PDF Oxu

Sosial

  • 3 773

“Wolt”lar evlərimizə ölüm daşıyır... - BAXIŞ BUCAĞI

“Wolt”lar evlərimizə ölüm daşıyır... - BAXIŞ BUCAĞI

Bəzən bilərəkdən, bəzən də bilmədən sağlamlığımızı təhlükə qarşısına qoyuruq. Nə yeyirik, nə içirik, gün boyu orta və ali məktəblərə, işə yola saldığımız övladlarımız nə ilə qidalanır, heç bu barədə düşünürükmü? Məncə əsla düşünmürük. Bəlkə də elə son illər artan xəstəliklərin səbəbi bizim bu məsuliyyətsizliyimizdir. Bəlkə yox, doğrudan, bu, belədir. Harada nə gəldi alıb qidalanmaq, nə gəldi içməklə susuzluğu yatırmaq zaman-zaman müalicəsi olmayan xəstəliklərin qapımızı döyməsinə səbəb olub. Bütün bunları bilənlər də var, təsdiq edənlər də. Lakin hələ də bu barədə düşünən yoxdur. Əksinə, biz sağlamlığımız üçün təhlükəli olan yeməkləri evimizə “dəvət” edir, özümüz öz əlimizlə ölümümüzü yaxınlaşdırırıq. Məsələn, bu gün şəhərdə hər addımda qarşılaşdığımız “Wolt”lar səhərin sübhündən gecə yarısınadək evlərimizə nə daşıyır? Heç bu barədə vaxt tapıb düşünmüşükmü?

Vaxt var idi ki...

Saysız xəstəliklərlə üz-üzə dayananda nənə-babalarımızın zamanına nəzər salaraq deyirik ki, vaxt var idi ki, insanlar səhərdən axşamadək çöldə-bayırda çalışırdılar, nə bir xəstəlikləri olurdu, nə də bir şikayətləri. İndi dünyanın bu çağında-müasir texnologiyaların bütün işləri yüngülləşdirdiyi bir zamanda xəstəxanalarda xəstə əlindən yer yoxdur. Görəsən bu insanlara nə olub?

Nə olacaq? Yəqin ki, düşünməyə vaxt tapa bilmirik. Elə nənə-babalarımızın dediyi kimi, vaxt tapıb papağımızı qarşımıza qoyub düşünmürük. Düşünmürük ki, bu bəlalar qapılarımızı niyə bu qədər döyür. Axı vaxtilə insanlar daha çox işləyirdilər, bizdən qat-qat aşağı şəraiti olan evlərdə yaşayırdılar. Gündüz axşamadək qadınlarımız əllərində paltar yuyub durulayıb sərirdi, hər öynə yeməkdə nə qədər qab-qacaq yuyurdular. Qazın başında dayanmadan-durmadan ailəsi üçün yemək hazırlayır, hələ üstəlik qışa mürəbbə, kompot, turşu tədarükü də edirdilər. Hələ kənd yerlərində təsərrüfat işlərində çalışan qadınları demirəm. Lakin o zamanların qadınları ilə indiki qadınlarımızın sağlamlığını müqayisə etsək, görərik ki, onlar indikilərdən qat-qat sağlam idilər. Elə kişilərimiz də. Sübh çağından gün batanadək çalışırdılar. Yorulub əldən düşürdülər. Lakin sabahısı gün yenə eyni enerji ilə işə yollanırdılar. Çünki qidalar təbii idi. Nə yeyirdisə insan, ondan minlərlə sayda vitamin alırdı. İş zamanı itirdiyi enerjini bu qidalarla bərpa edə bilirdi. Süfrəsi üçün əksər məhsulları özü istehsal edirdi. Üstəlik bazara da çıxarırdı. İndi isə kəndli, şəhərli, hər kəs işdən əl götürüb, qalıb bazarların, marketlərin yollarında. Nəticə isə göz qarşısındadır. Nə o sağlam insanlar var, nə də sağlam qidalar.

Bütün bunlar bir yana, hələ kafe, restoranlardan hazır yeməklər də sifariş etməyə başlamışıq. Müxtəlif dadlar bizim ağız dadımızı o qədər oxşayır ki, öz mətbəximizdən çox onlara müraciət edirik. Beləliklə artıq yemək hazırlamaq da bəzi qadınlar üçün son plana düşüb.

Polkovnik Sandersin toyuq budları,

yoxsa Fatma nənənin qovurma dürməyi?

