PDF Oxu

Cəmiyyət

  • 2 019

Ailənin böyüyü kimdir?

image

Qadınlara baxış, onların üzərinə qoyulan vəzifə və öhdəliklər, habelə məsuliyyətlər zamanla dəyişib, transformasiya olub. Dünya böyüyüb, qloballaşıb, inkişaf edib, lakin qadınlar hələ də məhdudiyyətlərə rast gələ, sosial həyatda çətinlik yaşaya bilirlər. Mühitindən asılı olaraq fərqli maneələrlə üzləşən qadınların sosial həyatda aktiv fəaliyyətdə olduğu cəmiyyətlər də var, qadağalarla üzləşdiyi cəmiyyətlər də.

Ölkəmizdə həm sosial həyatda, həm də ailədə qadınların kişilərlə eyni nisbətdə qərar qəbuletmə prosesində iştirakının maneələrlə qarşılaşdığı vəziyyətlər var. Bu maneələrin bəziləri sosial, bəziləri isə mədəni xarakter daşıyır. Ailə institutunda qadınların qərar qəbuletmə prosesində iştirakı bilavasitə ailədəki patriarxal quruluşun ölçüləri və qadınların statusu ilə bağlıdır.

Sosioloqlar deyir ki, ailə kiçik bir dövlətdir və o dövlətin daxilində münaqişə də olur, sülh də. Ailənin böyüyü postuna sahib olmaq yaş anlayışını ifadə etmir və ola bilər ki, ailədə yaşca kiçik olan birinin fikirləri yaşı çox olanın fikirlərindən daha çox ağılabatan və obyektiv olsun. Habelə, kişi hökmranlığı müşahidə edilən cəmiyyətlərdə kişi həyat yoldaşından yaşca kiçik olsa da ailə böyüyü hesab edilir. Kişilər adətən ailədə son sözü deməyə adət etdikləri üçün qadının yekun qərar qəbul etməsinə və bu qərara tabe olmağa normal baxmırlar. Düzdü, qadına söz haqqı verilir, amma el arasında deyildiyi kimi, “xətrin qalmasın”. Lakin nəticə yenə də kişinin istədiyi formada olur.

Bizim cəmiyyətdə qadın olmağın üstünlükləri də var, çatışmazlığı da. Müsəlman ölkələrinin çoxunda olan qadın-kişi bərabərliyi problemi, gender məsələsi bizdə o qədər də qabarıq deyil. Azərbaycanın dünyəvi dövlət olması bu məsələdə böyük rol oynayır. Qadınların ailədə söz haqqına sahib olması məsələsi də bizim cəmiyyətdə həmişə gündəmdə olan və çox müzakirə edilən mövzu olub. Düzdür, bizdə də çatışmazlıq çoxdur, amma qadınların ailədə söz haqqına sahib olması və fikirlərinin önəmsənildiyini dana bilmərik.

Amma bir çox ailədə olan böyük və ya kiçik məsələlər çox vaxt cəmiyyətin gözündən uzaq baş verir. Qadının ailədəki statusu çox vaxt ətrafının xəbərdar olmadığı məsələ olur. Kənardan baxınca hər şeyin qaydasında olduğunu düşünənlər təsadüf hallarda ailənin problemlərinə şahid olurlar. Ailədə alınan vacib qərarlarda söz haqqına sahib olan qadınlar da var, bir cümlə deməyə ixtiyarı olmayanlar da. Hətta söz qqı istədiyinə görə zorakılığa məruz qalan qadınların varlığını da dana bilmərik. Təəssüf ki, bəzi ailələrdə hələ də “qadının yeri mətbəxdir” düşüncəsi hakimdir.

Mənəvi məsələlər barədə tez-tez çıxışları olan, qələminə hörmət etdiyim yazarlardan biri ilə bir dəfə bu haqda müzakirəmiz olmuşdu. Xanımına ailədə söz haqqı verdiyini söylədi, amma heç vaxt onun sözlərini ciddiyə almadığını da dedi. “Onun söylədiyi ümumi vəziyyətin xeyrinə olsa belə?” deyə soruşdum, “öz qərarımın səhv olduğunu bilsəm də, onun qərarı ilə oturub durmaram” dedi. “Səbəb?” deyə soruşdum, “qadının ağlı ilə oturub-durmaq zəiflikdir” dedi. Təəssüflə qeyd edim ki, bu cür düşünən milli kişilərimiz az deyil və bu sonda ailənin dağılmasına qədər gedib çıxa bilir.

Əksər kişilərə görə, ailənin bir “rəisi” var, o da kişidir. Cəmiyyətdə ümumi bir rəy formalaşır ki, qadın yalnız biş-düşlə, uşağın tərbiyəsi ilə, evin səliqə-səhmanı ilə məşğul olmalıdır, qərarlar isə kişilərin öhdəsindədir. Düzdür, feministlərin sayı artdıqca cəmiyyətin baxış bucağı da dəyişdi, lakin bud a başqa bir probıemin əsasını qoydu. Ailədə bərabərlik arzusunda olan qadınlar çox keçmədi ki üstünlük tələb etməyə başladılar. Çox kişi buna etiraz etdi və beləcə boşanma yoluna qədəm qoyulur. Burda düşünməmək olmur, bəlkə elə söz sahibi olan qadınların ilk addımı boşanmaq olur? Əgər qarşı tərəf başdan ona bu haqqı tanısaydı bəlkə də daha sabit bir ailə olardılar, kim bilir?

Dövlətimizin bütün qanunlarında, hüquqi sənədlərdə bərabərlik təmin edilir, lakin cəmiyyətin sosial bərabərlik anlayışı dəyişmədiyi üçün qadınlara sosial baxış da dəyişmir. Ailədə qərarları birlikdə qəbul etmək, hüquq və vəzifələrdə bərabərliyi təmin eləmək, ailədə qız və oğlanlara bərabər münasibət göstərmək, qadınların sosial həyatda iştirakının təmin edilməsi və dəstəklənməsi, onların məşğulluğunun artırılması, qadınların ailə həyatı ilə iş həyatının bir-birini təmin etməsinə şərait yaratmaq, qadınların zorakılığa məruz qalmasının qarşısının alınması, ayrı-seçkiliyin qadağan edilməsi və ayrı-seçkiliklə mübarizə məsələsinin təşviqi, bərabər imkanların təmin edilməsi qadına göstəriləcək ən böyük dəstəkdir.

Ailənin, dolayısı ilə bütün ailə fərdlərinin xoşbəxtliyini təmin etmək, sədaqətli olmaq, bir yerdə yaşamaq, həmrəy olmaq, ortaq büdcəyə sahib olmaq bir ailənin təməlində ən vacib addımlardandır. Ailə bir institutdur, ər-arvadın birliyi bir məqsədə xidmət etməlidir – ailənin bütövlüyünə və xoşbəxtliyini birgə təmin etməyə. Onlar ata və ana olaraq uşaqlara qayğı, təhsil və nəzarəti birlikdə həyata keçirməyə borcludurlar. Həyat yoldaşları hər hansı bir məsələdə fərqli düşünə bilərlər, amma haqqın yolu bir olduğuna görə o düşüncələrin də ortaq məxrəci olur, ailə üçün ən yaxşı qərar nədirsə, o qəbul edilir. İki qoçun mütəmadi döyüşməsi nə ailəyə, nə də cəmiyyətə fayda verməz.

Lalə Mehralı

Yazı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Konstitusiya və Suverenlik İli” çərşivəsində, Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibəti ilə jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunur.

Digər xəbərlər