Cəmiyyət

  • 1 788

Həyat iksirindən məhrum qalan uşaqlar

image

Ana südü ilə qidalandırma faizinin ölkəmizdə 50 ətrafında olduğu iddia edilir, lakin müşahidə və təcrübələr göstərir ki, real rəqəm daha azdır, amma 10 il əvvəlki 23-25 faizlik göstəricilərə nisbətdə "buna da şükür" deyə bilərik. Əgər bu problem sizə çox xırda görünürsə, demək ki, süni uşaq qidalarının təhlükəsi barədə hələ çox məlumatlı deyilsiniz.

Dünyada hər il 1 milyondan çox uşaq ana südü ilə qidalanmadığı üçün vəfat edir. Onların ölümünə səbəb olan ishal, nəfəs yolu xəstəlikləri, bir çox infeksiya ana südü əmən uşaqlarda rastlanmır. Həmçinin ana südü əmən uşaqlarda “miningit”, qulaq infeksiyaları, revmatizm, əsəb problemi, immun çatışmazlığı da olmur, orta qulaın iltihabını belə ana südü sağalda bilir. Bundan əlavə döş əmən uşaqlar çox az xərçəng xəstəliyinə tutulma riski daşıyırlar, onlar yaşıdlarına nisbətdə daha az diabetə yoluxurlar.

Doğuşdan sonrakı ilk günlərdə süd vəziləri zülal və mineral maddələrlə zəngin, tərkibində çoxlu miqdarda İgA, az miqdarda yağ və karbohidrat olan ilk südü -molozivo istehsal edir, həkimlər bu südü körpənin ilk peyvəndi adlandırırlar və hər körpənin mütləq molozivo ilə qidalanmasını vacib sayırlar. Xəstəxanalarda isə çox zaman körpəni bundan məhrum edərək anaya ilk südün formalaşmasının 1 həftə çəkəcəyini deyirlər. Təcrübəsiz ana inanır və südü formalaşanadək körpəsinə süni uşaq qidası verir. 1 həftə bu qidanı yeyən körpə isə əmmə refleksini itirir, tənbəlləşir və heç vaxt ana südü əmmək istəmir.

Bəzən də dünyaya uşaq gətirən qadının çeşidli səbəblərdən südü olmaya bilir, 30-40 il əvvəl bu kimi hallarda südü olmayan analar uşaqlarına süd anası tapırdılar, bu körpənin süni qida ilə yox, təbii qida ilə böyüməsinə, eyni zamanda ailə büdcəsinə xidmət edirdi. Südü olmayan ananın (çox nadir rastlanan vəziyyət idi) övladına qonşuluqda, yaxınlıqda yaşayan başqa körpəli qadın süd verirdi. Doğrudur, onda da süni uşaq qidaları vardı, xatırlayanlar olar, məşhur “Nan”, “Malış” markaları vardı. Amma analar süni qidanı mümkün olduğu qədər uşaqlara vermirdilər, uşaqlar ya süd anası, ya da keçi südü ilə qidalanırdı.

Maraqlıdır, indi həkimlər süd anası alternativini niyə məsləhət görmür analara? İki səbəb var. 1. Süd anasının hər hansı bir xəstəlik daşıyıcısı olması ehtimalı. 2. Süni qidaların satışından əldə edilən gəlirdən məhrum ola bilmək ehtimalı. Birincinin çarəsi var, süd anasının müayinə və analiz nəticələrini görmək və əmin olmaq olar. Amma ikinci ehtimal qalıb həkimlərin insafına. Süd anası öz uşağını uğurla əmizdirən sağlam qadın ola bilər, siz onun hamiləlik və doğum sonrası müayinələrinin nəticələrini görə, sağlamlığına və xəstəlik daşıyıcısı olmadığına əmin ola bilərsiniz. Əgər hələ narahatlığınız varsa süd anasını müəyyən infeksiyalara qarşı analizlərdən keçirə bilərsiniz - C və B hepatitləri, QİCS və s. İstəyən bir yolunu tapar, övladını bu möcüzəli qidadan məhrum etməz.

Körpə ilk 6 ayda yalnız ana südü ilə (susuz) qidalanmalı, 6 aydan sonra əlavə qidalara keçsələr belə, ən azı 2 yaşa qədər və daha sonra ana südü ilə qidalanmalıdırlar. Ana südü ilə qidalanan körpələrdə allergik xəstəliklər, 1 və 2 tip diabet, iltihablı bağırsaq xəstəlikləri, hipertoniya, xərçəng, allergiya, astma, piylənmə, dağınıq skleroz, diş quruluşunun pozğunluqları və bəzi psixi xəstəliklər daha az rast gəlinir. Ana südü ilə qidalananların təhsildə uğur qazandıqları da məlumdur. Üstəlik əmizdirmə təkcə körpəyə deyil, həm də anaya, ölkə və ailə iqtisadiyyatına, ətraf mühitə öz töhfəsini verir.

Yeni doğulmuş uşaqların yarıdan az hissəsi həyatın ilk saatı ərzində ana südü ilə qidalanmır, bu da onları xəstəliklər və ölüm qarşısında daha aciz edir. Körpələrin yalnız 44 faizi həyatın ilk altı ayı ərzində sırf ana südü ilə qidalanır. Bu, Ümumdünya Səhiyyə Assambleyasının 2025-ci ilə qədər qarşıya qoyduğu 50 faiz hədəfindən azdır.

Bəzən həkimlər yeni ana olmuş qadınlara südünün körpəyə düşmədiyi, zərərli olması barədə xəbərdarlıq edir. O “həkimlərin” iddia etdiyi kimi ana südü xəstə ola bilməz, uşağa zərər verə bilməz. O dünyanın ən təmiz qidasıdır və tərkibində zərərli heç nə yoxdur. Təbii ki, qadının zərərli vərdişləri yoxdursa. Bu qadağa süni uşaq qidalarının satışına hesablanmış addımdır. Ana südü insanın ilk qidasıdır və hər körpənin haqqıdır. Bu möcuzəvi qidanı boşuna "həyat iksiri" adlandırmırlar. Körpənin əlindən bu haqqı almaq, ana südü əmən yaşıdlarına 0-1 hesablı uduzaraq həyata bir addım geridən başlaması deməkdir.

Lalə Mehralı

Digər xəbərlər