Qan analizlərindəki dəyişikliklər xərçəng riskini müəyyənləşdirməyə kömək edə bilər
Adi qan analizlərinin yalnız bir nəticəsinə deyil, zaman ərzində necə dəyişdiyinə baxmaq bəzi insanlarda xərçəng riskinin müəyyənləşdirilməsinə kömək edə bilər. Oksford Universitetinin alimlərinin apardığı yeni araşdırmada səbəbi izah olunmayan çəki itkisi yaşayan 275 mindən çox insanın məlumatları araşdırılıb. Onlardan təxminən 14 min nəfərinə sonrakı altı ay ərzində xərçəng diaqnozu qoyulub.
Tədqiqatçılar ilkin tibbi yardım zamanı geniş istifadə olunan 26 qan analizinin nəticələrini araşdıraraq, yalnız bir analizdəki normadan kənar göstəricilərlə zaman ərzində baş verən dəyişiklikləri müqayisə ediblər. Nəticələr göstərib ki, bəzi hallarda analizlərin zamanla dəyişmə istiqaməti xərçəng riskinin müəyyənləşdirilməsində tək bir anormal nəticədən daha çox məlumat verə bilər.
Ümumilikdə 23 müxtəlif qan göstəricisinin dəyişmə tendensiyası xərçəng riski ilə əlaqələndirilib. Bəzi dəyişikliklərin konkret xərçəng növləri ilə də əlaqəsi müəyyən edilib. Məsələn, ağ qan hüceyrələrinin və neytrofillərin göstəricilərindəki dəyişikliklər ağciyər xərçəngi ilə, qırmızı qan hüceyrələri, hematokrit və trombosit-limfosit nisbətindəki dəyişikliklər isə prostat xərçəngi ilə əlaqələndirilib.
Alimlər bildirirlər ki, xəstənin yaşı və cinsi də nəzərə alındıqda qan analizlərindən əldə edilən məlumatların xərçəng riskinin qiymətləndirilməsində faydası arta bilər. Tədqiqat xüsusilə səbəbi bilinməyən çəki itkisi kimi qeyri-spesifik simptomların müşahidə olunduğu insanlara yönəlib. Müəlliflər gələcək araşdırmalarda yorğunluq və qusma kimi digər qeyri-spesifik simptomlar zamanı qan analizlərindəki dəyişikliklərin nə dərəcədə faydalı olduğunu da öyrənməyi planlaşdırırlar.
Alimlər vurğulayırlar ki, qan analizlərindəki dəyişikliklər xərçəng diaqnozu demək deyil. Bu cür göstəricilər əlavə müayinəyə ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsində köməkçi vasitə kimi qiymətləndirilə bilər. Araşdırma 17 sentyabr 2026-cı ildə “PLOS Medicine” jurnalında dərc olunub.
Lalə Mehralı