Omanın paytaxtı Məsqət şəhərində “Səkkizinci Beynəlxalq Mülki Aviasiya Təşkilatı Təhlükəsizlik Həftəsi” başlanıb. Dörd gün davam edəcək tədbir Oman Sultanlığında Mülki Aviasiya İdarəsi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. SİA Oman informasiya agentliyinə istinadla xəbər verir ki, tədbirdə təşkilata üzv dövlətlərdən, həmçinin mülki aviasiya sektoru ilə əlaqəli beynəlxalq təşkilat və qurumlardan 600-dən çox rəsmi şəxs və mütəxəssis iştirak edir.Tədbirin hədəfi sərnişinlərin və ekipaj üzvlərinin qorunmasının təmini, beynəlxalq aviasiya təhlükəsizliyinin qarşısında duran problemlərin həlli yollarını müzakirə etməkdir. Bununla yanaşı, müzakirələrdə təhdidlərin qarşısını vaxtında almaq üçün üzv dövlətlər arasında birgə fəaliyyətin və əməkdaşlığın əhəmiyyətinə toxunulacaq.Mülki aviasiyanın təhlükəsizliyi ilə əlaqədar əsas məsələlər və çağırışlarla bağlı üç mühüm panel iclası keçirilib. Bugünkü panel iclaslarında qlobal aviasiya təhlükəsizlik planı, yeni təhdidlərlə mübarizə və aviasiya təhlükəsizliyi auditi üçün dövlətlərin hazırlıq vəziyyəti kimi mövzular müzakirə ediləcək.Tədbirin üçüncü günü yüksəksəviyyəli nazirlər toplantısı keçiriləcək. Burada üzv dövlətlərin bu sahə ilə əlaqəli qurumların rəhbərləri, beynəlxalq və regional təşkilatların, aviaşirkətlərin nümayəndələri iştirak edəcəklər.Tədbirin sonunda “Məsqət Bəyannaməsi” qəbul ediləcək. Bu sənəd kibertəhlükəsizlik və mülki aviasiyanın kritik infrastrukturunun qorunması kimi mühüm məsələləri ehtiva edəcək və aviasiya təhlükəsizliyi üzrə qlobal prioritetlərin müəyyən edilməsində mühüm addım sayılacaq.ICAO həftəsi çərçivəsində “Gənclərin imkanlarının artırılması: Aviasiya təhlükəsizliyində gender bərabərliyinə nail olmaq” mövzusunda panel iclas da təşkil olunacaq. Burada gənclərin adıçəkilən sahədə iştirakının artırılması və beynəlxalq əməkdaşlığa töhfəsi, bu sahədə gender bərabərliyinin əhəmiyyəti müzakirə ediləcək.Eyni zamanda, həftə çərçivəsində Beynəlxalq Mülki Aviasiya Günü, ICAO-nun yaradılmasının 80 illiyi və 17-ci əlavənin qəbul edilməsinin 50 illiyi münasibətilə tədbir və sərgi keçiriləcək.