PDF Oxu

Cəmiyyət

  • 1 282

Alkoqol aludəçiliyi: necə xilas olmalı?

image

Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Bu günün qeyd edilməsində məqsəd alkoqolizmin cəmiyyət üçün ciddi problem olduğuna diqqət çəkmək və bu problemə həll yolları tapmaqdır. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 3,5 milyon insan alkoqoldan yaranmış xəstəliklər səbəblərindən ölür.

Hazırda mövcud olan 200-dən çox xəstəliyin yaranmasının səbəbi spirtli içkilərə həddən artıq aludəçilikdir. Müntəzəm olaraq spirtli içki içən kişilərin təxminən hər 3 nəfərindən biri impotensiyadan əziyyət çəkir, hər üç qadından birində reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqolun istifadəsi ilə əlaqədardır.

Spirtli içki istehlakına görə dünyada lider ölkə Rumıniyadır. Bu ölkədə hər yetkin şəxs ildə 17 litrdən çox spirtli içki qəbul edir. Adambaşına spirtli içkilərin istehlakına görə Rumıniyadan sonra Gürcüstan (15,5 litr), Latviya (14,7 litr), Moldova (14,1 litr), Çexiya (13,7 litr), Belarus (11,4 litr) qərarlaşıb.

Spirt qoxulu, uçan, yanan, rəngsiz mayedir, C2H5OH, etanol, etil spirtdən ibarət içkidir. Alkoqol bədənimizdəki bütün orqanlara dağıdıcı təsir göstərir. Qaraciyərdən ağciyərlərə, ürəkdən beyinə qədər bütün orqan və sistemlərə ciddi ziyan vuran spirt orqanizmə qəbul edildikdən 3 dəqiqə sonra bütün hüceyrələrə çatır və dağıdıcı təsir göstərməyə başlayır. Alkoqol bədəndəki suyun miqdarını azaldır. Bədənin susuzlaşması səsə, danışmağa və oxumağa mənfi təsir göstərir. Alkoqol istifadəsi öskürəyə, səsin xırıltısına və batmasına səbəb olur. Onun istehlakı artdıqca damarların daralmasına səbəb olur.

Spirtli içkilərdən istifadə edən insanın yuxu rejimi və yuxu keyfiyyəti pisləşir. Alkoqol istifadəsi tez-tez oyanmağa və dərin yuxuya gedə bilməməyə səbəb olur. Alkoqol ağızda quruluğa, ağız qoxusuna, dad hisslərinin pisləşməsinə, ağız boşluğunda infeksiyalara və diş əti xəstəliklərinə səbəb olur. Alkoqol ürəkdə aritmiya, ürək çatışmazlığına səbəb olur.

Alkoqol müxtəlif mədə və həzm pozğunluqlarının əsas səbəblərindən biridir. Uzun müddətdə qastrit, xora və mədə iltihabına səbəb olur. Alkoqol qaraciyərə zəhərli təsir göstərir. Qaraciyər hüceyrələri spirtdən zədələnir və struktur dəyişikliklərinə məruz qalır. Alkoqolla əlaqəli qaraciyər xəstəlikləri, qaraciyərin yağlanmasına, hepatitə və nəticədə serroza səbəb olur.

Spirtli içkilərdən istifadə edənlərin vərəmə tutulma ehtimalı 28 dəfə çoxdur. Hamilələrin alkoqol qəbul etməsi körpənin beyin və ürəyinin inkişafına zərər verir. Körpədə böyümənin geriləməsi, beyin və sinir sisteminin zədələnməsi kimi anadangəlmə qüsurlara səbəb ola bilər. Alkoqol dölə hər mərhələdə mənfi təsir edir, lakin xüsusilə ilk aylarda çox daha ciddi zərər verir. Alkoqol beyin funksiyalarına mənfi təsir göstərir, təfəkkür, qərar vermə və hərəkət etmə qabiliyyətini pozur. Alkoqol istifadəsi kişilərdə cinsi gücü azaldır.

Keyfiyyətsiz və ya texniki spirtdən hazırlanmış alkoqolun zəhərlənmələrə səbəb olması ilə bağlı tez-tez mətbuatda xəbərlər yayımlanır. Saxta alkoqol çox təhlükəlidir və qısa müddətdə ağır fəsadlara, hətta ölümə belə səbəb ola bilir. Onun tərkibinə etil spirti yerinə metil spirti qatırlar, bəzən də texniki spirt və ya başqa qatqılar olur. Nəticədə güclü baş ağrısı, ürəkbulanma, qusma, qarın ağrıları, başgicəllənmə, halsızlıq, görmə pozuntuları, bulanıq görmə, tam korluq, qan təzyiqinin düşməsi, huşun itməsi, qıcolmalar, koma, qaraciyər və böyrəklərin sıradan çıxması, mərkəzi sinir sisteminin zədələnməsi, ürək-damar problemləri və ölüm halları baş verə bilər. Metil spirti bədəndə parçalanarkən formaldehid və qarışqa turşusu əmələ gətirir, bunlar da hüceyrələri zəhərləyir. Cəmi 30 ml metil spirti ölümcül ola bilər, 10 ml-si isə insanı tamamilə kor edə bilər.

Bəs alkoqoluun saxta olduğunu necə anlamaq olar? Ən birinci yolu çox ucuz təklif edilməsidir. Maya dəyərindən aşağı təklif edilirsə almadan öncə düşünün. Saxta içkilərdə qablaşdırma, yazılar, loqotip də keyfiyyətsiz olur. Vergi nişanının olmaması, bulanıq və ya keyfiyyətsiz görüntüdə olması da şübhəli vəziyyətdir. Saxta içkilər tərkibindəki metildən dolayı daha sərt, kimyəvi qoxu verir, dadı da daha sərt olur. Əgər orijinal deyilsə çöküntülü və bulanıq olur.

Alkoqollu içkilər zərərdir, ən yaxşısı ümumiyyətlə qəbul etməməkdir. Amma əgər qəbul etmisinizsə, içikinin saxta olmağından və zəhərlənməyinizdən şübhələnirsinizsə o zaman təcili yardım gələnədək özünüzə ilk yardım edin. Qusursunuzsa, ayaqişləmə və sancı varsa, bulanıq görürsünüzsə, tərləyib titrədirsinizsə, huşunuzu itirəcək qədər halsızsınızsa deməli zəhərlənmisiniz. Qusmağa çalışın, ayıqsınızsa maye qəbul edin, amma huşunu itirən adama bunu etmək təhlükəlidir. Bol maye zəhərin bədəndən xaric olmasına kömək edir. Aktiv kömür için, ən az 4-6 ədəd. Bədən temperaturunuz aşağı düşürsə özünüzü isti bir yorğanla bükün. Digər müdaxilələr xəstəxana şəraitində və peşəkarlıar tərəfindən aparılacaq. Unutmayın, saxta içkilərdən sığortalanmağın ən etibarlı yolu ümumiyyətlə alkoqollu içkilərdən istifadə etməməkdir. Bu, həm səhhətinizə, həm də büdcənizə faydalıdır.

Alkoqolu tərgitmək məsələsinə gəlincə, bu iradədən asılıdır. İçki içməyi dayandırmaq qərarına gəlmək ilk zəruri addımdır, lakin bunu necə edəcəyini bilməyənlər çoxdur. Əvvəlcə günlük, sonra həftəlik alkoqol miqdarını azaldın. Qarşınıza məqsəd qoyun, bu, prosesi daha asan edəcək. Məsələn, bəlli bir gün təyin edin, yalnız həmin gün özünüzə müəyyən miqdarda spirtli içkiyə icazə verin. O gün gələnədək iradəli olmağa çalışın, iradənizi idarəı edə bildiyiniz zamanlar özünüzə mükafat təyin edin, uğurunuzu qeyd edin. Alkoqol asılılığını təkbaşına dəf edə bilmirsinizsə bunun üçün xüsusi reabilitasiya mərkəzlərinin dəstəyindən istifadə edin. Bu prosessə alkoqollu içkilərin olduğu mühitlərdən uzaqlaşın, alkoqol istifadəçisi dostlarla ünsiyyəti minimuma endirin. Stresli vəziyyətlərdən qaçın, çünki stres sizin asılılığınızı oyandıra, yenidən alkoqola meyilləndirə bilər.

Lalə Mehralı

Digər xəbərlər