PDF Oxu

Siyasət

  • 735

Yasamal rayonunda “Müasir Azərbaycan gəncliyi:Məsuliyyət və missiya” mövzusunda tədbir keçirilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş Prezident təqaüdçüləri ilə “Müasir Azərbaycan gəncliyi: Məsuliyyət və missiya” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhərəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, YAP Yasamal rayonu “Z.Xəlilov.küç 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov , 44 günlük Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş Prezident təqaüdçüləri, tələbələr və fəal gənclər iştirak edib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qeyd edib ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin davamçılarıdır. Bu siyasətin əsas məqsədi gəncləri Vətənə, dövlətə və milli dəyərlərə sədaqət ruhunda yetişdirməkdir. Təsadüfi deyil ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına diqqət və qayğını daha da artırıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Qeyd olunub ki, Azərbaycanda gənclər dövlət quruculuğunda fəal iştirak edirlər. Onlar elmdə, təhsildə, idmanda və hərbi sahədə öz sözlərini deyiblər. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri qəhrəmanlıq salnaməsi yazdılar. Bu Zəfər nəsillərin ruhunda əbədi iz qoydu. Gənclik öz məsuliyyətini dərk edərək müstəqil dövlətin qorunmasında ön sıralardadır. Bu gün onların qarşısında böyük bir missiya dayanır: Zəfəri qorumaq və onu daha da möhkəmləndirmək. Dövlətin qayğısı, gənclərin enerjisi və Vətən sevgisi bu missiyanın əsas dayağıdır. Azərbaycan gəncliyi gələcəyin etibarlı təminatıdır.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, Azərbaycan gəncliyi dövlətin inkişafında strateji bir qüvvədir. Ulu Öndər Heydər Əliyev bu həqiqəti prioritet hesab edərək mükəmməl gənclər siyasətinin əsasını qoydu. Onun təşəbbüsü ilə qəbul edilən dövlət proqramları gənclərin potensialını üzə çıxardı. Prezident İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirib. Gənclər bu gün Azərbaycanın innovativ, texnoloji və intellektual inkişafının aparıcı qüvvəsinə çevriliblər. Onların uğurları ölkənin beynəlxalq imicini gücləndirir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bir-birinin ardınca imzalanan sərəncamlar, gəncliyə göstərilən yüksək səviyyəli qayğının nəticəsində gənclərimizin xoş sədaları beynəlxalq aləmdən eşidildi. Qeyd olunub ki, 44 günlük Zəfər müharibəsində minlərlə gənc döyüş meydanında şücaət göstərdi. Hər bir gənc üçün Vətən naminə xidmət ali vəzifədir. Dövlət isə bu xidmətin arxasında dayanır, gəncliyə inanır və güvənir. Müasir Azərbaycan gənci həm vətəndaş, həm vətənpərvər, həm də lider kimi formalaşır. Bu, dövlət siyasətinin nəticəsidir. Gənclik Azərbaycanın gələcək qələbələrinin əsas açarıdır.

YAP Yasamal rayonu “Z.Xəlilov.küç 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhərəmanov, 44 günlük Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva və Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov bildiriblər ki, müasir dövrün Azərbaycan gəncliyi milli dövlətçilik ideyalarının daşıyıcısıdır. Onlar Vətən sevgisini, dövlətinə sədaqəti və milli dəyərlərə bağlılığı özündə birləşdirməlidir. Gənclərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ideoloji xətti mühüm rol oynayıb. Gənclərə göstərilən diqqət, yaradılan imkanlar bu siyasətin davamlılığını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti daha sistemli və müasir məzmun alıb. Bu gün Azərbaycan gənci həm texnologiya dövrünün iştirakçısı, həm də milli ruhun qoruyucusudur. Gənclər bu gün Zəfər ruhunu daşıyır, əldə olunan Zəfərləri gələcək nəsillərə ötürürlər. Onlar Vətən uğrunda fədakarlığın və məsuliyyətin simvoluna çevriliblər. Zəfər dolu tariximizdə gənclərin rolu, onların birliyi və vətənpərvərliyi danılmaz həqiqətdir. Hər bir gənc bu müqəddəs torpağın müdafiəsində payı olan şəhidlərin əmanətinə sahib çıxmalıdır. Müasir Azərbaycan gəncliyinin ən böyük missiyası – qalib xalqın adını daim uca tutmaqdır. Hər bir gənc öz sahəsində dövlətin gücünü və ideyasını təmsil edir. Elm, incəsənət, idman və hərbi sahədə qazandıqları uğurlar Azərbaycanın və xalqımızın yüksəlişinə xidmət edir. Bu gənclik artıq sözünü demiş bir nəsildir. Onların missiyası azad, güclü və suveren Azərbaycanın qorunması və inkişafıdır. Azərbaycan gəncliyi bu missiyanı qürurla daşıyır.

Çıxışlardan sonra Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş Prezident təqaüdçülərinə hədiyyələr və YAP Yasamal rayon təşkilatında könüllülük layihəsi proqramını uğurla başa vuran gənclərə serifikatlar təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər