Cəmiyyət

  • 1 352

İtirdiyimiz xüsusiyyətlər: qonşuluq -XIX YAZI

image

Qonşuluq ənənələri bizim cəmiyyətimizdə çox mühüm dəyər olub tarixən. Həmrəylik, sosiallaşma, paylaşma dəyərlərini qonşuluq münasibətləri ilə inkişaf etdirmişik. Qonşuluq insanların bir-birinə güvəndiyi, yaxşı və pis gündə bir-birinə dəstək olduğu, hər şeyini paylaşdığı sosial münasibətlərdir. Qonşuluq, tək eyni binanı, eyni həyəti, eyni küçəni paylaşmaq deyil, həm də eyni qəlbi bölüşmək, sevgi və hörmət içində yaşamaq, dərdlərə birlikdə sinə gərmək, sevinclərə birgə sevinmək deməkdir.

İnsanların həm fiziki, həm də psixoloji cəhətdən sağlam formada yaşaya bilməsi üçün ictimai münasibətlərə ehtiyacı var. İndi bu münasibətlər sosial şəbəkələrdə axtarılır, çünki əksəriyyətimiz sosiallaşma deyəndə sosial şəbəkə axtarırıq. Halbuki o sosiallaşma “dədə-babadan” varımızdır. Qonşuluq, məhəllə mədəniyyəti yaşadığımız yerin mədəniyyətini əks etdirən əhəmiyyətli bir göstəricidir. Qonşuluq bölgədən bölgəyə, cəmiyyətdən cəmiyyətə müxtəlif formalarda təzahür edən bir anlayışdır. Amma demək olar ki bütün cəmiyyətlər qonşuluğun nə qədər əhəmiyyətə malik olduğunu yaxşı bilir və qonşu bütün cəmiyyətlərdə doğma hesab edilir.

Qonşuluq ənənələri insan münasibətlərinin təməlidir. Qonşular, insanların ailələrindən sonra sosial həyatlarını ən çox paylaşdıqları insanlardır. Bizim bütün təməl sosiallaşma ehtiyacımızı qonşuluq təmin edir. Qonşuluq münasibətləri hər bir xalqda sosial, mədəni və iqtisadi xüsusiyyətlərinə görə fərqli quruluşa malikdir. Azərbaycan mədəniyyətində qonşuluq münasibətlərinə xüsusi dəyər verilir. Şifahi və yazılı mənbələrdə məhəllə münasibətləri, kəndlərdəki qonşuluq haqqında məlumatlar var. Eləcə də milli filmlərimizdə qonşuluq ənənələri haqqında epizodlar var. Ən çətin illərdə, müharibə dövründə özü də çətin vəziyyətdə olan qonşular bir-birinə dəstək olub, kömək göstərib. Amma sürətlə dəyişən dünyada qonşuluq münasibətlərində də dəyişikliklər müşahidə olunur. Dünya nə qədər dəyişsə də, insanın başqalarına ehtiyacı aradan qalxmayıb. O başqası qohum da ola bilər, qonşu da. Amma yaxınlıqdakı qonşu bizə həmişə uzaqdakı qohumdan bir köynək yaxın olur. Bu gün insan münasibətlərində baş verən problemlərin bəziləri qonşuluq münasibətlərinin zəifləməsi nəticəsində ortaya çıxıb.

Dövrümüzdə qonşuluq əlaqələri daha çox kənd, qəsəbə kimi kiçik yaşayış məntəqələrində daha mehriban qurulur. Kiçik rayonlarda, kəndlərdə “mənim-sənin” anlayışı yoxdur, kimin bağında nə varsa həm də qonşunundur, qonşunun bağında nə varsa həm də sənindir. Hasar dibindəki meyvə ağacının qonşuya əyilən budağı qonşunun sayılırdı, o budağın meyvəsi dərilməzdi. Küçədəki tut ağacının meyvəsi bütün qonşuların, hətta bütün kəndin sayılırdı. Qonşuya pay apardığın boşqabın geriyə boş qaytarılmazdı, o boşqab mütləq dolu verilirdi və paylaşma mədəniyyəti beləcə yarandı. Sac asıb çörək bişirən qonşu isti bərəkətindən bütün qonşularına pay göndərərdi.

İtirdiyimiz bir çox xüsusiyyətlərimiz, dəyərlərimiz kimi qonşuluq ənənələrimizi də itirmişik. Qonşu bağındakı samovarın istisinə, qonşu nərdtaxtasının şıqqıltısına yığışan az olur daha. Hərə öz divanının üstündə, öz smartfonu ilə sosiallaşır. Əl içi boyda bir cihaz bizi bütün dəyərlərimizdən, doğrularımızdan uzaqlaşdırdı. Dara düşəndə üstünə qaça biləcəyimiz, görüşəndə kəlmə kəsib sosiallaşa biləcəyimiz qonşumuz varmı, yoxmu, məlumatımız yoxdur. Amma unuduruq ki, dövrümüzdə qonşuda etibar etdiyin birinin olması vacibdir. Bu, bir tərəfdən ictimai həmrəylik baxımından vacibdir, digər tərəfdən ailələrin rahatlıq və güvən içində yaşamaları baxımından da əhəmiyyətlidir. Yaxınlığında sənin üçün hər şeyə hazır olan qonşunun olduğunu hiss etmək insana güvən, rahatlıq verir. Boşuna deyilməyib, “uzaq qohumdan yaxın qonşu əfsəldir” deyə...

Uşaqlığı qonşuluq mədəniyyətinin qızıl dövrünə düşənlərdənəm. Bir evdə sac yanırdısa küçədəki bütün uşaqların qorğası, köpməcəsi, fəsəlisi də olacaqdı deməli. Biz küçədə, həyətdə oynayanda aclığımızı hiss edən zaman yemək üçün məhz öz evimizə girmirdik, bizim üçün bütün qonşular öz evimiz idi. Hansı qonşunun qapısının önündə oynayırdıqsa, elə o qonşu da bizi yedirir, içirirdi. Evdəki, işdəki, tarladakı, bağ-bostandakı valideynimiz də narahat olmurdu. Hamı bilirdi ki, nahar vaxtıdırsa, heç birimiz küçədə ac qalmırıq, hansı qonşu olur olsun, mütləq yedirdəcək. Çünki bizim evimizin önündə oynayan qonşunun uşaqları da bizdə yeyirdi. O zamanlar qonşu uşağı yox idi, özgə balası olmurdu.

Sonralar insanların sürətlə kəndlərdən, qəsəbələrdən iri şəhərlərə axışması, urbanizasiyanın sürətlənməsi qonşuluq əlaqələrinə təsir etdi. Urbanizasiya özü ilə ictimailəşmə gətirsə də, bir yadlaşma da gətirir. Şəhər mühitində demək olar ki, qonşuluq münasibətləri olmur. Eyni binada yaşayan, eyni mərtəbəni paylaşan, eyni pillələri çıxan qapıbir qonşular bir-birini tanımır, qarşılaşanda bir quru salam vermir. İnsan, həyatını davam etdirə bilmək üçün, yaşamaqdan zövq almaq üçün, sevincini, kədərini bölüşə bilmək üçün, insanlıq etmək və insanlıq görmək üçün qonşuya həmişə ehtiyac duyur və bu ehtiyac ödənmədikcə bizim sosiallaşma ehtiyacımız da ac qalır.

İllər keçdikcə qonşuluq anlayışı evlərdən və küçələrdən uzaqlaşır, hündürmərtəbəli evlərdəki mənzillərin qapısına belə yaxınlaşa bilmir. Çünki qapımızı möhkəm-möhkəm bağlayıb otururuq evimizdə, qapı zəngi çalınanda gözlükdən baxırıq, gözümüzə inanmırıq, qapıdakını səslə “yoxlayırıq”, buna da əmin olmuruq, qapını zəncirdən ayırmırıq, bir gözümüzü qıyıb qapı önündə təbəssümlə bizə baxan və əlindəki payı uzadan qonşumuza təəccüblə baxırıq. Təəccübümüzün səbəbi nadir hallarda rast gəldiyimiz “qonşuluq”dur. Bizi ənənələrimizdən uzaqlaşdıran, içimizə qorxu salan zəmanəyə söyürük, qınayırıq, amma qonşuluq ənənələrini geri qaytarmaq üçün özümüz də cəhd etmirik.

Qəribə zamandır, biz mədəniləşməyi düşünürük, amma mədəniləşdikcə yadlaşırıq. İndi insanlıq ibtidai quruluş zamanındakı insanlığa bənzəməyə başlayıb. O zamanlar insanları yalnız qida və qorunmaq, ov ovlamaq, yaşamaq üçün mübarizə aparmaq maraqlandırırdı, indi isə hamımızı yalnız bir şey maraqlandırır- daha çox pul, sərvət qazanmaq. İndi birinci düşündüyümüz məsələ öz mənfəətimizdir, düzdür, ara-sıra kiməsə əl tuturuq, kömək edirik, amma etiraf edək ki, hamımız üçün özümüz birincilik əhəmiyyəti daşıyır. İndi bizim qonşumuz televizordakı yadlardır, virtual dünyadakı tanımadığmız tanışlardır. Münasibətlər virtuallaşdıqca qonşuluq anlayışı da yoxa çıxır. Bir vaxtlar külünə möhtac olduğumuz qonşumuz indi küçədə dilucu salam verdiyimiz yad olur. Mədəniləşmək, sosiallaşmaq belə olmamalı idi, olmamalıdır.

Lalə Mehralı

Digər xəbərlər