Yay fəslinin daxil olması ilə insanlar həm respublikanın müxtəlif istirahət bölgələrində, həm də xarici ölkələrə səyahət edirlər. Bəs bu il paytaxt sakinləri yay tətillərini harada keçirəcəklər?
SİA mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Paytaxt sakini Emil Əzizov: “Mən bakılıyam. Hər il olduğu kimi bu il də istirahət üçün rayonlara üz tutacağam. Əsasən Nabrana gedirik. Düşünürəm ki, rayonlarda istirahət zonalarında qiymətlər münasibdir. Bu səbəbdən mütəmadi olaraq hər il yay tətilini rayonlarda keçiririk”.
Paytaxt sakini Natella Əhmədova: “Hər il yay tətilini ailəmlə birlikdə xarici ölkələrdə, xüsusilə Türkiyədə keçiririk. Çünki respublikanın istirahət zonalarında qiymətlər çox bahadır. Bu cür bahalı yerlərə boş-boşuna pul tökməkdənsə, həmin pulla xaricdə dincəlmək daha yaxşıdır”.
Paytaxt sakini Heydər Rüstəmli: “Ailəmlə birlikdə hər il olduğu kimi bu ildə də istirahət etmək üçün rayonlara üz tuturuq. Əsasən Quba, Qusar, Xaçmazda istirahət edirik. Amma bu il istirahət üçün Qəbələyə gedəcəyik”.
Paytaxt sakini Günel Bəxtiyarova: “Mən əslən bakılıyam. Amma yay tətilini respublikanın digər zonalarında keçirirəm. İstirahəti bu il Qəbələdə keçirməyi düşünürəm. Qiymətlər normaldır. Hətta respublikanın başqa rayonlarında daha ucuz qiymətə istirahət etmək də olar”.
Paytaxt sakini Həmid Mahmudov: “Bu il istirahət etməyi düşünmürəm. O qədər məşğulam ki, sadəcə dənizə getməklə kifayətlənəcəm. Amma ötən illərdə istirahət üçün rayonlara səyahət edirik”.
Paytaxt sakini Mətanət Qurbanova: “Yay tətilini hər il olduğu kimi ailəmlə keçirirəm. Bu il əsasən rayona getməyi düşünürük. Amma işlədiyim üçün hələ ki, gedə bilmirik. Çox güman ki, iyulun axırları Qəbələyə istirahətə gedəcəyik”.
Paytaxt sakini Əli Mehdizadə: “Səhhətimlə bağlı yayda ən çox rayonlara gedirəm. Çünki təmiz hava sağlamlığım üçün çox faydalıdır. Bu il də ötən illərdə olduğu kimi Azərbaycanın digər rayonlarına üz tutacağam”.
Arzu Qurbanlı