İndi küçədə hər saniyə qarşılaşdığımız “Wolt” lar evlərə yemək daşıyırlar. Maraqlıdır ki, onları gecə saatlarında, yəni 23-dən sonra da görmək olur. Düşünürsən ki, yaxşı, bunların daşıdıqlarını qoyaq bir kənara, bəs bu saatlarda yemək olar məgər? Sən demə olarmış, nə deyə bilərik.

Onların daşıdıqları yeməklərdən söhbət açaq bir az. Polkovnik Sandersin bir neçə otlardan yaratdığı ədviyyatlar qatılımış toyuq budları, “Strips” “Çiken Mc Nuggets”, “Spaysi Çizzi”, “Çizburqer”, sehrli toyuq qanadları, frilər, dadlandırıcı çoxsaylı souslar, ketçup, nə bilim, xardallı sous, yanında da Coca cola gün ərzində dayanmadan-durmadan evlərimizə daşınır. Daşınsın, sözümüz yox. Biz özümüz də gedib kafe, restoranlarda onlardan yeyə bilərik, lakin necə deyərlər, bu, ayda-ildə bir dəfə ola bilər. Bunu gündəlik qidamıza çevirmək isə, təbii ki, sağlamlığımıza öz əllərimizlə vurduğumuz zərbədir.

Belə nəticəyə gəlmək olar ki, ya biz ta yemək hazırlamaqdan bir dəfəlik əl götürmüşük, ya da evdə hazırladığımız yeməkləri ailə üzvlərinə bəyəndirə bilmirik ki, bu “Wolt”ların əlindən şəhərdə tərpənmək olmur.

Sandersin dadlı toyuq budlarından danışarkən adını nənələrimizin simasında ümumiləşdirdiyim Fatma nənənin ət qovurması dürməyini xatırlamaya bilmədim. İndi Fatma nənə sağ qalsaydı, bəlkə də gördüklərindən ürəyi partlayardı. Deyərdi ki, gör nə günə qalmışam ki, Sanders gəlib mənim nəvələrimə yeməyini yedirdir. Bəs mənim əsrlərlə hazırladığım, dadına doyulmayan qovurmam, ondan balalarıma tutduğum dürməklər hara getdi. Heç bir əlavə qatqısı olmayan, tam təbii şəkildə hazırlanan qovurmanın Sandersin toyuq budlarından nəyi əskikdi ki, gecə-gündüz onları yeyirsiniz, amma doymaq bilmirsiniz? Axı günah valideynlərdədir. Onlar istəsəydilər uşaqlarına elə öyrədərdilər ki, onlar da meyillərini ancaq mənim qovurmama salardılar. O toyuq budları hansı şəraitdə bişirilir, bir dəfə istifadə edilmiş yağda daha nə qədər toyuq budları qızardılır, bilirsiniz? O sousların tərkibindən xəbəriniz var? Allah bilir ki, nələr vurulur onlara ki, dadlı olsunlar, həm də tez xarab olmasınlar. Hələ kartofu necə qızardırlar, İlahi? Nə bilirsiniz ki, o qızardılan yağdan təkrar qızartmada neçə dəfə istifadə olunub.

Yaziq Fatma nənə, doğrudan da dünyasını dəyişməsəydi, indi haray salmışdı. Əsasən gənclərin meyil etdiyi üçün onların valideynlərinə üz tutub deyərdi ki, hanı mənim ətri haradan haraya yayılan ət qovurmam, o quyruq yağında qıpqırmızı qızartdığım kartof? Hanı mənim öz əllərimlə hazırladığım pomidor, bibər sousları, min bir adda milli mətbəx nümunələri? Niyə uşaqlarınızı bu yeməklərə alışdıra bilməmisiniz? Niyə icazə verirsiniz ki, onlar bizə yad mətbəxin yeməklərindən bu qədər istifadə edirlər? Onda görəsən bizlər nə cavab verəcəkdik?

Uşaqlarla bacarmırıq?..

Həmişə yaxamızı qurtaran cavabı verəcəkdik: uşaqlarla bacarmırıq, zəmanə dəyişib. Lakin bu cavab sadəcə dediyim kimi yaxamızı ittihamlardan qurtarmaq üçün verdiyimiz cavabdır. Həqiqətdə isə uşaqlarla bacarmırıq deməyə haqqımız yoxdur. Çünki onları bu vəziyyətə özümüz gətirmişik. Burada söhbət tək onların qidalanmasından getmir, bütün sahələrdə bu gün uşaq, yeniyetmə və gənclərimizdə gördüyümüz qüsurlar biz valideynlərin qüsurudur. Görünür ki, onlara lazımi vaxt ayıra bilməmişik.

