XX əsrin sonlarında müstəqilliyinə təkrar qovuşmuş müasir Azərbaycan Respublikası bütün dünya dövlətləri tərəfindən tanındıqdan sonra, Azərbaycan xalqına aid olan təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünü şəffaf apararaq, dövlət maraqlarını təmin etməklə yanaşı, hər bir iddialı tərəfin maraqlarının təmin olunmasına çalışıb. Müstəqilliyinin ilk dövründə Azərbaycanda demokratik üsul idarəçiliyinin və dövlətçilik ənənələrinin multikultural dəyərlər əsasında formalaşdırması siyatəsiqarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün etibarlı zəmin yaratdı.
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsi o zaman dünyanın və regionun gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. Əsrin Müqaviləsinin icrası eyni zamanda Azərbaycan dövlətinin dünyada tanınmasına, nüfuzunun artmasına gətirib çıxarmış, eləcə də etibarlı tərəfdaşa çevirmişdir. Məhz müstəqilliyimizin əsaslarından biri olan neft müqaviləsi iqtisadiyyatımızın inkişafına, İkinci Qarabağ-Vətən Müharibəsində Zəfərimizin əldə olunmasında, beləliklə Suverenliyimizin təmin olunmasında mühüm maliyyə mənbəyinə çevrildi.
2003-cü ildən etibarən Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə olan sadiqliyi Avropa İttifaqının, eləcə də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana olan marağını artırmaqdadır.
Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır.
Son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkətləri əhatə edən, bir çox ölkənin enerji təhlükəsizliyi üçün əvəzolunmaz arteriyaya çevrilən, 3500 kilometrdən artıq uzanan Cənubi Qafqaz Boru Kəməri, TAP və TANAPqaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək bu gün istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub.
Etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində iştirakı, xüsusilə layihə çərçivəsində iclasların məhz Bakı şəhərində keçirilməsi ilə bu gün öz uğur hekayəsini uğurla davam etdirir. 04 aprel 2025-ci il tarixində Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi, “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq”.
Qeyd edim ki, Azərbaycanın təşəbbüsü və əzmkarlığı, eləcə də uzaqgörən siyasəti sayəsində 2015-ci ildə ərsəyə gələn Cənub Qaz Dəhlizi layihəsi bu gün Avropa qitəsinin qaz ehtiyaclarını qarşılayaraq, orada yerləşən ölkələrin enerji təhlükəzisliyinin qorunmasında əməli rol oynayır.
Burada bir əsas məqam isə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin iştirakı ilə keçirilən bu ilki iclasın Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya-Avropa İttifaqının birinci sammitinin başlamasına təsadüf etməsidir. Belə ki, enerji təchizatı və təhlükəsizliyinin təmin olunmasında xüsusi əlaqələndirməni həyata keçirmək üçün resurslara malik Azərbaycan, eyni zamanda Cənubi Qafqazın lider dövləti olaraq region ölkələrinin Aİ-yə inteqrasiyası işində böyük təcrübəyə sahibidir. Bu məcrada Azərbaycanın Orta Asiya ölkələri ilə istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşılığı, yaradılmış mövcud logistik infrastruktur həmin ölkələrin Aİ ilə əlaqələrinin daha sürətli inkişaf etdirilməsində dəstək olacaqdır.
Beləliklə, bütün dünyada sülhün carçısı olan Azərbaycanın əlaqələndirilməsi ilə Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən böyük infrastruktur layihələrindən biri olmaqla yanaşı, eyni zamanda dəhliz üzərində yerləşən dövlətlərin xalqlarının iqtisadi, mədəni, siyasi əlaqələriningenişlənməsinə və dünyada əmin-amanlığın, təhlükəsizliyin dayanıqlılığına öz töhfəsini verir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı