aparan bir formatdır. Bu formatın dağılmasını istəmiriksə, ailələrin də dağılmasının qarşısını almalıyıq".

Digər xəbərlər