Uşaq tərbiyəsi və uşaq təhsili bir-biri ilə əlaqəli olan anlayışlardır. Bu aspektdən məktəb-valideyn əməkdaşlığı da mühümdür. Uşaq tərbiyəsi gözəl əxlaq, nümunəvi insan və müsbət insani dəyərlərə aparan prosesdir. Müəyyən bir fənn üzrə bilik, bacarıq və təcrübə əldə etmək isə təhsil anlayışına daxildir. Yəni valideynin evdə başladığı tərbiyə metodu məktəbdəki təlim-təhsil metodu ilə uyğunlaşmalıdır, biri digərinin təməlidir çünki. Təhsilin tətbiqi mexanizmi yaxşı ola bilər, tərbiyə də qüsursuz verilə bilər, amma nəticə qaneedici olmaz. Təəssüf ki, indi məktəblərdə təhsil uğurlarından çox zorakılıq xəbərləri gündəmə gəlir.
Məktəbdə zorakılıq son illər çox rastlaşdığımız vəziyyətdir. Zorakılıq, bəzi hallarda bullinq daha güclü bir uşağın zəif və ya kiçik uşağa, həmçinin bir qrup uşağın təklədiyi bir uşağa qarşı kobud davranışıdır. Bullinq, alçaltmaq, təhqir etmə, uşağı təkləmək, haqqında yalan uydurmaq, əşyalarına zərər vermək, izləmək, fiziki və psixoloji təzyiq göstərmək formalarında özünü büruzə verir. Oğlanlar adətən bir nəfər tərəfindən, qızlar isə qrup həmyaşıdı tərəfindən bullinqə məruz qalır.
Bullinq digər kollektivlərdə də baş verir, lakin məktəblərdə buna rast gəlmək daha təhlükəli vəziyyətin xəbərçisidir. Bəzən zorakılığı və bullinqi yeniyetməlik zamanı baş verən təbii proses kimi xarakterizə edirlər. Lakin zorakılığı heç bir halda böyümə dövrünə xas bir xüsusiyyət hesab etmək olmaz. Əgər uşağınız zorakılığın qurbanı olarsa, bullinqə məruz qalarsa bu onda bərapası mümkün olmayan emosional və psixoloji travmaya səbəb ola bilər.
Ümumiyyətlə, şagirdin bullinqə məruz qalması məsələsi həmişə aktual olan məsələdir. Bəzən mediadan kənar qalan hadisələr də olur ki uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar, bullinq edən həmyaşıdı olan qızlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır.
Məktəblərdə ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə. İşi-gücü səhərdən-axşamacan lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə, nəzarət görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir.
Cinsi zorakılıqlar, təcavüz, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincədir. Şagirdinə cinsi orqanını çəkib göndərən direktorlar da gördük, şagirdinin bədəninə toxunmağa cəhd edən müəllimlər də. Bütün bu hallar aşkarlandıqca yalnız bir açıqlama verilir: “Tədbir görülür”. Bəs hanı o tədbirlərin nəticəsi? Niyə düzəlmir məktəblərdəki vəziyyət? Şagirdlər müəllimin üzünə üfürür siqaretin tüstüsünü. Bütün səlahiyyətləri əlindən alınmış müəllim nə edəcək bu vəziyyətdə?
Məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meylli olan nəsil yetişib. Onlar bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb, məktəblilər bir-birini yaralayır, bir-birini öldürür, bundan daha faciəvi vəziyyət ola bilərmi?
Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərərverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də, baş verən hadisələr sübut edir ki, əslində, vəziyyət təhlükəli həddi çoxdan ötüb.
Səbəblər çoxdur, amma deməliyik ki, bu hadisələrdə ən böyük məsuliyyət və günah valideynlərin üzərinə düşür. Məktəbdəki şagirdlər valideynlərin əsəridir, onların verdiyi tərbiyəni nümayiş etdirir. Bir sözlə şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk. Təəssüf ki, bu, belədir.
Zənnimcə, sırf məktəbdəki hadisələrlə bağlı ciddi cəza sistemi yaratmaq lazımdır. Maarifləndirici, tənbehedici söhbətlərlə bu problemlər həll edilməycək, illərdir bunun şahidi oluruq. Bullinq cinayət hesab edilmir və bu da uşaqları arxayınlaşdırır, onları tərbiyə edə bilməyən valideynləri rahatlaşdırır. Bullinq edən uşaqların valideynləri ən uzağı məktəbə çağırılır, danlanır. Nəticə olurmu? Əlbəttə ki, yox. Uşaqlar atdığı addımın nələrə səbəb olacağını anlamalıdır nəhayət. Onlar bilirlər ki, etdiklərinə görə uzaqbaşı danlanacaqlar, amma əvəzində çəkib paylaşdıqları video ilə baxış sayı, aktivlik əldə edəcəklər.
Cinayət Məcəlləsinin 20-ci maddəsinə görə, əgər 14 yaşı tamam olmuş uşaqlar qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, hədə-qorxu ilə tələb etməyə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Onlar islah-əmək koloniyalarına göndərilirlər.
Bəs bullinq edən uşaqlar necə olur? Onlar haqqında hansı tədbirlər görülür? Təcrübə göstərir ki heç bir tədbir göstərilmir. Söhbətlə, tənbehlə düzəlməyəcək bu uşaqlar, buna əmin olun. Daha sərt tədbirlər görülməlidir . Bullinqə məruz qalan və özünü öldürən – yüksəklikdən atlayan, kəndirdən asılan, dərman içən uşaqların həyatının yarıda qırılmasının bir cəzası olmalıdır.
Lalə Mehralı