Son dövrlərdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir və Avrasiyada yeni geosiyasi nizam yaranır. Belə bir situasiyada milli dövlətlər fəaliyyət dairələrini genişləndirmək, sıx tərəfdaşlıq vasitəsilə siyasi, iqtisadi maraqları təmin etmək, yeni geostrateji üstünlüklər qazanmaq üçün mühüm addımlar atırlar. Cənubi Qafqazın lider dövləti Azərbaycan da bu mənada istisna təşkil etmir. Ölkəmiz Avropa və türk dövlətləri ilə əlaqələrini keyfiyyətcə yeni müstəviyə qaldırır, qonşu dövlətlərlə əməkdaşlığa hesablanan balanslaşdırılmış münasibətləri ustalıqla davam etdirir. Bunun nəticəsidir ki, ölkə başçımız ötən bir aylıq zaman kəsiyində 3 mötəbər beynəlxalq konfransa dəvət olunmuş və burada geniş məzmunlu çıxışlar edərək milli maraqlarımızı yüksək kürsülərdən müdafiə etmişdir. Sonuncu belə beynəlxalq konfrans oktyabrın 13-də Astanada təşkil olunan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası idi. Dövlət rəhbərimiz bu mötəbər görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak etmişdir. Məlumat üçün qeyd edək ki, təşkilatın əsas məqsədi və fəaliyyət istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Toplantı çərçivəsində geniş nitqlə çıxış edən ölkə başçımız bir çox vacib məsələlərlə bağlı fikirlərini səsləndirdi. Cənab İlham Əliyev ilk olaraq dəvətə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü ifadə etdi və onun qısa müddət öncə ölkəmizə baş tutan uğurlu səfərini xatırlatdı. Daha sonra, Azərbaycan Prezidenti iki il öncə şanlı qələbəmizlə yekunlaşan Vətən müharibəsini xatırladaraq bu döyüşlərlə Azərbaycanın 30 illik işğalı sona çatdırdığını və 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyini auditoriyanın diqqətinə çatdırdı. Ermənistanın işğal dövrü ərzində əzəli Azərbaycan torpaqlarına qarşı yürütdüyü urbusid siyasətindən bəhs edən Azərbaycan dövlət başçısı Ermənistanın rəhbərliyinin şəhər və kəndlərimizə, mədəni və dini abidələrimizə, dini ziyarətgahlarımıza qarşı vandalizm aktları törətdiyini bildirdi. Məlumdur ki, hazırda Vətən müharibəsinin ikinci ildönümü ərəfəsindəyik. Bu iki illik zaman kəsiyində işğaldan azad olunmuş torpaqlarımıza bir çox xarici nümayəndələr, hərbi atteşelər, səfirlik əməkdaşları, jurnalist və repertyorlar, müxtəlif ölkələrin rəsmi şəxsləri və normal vətəndaşlar ziyarətlər reallaşdırıblar. Xüsusilə Füzuli və Ağdama baş tutan bu səfərlərdən sonra heç kəs təəccübünü və təəssüfünü gizlədə bilməyib. Bu gün Ağdam “Qafqazın Xirosiması”, “ruhlar şəhəri”, “urbisid qurbanı” kimi adlarla məşhurlaşıb, Füzulidə bir salamat bina belə qalmayıb. Bütün bunlar mənfur qonşumuz Ermənistanın əl işləridir. Özünü dünyaya məzlum imici ilə tanıdan Ermənistan əsl vəhşi qəbilə xisləti ilə işğal etdiyi torpaqları talan və təhqir edib. Ən böyük təəssüf doğuran məqam odur ki, bu gün Qarabağ münaqişəsinin bitdiyi, tərəflər arasında sülh danışıqlarının getdiyi bir zamanda belə erməni təxribatları hələ də davam edir. Son olaraq 13 sentyabr tarixində baş verən təxribat nəticəsində Azərbayacan tərəfi 79, Ermənistan tərəfi isə 300-dən çox itki verdi. Bütün bu itkilərin məsuliyyəti isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan torpaqları 30 il işğal altında qalsa da, 1 milyondan çox vətəndaşı öz torpağında məcburi köçkün vəziyyətinə düşsə də, hətta müharibə bitdikdən sonra belə təxribatlarla, mina terrorları ilə üzləşsə də bölgədə davamlı və dayanıqlı sülhün təmin olunması üçün Ermənistana sülh təklif edir. Ancaq təəssüf ki, Ermənistan hələ də sülh istiqamətində lazımi addımları atmaqdan çəkinir. Ümid edirik ki, nəhayət Ermənistan vəziyyəti düzgün dəyərləndirəcək və ən çox öz xalqı üçün zəruri olan sülh istiqmətində əsaslı gedişlər edəcək.
Çıxışının sonunda dövlət başçımız Qoşulmama Hərəkatına ölkəmizin sədrliyini xatırladaraq bu sədrliyin üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldığını qeyd etdi. O da vurğulandı ki, Azərbaycan növbəti il üçün Qoşulmama Hərəkatına üzv ölkələrin yüksək səviyyəli iclasının keçirilməsi üçün təklif irəli sürmüşdür.
Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi