Sosial

  • 3 251

Piknikdən sonra ətrafı niyə çirkləndiririk? - ARAŞDIRMA

image

Yaz və yay aylarında insanların asudə vaxtlarını dəyərləndirməsi üçün ən gözəl istirahət növlərindən biri piknikdir. Piknik uyğun açıq şəraitdə - adətən parkda, göl kənarında və ya maraqlı mənzərəsi olan hər hansı təbii şəraitdə bir günlük səfər zamanı baş verən yemək və istirahət üçün fəaliyyətdir.

Bu gün dünyanın hər yerində müxtəlif piknik mədəniyyətləri mövcuddur. Təbiət qoynunda yemək bişirmək də piknikin bir hissəsidir. Xüsusilə maraqlı pikniklərdə açıq havada oyunlar və ya digər əyləncələr həyata keçirilir.

Piknik sözü 18-ci əsrdə ortaya çıxsa da, “piknik” anlayışının orta əsrlərdən bəri mövcud olduğu və bugünkü pikniklərin tarixinin zəngin insanların təşkil etdiyi ov məclisləri üzərində qurulduğu iddia edilir.

18-ci əsrdə Fransada piknik açıq hava hadisəsi deyil, hər kəsin yemək və içki gətirdiyi və bəzən musiqi və rəqslə söhbət etdiyi qapalı bir tədbir idi. Fransız İnqilabı zamanı İngiltərəyə qaçan fransız aristokratları vasitəsilə ingilis aristokratları arasında piknik yayıldı. Viktoriya dövründəki İngiltərədə piknik yuxarı siniflərin stolları, stullarını, salfetlərini, kristallarını və qulluqçularını götürdüyü bir hadisə idi və status simvolu idi. Piknik əvvəllər daha çox fəhlə sinfi arasında geniş yayılmışdı.

Ölkələr üzrə piknik adətləri:

Argentina

Argentinada Milad bayramları zamanı pikniklər adi haldır. Sahildə və ya evlərinin bağçasında qızardılmış və ya qovrulmuş keçi, hinduşka və ya donuz əti yeyilir.

Avstraliya

Avstraliyada pikniklər üçün xüsusi bayram var: avqustun ilk bazar ertəsi “Dəmiryol İrsi Piknik Günü” kimi qeyd olunur. Bazar ertəsi bayram olduğu üçün ailələr piknik etmək və kəndir çəkmək, rəqs etmək və mahnı oxumaq kimi əyləncələrlə dolu uzun həftə sonu keçirmək imkanına malikdirlər. 19-cu əsrdə dəmiryolçular və dövlət qulluqçuları tərəfindən qoyulan bu ənənə bir müddət kəsilsə də, 1930-cu illərdən bəri davam etdirilir.

Yaponiya

Yaponiyada yaz mövsümündə sakura və hanaminin (çiçək seyr festivalı) çiçəklənməsini qeyd etmək üçün pikniklər çox məşhurdur. Burada evdə hazırlanan yeməklər və ya çöldən alınan qəlyanaltılar istehlak edilir. Orta əsrlərdə aristokratların sakura çiçəkləməsi ilə bağlı vaka şeirləri yazmaq adəti zaman keçdikcə xalq tərəfindən mənimsənilmiş və albalı ağacları altında gəzintilərə çevrilərək geniş yayılmışdır.

Piknik səbətində nə olmalıdır?

Zeytun, pendir, mürəbbə, qaynadılmış yumurta kimi səhər yeməyi.

Xəmir növləri, mərciməkli köftələr.

Dolma növləri.

Tortlar və ya kekslər.

Çay, qəhvə və sərinləşdirici içkilər.

Boşqab və bıçaq.

Termos.

Piknik örtüyü.

Şortlar və uzun donlar piknikə gedərkən geyinmək üçün ən rahat paltarlardır. İstəyirsinizsə, yüksəkbel cins şort geyinərək maraqlı stil yarada bilərsiniz. Kətan şortlar həm də piknik üçün ən xilaskar parçalardan biridir. Üst geyimə gəlincə, siz rahat olacağınız krop toplar və tulumlar geyinə bilərsiniz.

Piknikdə top oynamaq və iplə tullanma kimi ənənəvi piknik əyləncələri ilə yanaşı, stolüstü oyunlar da çox zövq verir. Nərd oynamaq, kəndir çəkmə, toplarla voleybol və ya digər top oyunları kimi əyləncəli fəaliyyətlər bura daxildir.

Dostlarla piknik üçün nə almaq lazımdır?

Manqal

Kömür

Şiş

Manqalda bişiriləcək materiallar (ət, küftə, toyuq, kolbasa və s.)

Tərəvəzlər: Badımcan, bibər, pomidor, soğan.

Çay üçün trmos və ya samovar.

Masa örtüyü.

Saxlama qabları

Bəs, piknikdən sonra yaranan anti-sanitar vəziyyətlə bağlı nə etməliyik? Bu tullantılarla necə mübarizə aparmalıyıq? Qarşısı necə alınmalıdır? İnsanlar niyə belə edib ətraf mühitə zərər verir? SİA mövzu ilə bağlı araşdırma apararaq ekoloq və ekspertlərin fikirlərini öyrənib.

Ekoloq Cəmşid Quliyev: “Bu bizim ağrılı problemlərimizdən biridir. İnsanların təbiətə münasibəti onların məlumatlılığından asılıdır. Onların davranışı bu məlumatlılığın göstəricisidir. İnsanlar bilməlidir ki, onlar gedib istirahət etdikləri təbiət guşəsi ən azından restoran deyil. Yəni, onların arxasınca tökdüklərini toplayacaq bir personal yoxdur. Bu işi onlar özləri görməlidirlər. İlk öncə bilməlidirlər ki, əgər onlar tökdükləri zibilləri toplamasalar bunlar böyük fəsadlara yol aça bilər. Bu ilk növbədə orada yaşayan çöl heyvanlarına və oraya yaxın olan yaşayış evlərinə də zərər verir. Heyvanlar bu tullantılardan zərər çəkirlər. Məsələn, atılmış qida qalıqları heyvanlar tərəfindən dərhal yeyilərsə bəzən bu faciə ilə nəticələnmir. Lakin bir qədər qalıb kiflənəndən sonra canlıları zəhərləyə bilər.

Həmçinin, piknikdən qalan konserva qutuları heyvanların ayaqlarına ilişərək zərər verə və bu zədədən o başqa bir şəkildə tələf ola bilər. Bütün bu tullantılar onların həyatı üçün təhlükə yaradır.

Orada hər hansı bir quyu qazılaraq tullantılar basdırılmalıdır ki, ətraf zibillənməsin. Hətta canlılara zərər verməsə belə, estetik cəhətdən orada dincələn insanlar üçün narahatlıq yaradır. Hər dəfə yeni bir yeri zibilləyib hər tərəfi zibilxanaya çevirmək insani bir davranış deyil”.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov: “Piknikdən sonra ərazini zibilli qoyub getmək mədəniyyətsizliyin göstəricisidir. İnsanlar bura istirahət üçün gəlir. Piknikdən sonra burada plastik tullantılar qalır ki, bu da estetik görünüşə ciddi ziyan vurur.

Heyvanlar tullantıları eşələyirlər və plastiklər onların boğazında qalır. Bu plastiklər onlara fərqli zərərlər verir. Bu çox təhlükəlidir.

Heyvanlar var ki, plastik tullantıları yeyirlər və sonra bu tullantı onların uzun müddət mədəsində qalaraq onları öldürür. Məsələn elə olub ki, heyvanın ağzına konserva bankası keçərək onu öldürüb. Belə hallar həmişə var və davam edir.

Azərbaycanın kənd yerlərində və rayonlarda bərk tullantıların toplanması, yığılması və idarə olunması ağır problem olaraq qalır. Hansı turist məkanına və ya piknik yerinə getsən orada mütləq zibil tullantılarına rast gəlirsən.

Məsələn turist məkanlarından biri olan Şəkinin Yuxarı Baş məhəlləsindən yuxarıda çayın aşağısına endikdə zibilliyə rast gəlirsən. Bu çox biabırçı bir vəziyyətdir və utancvericidir.

Mən, bu yaxınlarda tələbələrlə Zirəyə getmişdim. Zirədə dəniz kənarında plastik torbalar baş alıb gedir. Abreşon Milli Parkında dəniz vasitəsilə çoxlu tullantılar olur. Hər dəfə bunu təmizləsələr də yenə də bitmir. Buna mütləq rayon səviyyəsində əncam çəkinməlidir. Heç bir kənddə bərk tullantıların yığılması və emalı prosesi yoxdur. Plastik qablarda satılan içkilərin hamısı təbiəti korlayır. Bu məsələlər həll olunmalıdır. Plastik torbaların satışına ya qadağa qoyulmalı, ya da pulla satılmalıdır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Təəssüf ki, Azərbaycanda piknik mədəniyyəti zəif inkişaf edib. İnsanlar özününkü olmayan hər şeyə qarşı laqeyiddirlər. Əksəriyyət piknik yerlərini zibilliyə çevirir. Bununla paralel olaraq, meşədə ocaq qalayanlar, yanğın törədənlər də var. Bu adamların hər biri inzibati qaydada cəzalandırılmalıdır.

Dövlətin elə bir imkanı yoxdur ki, hər bulağın başına bir polisi gözətçi qoysun. Biz özümüz bir-birimizə nəzarət etməliyik. Azərbaycanda ictimai nəzarət mexanizmi zəif inkişaf edir. Bu prosesi gücləndirmək, vətəndaşların ictimai iştirakçılığını artırmaq lazımdır. Meşəni yandıran, ətrafı zibilləyən adamlara etiraz etməyi bacarmalıyıq. Ən əsası isə özümüz başqalarına nümunə olmalıyıq. Heç kim inciməsin, Bakı küçələri siqaret kötükləriylə doludur. Burnunu silən salfeti yerə atır. Bəziləri içdikləri suyun, şirənin qutusunu zibil qabına atmağın zəhmətinə qatlaşmaq istəmirlər. Aydın məsələdir ki, şəhərin mərkəzində küçəyə tüpürən, çəkdiyi siqaretin kötüyünü yerə atan adam dağın başında ikiqat mədəniyyətsizlik edəcək. Ətrafımızda baş verənlərə göz yumsaq, laqeyd qalsaq, “mənə nə” deyib keçsək, bu cür mənfi halların sayı daha da artacaq”.

Ayşən Vəli

Digər xəbərlər