“Uşaq bağçalarında daim problem olub. Çünki bura nisbətən qapalı bir müəssisə hesab olunur. Uşaqlarla davranış və onların qidalanması bağça müdriyyəti və oradakı işçilərin təsiri altındadır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Sovet vaxtından bəri bağçalarda problem olub: “Çox yaxşı haldır ki, bağçaların nəzarəti Təhsil Nazirliyinə həvalə olunub. Çünki əvvəllər İcra Hakimiyyəti orqanlarına tabe idi və qida məsələsi də orada həll olunurdu.
AİB 4 il əvvəl tele-layihə çərçivəsində uşaq bağçalarında monitorinqlər aparmış və qidaların anti-sanitar vəziyyətdə olduğu müşahidə edilmişdir. Biz bunu ictimailəşdirmişdik”.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “AQTA yarandıqdan sonra bu sahədə bağçalarda müəyyən işlər aparılır. AQTA və Təhsil Nazirliyi 1600-dən çox bağçaya öz sahəsi üzrə nəzarət edərək monitorinq aparır. Qidalarla bağlı neqativ hallar müşahidə olunur. Düşünürəm ki, bu işlərin nəticəsində bağçalarda vəziyyət yaxşılaşacaq. Lakin biz o zaman ən yüksək nəticələrə nail olarıq ki, burada KİV-in də iştirakı olsun. Həmçinin, valideyn təşkilatları da iştirak etsin.
Özəl bağçalarda isə qeyri-şəffaflıq mövcuddur. İctimaiyyətin buradan xəbəri yoxdur. Lakin AQTA-nın burada iş aparmaq hüququ var. AİB olaraq valideynləri fəal olmağa, problemlə qarşılaşdıqda 1003 AQTA "Qaynar xətti"nə məlumat verməyə çağırırıq”.
Ayşən Vəli