Hazırda uşaq, yeniyetmə və gənclərimizin meyil etdiyi yeməklərlə qidalanmasında da xüsusilə biz analar günahkarıq. Çünki onlarla lazımi söhbət aparmırıq. İşimiz asan olsun deyə kənardan evlərimizə yeməklərin daşınmasına göz yumuruq. Serial xəstəliyinə yoluxmağımız, bütün internet şəbəkələrində fırlanmağımız mətbəxin yolunu unutdurub bizlərə. O mətbəxə məxsus yüzlərlə dadlı-tamlı yeməkləri bişirməyi yadırğamışıq. Kompotları da, mürəbbələri də hazır almağa meyil etmişik. Tənbəlliyimiz o yerə gəlib çıxıb ki, “Wolt” lar hər gün qapımızı döyməli olub. O qapının açılması ilə içəriyə nəyin girməsinin isə fərqində belə olmuruq. Bu qidaların gələcəkdə övladlarımızı hansı çətinliklərlə, xəstəliklərlə üz-üzə qoyacağını düşünmürük. Hələ üstəlik özümüz də övladlarımıza qoşulub həmin qidaları yeməyə yollanır və ya böyük şövqlə evlərimizə sifariş edirik. “Wolt”larsa...

“Wolt”lar evlərimizə ölüm daşıyır

Sözün həqiqi mənasında, bu, belədir. Kiminsə inciməyindən, küsməyindən, etirazından asılı olmayaraq belədir. Özünü hər cür müdafiə edənlər olar bu söhbətdə: niyə o yeməklərə nə olub? Onlar belə şəraitdə hazırlanır, bu cür təbii nemətlərdən istifadə olunur və sair. Lakin gəlin heç olmasa aradabir həqiqətləri də görə bilək. Ən azından özümüzə, gələcəyimizə yazığımız gəlsin. Bir fakt söyləyim: sifariş verəndən sonra 13-14 dəqiqəyə qapıya çatan yemək nə dərəcədə keyfiyyətli ola bilər? Bunu necə, düşünən olubmu?

Evdə həmin kənardan aldığımız yeməklərə bənzər bir yemək hazırlamaq üçün ən azından 1-2 saat vaxt lazım gəlir. Bəs belə isə, “Wolt”larla sifariş göndərənlər bunu necə dəqiqələr ərzində icra edir? Elə bu cəldliyin özü sübut edir ki, yeməklər əvvəlcədən hazırlanıb saxlanılır, sifariş verilən kimi qızdırılıb mənzilbaşına göndərilir. Bu yeməklərlə qidalananlar isə nəticəni hələ bu gün deyil, sabah görə biləcəklər. Bu gün görə bilmədiyimizi sabah görəndə isə artıq gec olacaq. Elə fəsadlarla qarşılaşacağıq ki, o xəstəxana, bu xəstəxana gəzib dərdimizə dərman axtaracağıq.

Elə “Wolt”ların daşıdığı yeməklər olmasın, kənardan sürəkli aldığımız, istifadə etdiyimiz bütün yeməkləri, mənşəyini bilmədiyimiz ərzaqları, təbiisini axtarıb tapmaq əvəzinə bazar-marketlərdə üzümüzə “gülən” tərəvəzləri nə qədər ki, bol-bol alırıq, bəladan kənar olmayacağıq. Genetik modifikasiya olunmuş məhsullar azmış kimi, bir də kənardan alıb qidalandığımız yeməklərin nəticələrini bir neçə ildən sonra biləcəyik. Artıq gec olandan sonra bəlkə oyanaq bu rəngli yuxudan. Lakin məncə həmin oyanışı gələcəyə saxlamaq lazım deyil. Bu gün səhvlərimizi düzəltmək elə də çətin deyil, sadəcə səhd göstərməliyik.

Uşaqlarımızın gələcəyi naminə onları başa salmalıyıq. Kənardan yemək yeməyin davamlı olmamasını anlatmalıyıq. Vaxtımızı sərf etdiyimiz əyləncələrdən ayrılıb mətbəxə keçməliyik. Qolumuzu çırmalayıb ailəmizin yeməyini hazırlamalı, mətbəximizin min bir adda gözəl yeməklərini övladlarımıza tanıtmalıyıq. Onları öz mətbəximizin yeməklərinə alışdırmalıyıq. Ən əsas olan alışdırmaqdır. Əgər alışdıra bilirsənsə, gələcəkdə heç bir problemlə üzləşmirsən. Yox, əgər özünə əziyyət verib bunu bacara bilmirsənsə, onda bil ki, “Wolt”lar evlərimizə ölüm daşıyır. Buna hər zaman hazır olaq...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər