Lalə Mehralı
Kütləvi İnformasiya vasitələri insanlara informasiya axınının təmin edilməsində əsas rol oynayırlar. Təsadüfi deyil ki, KİV öz tarixi boyunca cəmiyyəti idarə etmənin ən güclü silahı hesab edilib. Yeni nəsil mediaya, sələfi olan mətbuatın yerini ustalıqla ələ almış, şaxələnmiş və cəmiyyəti tam öz nəzarəti altına almış xələf deyə bilərik. Yeni nəsil media həyatımıza girəndən sonra çap orqanları, televiziya və radio öz yerini online media ilə paylaşmalı oldu. Əvvəl teleqraf, teleqram, faks, teletayp, məktub, qəzet, radio ilə informasiya ötürülürdü, internet həyatımıza girəndən sonra isə saytlar, portallar, son illərin trendi olan sosial şəbəkələr də media vasitələrinə çevrildi.
Media, informasiya və xəbər axınını təmin etməklə cəmiyyəti məlumatlandırmaq, xəbərdar etmək və maarifləndirmək vəzifəsini yerinə yetirir. Medianın verdiyi imkanlardan - televiziya, radio, saytlar, qəzetlər, sosial şəbəkələrdən alınan məlumatların məqsədini və düzgünlüyünü araşdırmaq isə oxucunun ixtiyarına buraxılır. Xəbər qaynağının çox olması bu sahədə ciddi xaos yaradır, bir media orqanının dediyini başqası inkar edir, birinin qara dediyi şeyə digəri ağ deyir, beləcə oxucu öz savadı, məntiqi, analizi və zəkası sayəsində doğrunun hansı olmasını ayırd edə bilir. Bəzən də bu qənaətin yaranması o qədər uzun çəkir ki, bu prosesdə olduqca böyük mübahisələr və səhv anlaşılan vəziyyətlər yaranır.
Ənənəvi medianın yeni və qeyri-ciddi qolu olan sosial media - şəbəkələr jurnalistikada özünə geniş yer açmağa davam edir. Smartfonlar, planşetlər, kompyuterlər, noutbuklar kimi virtual dünyaya qoşula bilən müxtəlif qurğular sayəsində istənilən adam özünün xəbər platformasını yaradır, informasiya istehsal edir, ötürür və yayır. Bu, bir tərəfdən yaxşıdır, insanlar öz problemlərini daha geniş auditoriyaya çatdıra, həllinə daha tez nail ola bilirlər. Bir tərəfdən isə pisdir, əsası olmayan, şaiyə, dedi-qodu məlumatlarının ictimai arenaya ayaq açmasına səbəb olur.
Yeni media vasitəsi ilə informasiya kütləyə daha sürətli və daha geniş şəkildə çatsa da, ənənəvi media konkret auditoriyaya çatmağa imkan verir. Yəni birinin sürətli və geniş məlumat ötürmə üstünlüyü var, lakin dəqiqliyi və etibarlılığı yoxdur, digərinin isə hesablanmış auditoriyaya çatmaq imkanı var, lakin dəqiqliyinə və səhih məlumatlılığına şübhə yoxdur.
Yeni nəsil medianın bizə qazandırdıqları ilə əlimizdən aldıqları arasında hesablama aparsaq itirdiyimizin sayı çox olacaq. O, asılılıq yaradır, yanlış məlumat ötürür, əsilsiz xəbərlər istehsal edir, şəxsi məlumatlar üçün təhlükə ehtiva edir, peşəkarlığı yoxdur. Bu da təbii ki insanları çaşdıra bilər, səhv yönləndirər. Media savadlılığı olmayan insanlar üçün bu, əsl təhlükədir.
Sosial şəbəkələrin hər gün yenisinin həyatımıza soxulması nəinki bizə, hətta uşaqlarımıza da təhlükə yaradır. Xüsusilə pandemiyadan sonrakı dövrdə uşaqların smartfon asılılığının pik həddə çatması, social şəbəkələrə, virtual dünyaya həvəslərinin artması onların media savadlılığının olmasını vacib edir. Əslində media savadlılığına bu gün insanların əksəriyyətinin ehtiyacı var, çünki o oxucunu medianın mənfi təsirlərindən qoruyur, mediadan təhlükəsiz və şüurlu şəkildə istifadə etməyin yollarını öyrədir. Media savadlılığı insanlara mediadan aldığı məlumatların və təlimatların məqsədini təhlil etmək, onların düzgünlüyünü araşdırmaq bacarığı verir. Hər gün daha çox insanın kibercinayətkarlığın qurbanı olması, fırıldaqçıların toruna düşməsi göstərir ki, bizim cəmiyyətdə media savadlılığı aşağı səviyyədədir.
Qısası, kütləvi informasiya vasitələri iki cəbhəyə bölünüb - ənənəvi media və yeni nəsil media. Birincilər peşəkarlardan ibarətdir və etibarlı mənbə vəd edir, ikincilər isə daha çox reytinq, baxış, qazanc naminə hər şey uydura biləcək potensiala sahib olanlar. İkisi arasında döyüş gedir, texnologiya və inkişaf ikincilərə daha çox meydan verir, sosial şəbəkələr bu döyüşdə əli güclü olan tərəfdir. Sosial şəbəkələr xəbər istehsalına başladığı vaxtdan bu belədir, vətəndaş jurnalistikası peşəkar mediadan çox şey oğurladı. Bu, dopinq içib döyüşə çıxmağa bənzəyir, özündə olmayan gücü, etibarı süni şəkildə yaratmaq, sabun köpüyünə bənzər şöhrət əldə etmək, sonda isə zəfərin saxta olmasına şahid olmaq kimi.
Media cəmiyyətin düşüncə və yaşayış tərzinə ciddi təsir göstərə bilir, biz medianın həyatımıza girdiyi dövrdən bəri bunu müşahidə edirik. Media cəmiyyətin baxışlarını və davranışlarını formalaşdırmaq gücünə malikdir və çox böyük silahdır. Bu silahdan necə istifadə etmək isə xəbər istehsalçısının peşəkarlığına, xəbər istehlakçısının media savadlılığının ümidinə qalıb.