Həmkarımız Vəli Vəliyevn yubiley yaşına özəl olaraq
Həqiqətən də vaxt və zaman sürətlə keçir. Bu gün həmin gerçəkliyin həqiqət faktoruna nə qədər bağlı olduğunun bir daha şahidi oldum. Sanki müxtəlif təlatümlərdən, eniş və yoxuşlardan, gərdişlərdən ötən 10 il dünənin, srağagünün təsirini bağışlayır. Elə uzun illərdir tanıdığım və hazırda 60 illik yubileyi münasibəti ilə təbriklər ünvanladığımız Vəli Vəliyevin 50 yaşını da sanki ötən gün qeyd etmişdik. Yadımdadır, onda da təbrik məqaləsi ilə çıxış etmişdim, sərlöhvəsi isə “Bir ömrün jurnalisti” idi...Həqiqətən də bir ömür deyərkən həmin ömrün bir göz qırpımında necə keçdiyini, ötən müddətdə nələr yaşadığını anlamağa macal tapa bilmirsən. Allahın işidir...Ancaq məsələ həm də ondadır ki, hər yaşında özün-özünə sual edirsən - yaşadığın ömrün sənin özün üçün, şəxsin üçün mənalı olsa da, bəs bu ömür sənin ətrafın üçün də hər hansı bir məna kəsb edirmi? İnsanlıq aləmidir, hər şey yaşanır və heç kim də heç nədən sığortalanmayıb, amma elə şeylər də var ki, onlar ömrünün silinməzlik səhifəsində həkk olunur. Elə Vəli müəllimin fəaliyyət göstərdiyi jurnalistika sahəsində olduğu kimi...25 illik media fəaliyyətinin 15 ilini “SƏS” İnformasiya Agentliyinin daxilində keçirmək, çalışmaq və iş qabiliyyətini artırmaq da balaca iş deyil. SİA-nın icraçı direktoru olaraq ictimai-siyasi proseslərin təhlilini aparmaq, gənc jurnalistlərlə iş qurmaq, gün ərzində hazırlanan yüzlərlə informasiyaları oxuyaraq onları səliqə-sahmana salmaq, redaktə etmək, üstəlik qəzet üçün də günün aktual analitik məqalələrini yazmaq əsla balaca iş deyil. Təbii ki, bütün bunları bir araya gətirmək üçün də potensiala gərək var. Həmin potensial isə Vəli Vəliyevdə mövcuddur. Ona görə yox ki, o qəlbən özünü həmişəcavan hiss edir, həm də ona görə ki, peşəsini sevir, mətbuat sahəsinə bağlı olaraq bundan sonra da uzun illər jurnalistikada fəaliyyət göstərəcəyini məqsəd kimi qarşısına qoyur. Məhz 10 il əvvəl “Bir ömrün jurnalisti” başlıqlı təbrik xarakterli yazımla çıxış edərkən də həmin tendensiyaları əsas hədəf kimi götürmüşdüm. Elə indi də həmin fikirlərimdə qalmaqdayam təbii ki!“SƏS” Media Qrupunun rəhbəri, hörmətli Bəhruz Quliyevin təşəbbüsü ilə həm redaksiyamızın veteranlarını, həm də gənc jurnalistlərimizi bir araya toplayaraq Vəli müəllimin 60 illik yubileyi münasibəti ilə simvolik tort şirniyyatı kəsdik və ürək sözlərimizi dedik. Bu ənənə isə doğma ocağımız olan “SƏS” də uzun illərdir mövcuddur. Baş redaktorumuz Bəhruz müəllim Vəli müəllimin bir çox xüsusiyyətlərindən bəhs etdi və Vəli müəllim də öz fikirlərini izhar etdi, evi ilə “SƏS” ocağında heç bir fərqin olmadığını vurğuladı. Həqiqətən də beləymiş. Günümüzün əsas saatlarını bir yerdə keçiririk və evimizə cəmi bir neçə saatlıq gedirik. Ona görə də hər iki ocağımız arasında hər hansı bir dərin fərq də qoymuruq.Vəli müəllimlə Jurnalsitlər şəhərciyində qonşu olduğumuz üçün hər gün onun necə tələskənliklə avtobus dayanacağına getdiyini, işə tələsdiyini müşahidə etmişəm. İşini sevmək, ona bağlı olmaq da məhz bu kimi təzahürlərdən doğur. Və bütün bu xüsusiyyətlər fonunda başda Bəhruz müəllim olmaqla sevimli “SƏS” Media Qrupu adından bizlər hörmətli Vəli Vəliyevi 60 illik yubileyini təbrik edir, onun peşə fəaliyyətindəki uğurlarının davalı olmasını arzu edirik. Növbəti yubileyləri qeyd etmək arzusuyla, 60-ı haqladınız ay Vəli müəllim, 100-ə nə qaldı...
Rövşən RƏSULOV