PDF Oxu

Cəmiyyət

  • 697

Diş və dişsizlik: implant çarədirmi?

image

İmplant, ağızda əskik olan dişlərin yerinə titandan hazırlanmış süni köklərin çənə sümüyünə yerləşdirilməsi prosesidir. Bu süni diş kökləri onun üzərində bərqərar olacaq protez dişi çənəyə birləşdirir. Əskik dişlər çeynəmə funksiyasında iştirak edə bilmədiyi üçün orqanizm bundan zərər görür, bu digər dişlərə zərər verə, mənə sümüyünün əriməsinə səbəb ola bilər. İmplant dişlər protezə ehtiyac duyulmayan vəziyyətlərdə əskik dişlərin bərpası üçün istifadə edilən variantdır.

İmplant hər insana tətbiq edilmir, əvvəlcə insanın ağız və çənə quruluşunun implant müalicəsi üçün uyğun olub olmadığı qiymətləndirilməlidir. Çənə sümüyü kifayət qədər qalın və möhkəm deyilsə, implantın çənəyə tətbiqi üçün dəstək sümük transplantasiyası lazım ola bilər. İmplant steril bir mühitdə çənəyə yerləşdirilir və onun sümüklə kontakt prosesinin normal getməsi üçün sağalma prosesi gözlənilir. Bu proses insanın sümük quruluşundan, immun sistemindən, çənə quruluşundan asılı olaraq orta hesabla 2-6 ay çəkə bilər. Bundan sonra implantın üzərinə protez diş qoyularaq müalicə bitirilir. Bu proses zamanı xəstələrin diş həkimi ilə mütəmadi təmasda olması və gigiyena qaydalarına fikir verməsi şərtdir.

İmplant müalicəsi dövrü çox həssas dövrdür. İmplantdan sonra orqanizm ciddi allergik reaksiya da verə bilər ki, bunlara qızartı, ağrı, şişlik, göyərmə kimi əlamətlər daxildir. Bəzi hallarda implant tətbiqindən sonra iltihablanma olur ki, bu halda implantın çıxması şərt olur. Diş implantının tətbiqi zamanı və ya sonradan müxtəlif cərrahi ağırlaşmalar baş verə bilər. Bunlara həddindən artıq qanaxma, tikişlərin boşalması, yaraların sağalma müddətinin ləngliyi və ətrafdakı toxumaların zədələnməsi daxildir.

Tətbiq edildikdən sonrakı bir neçə gündə əməliyyat yerinin mühavizə edilməsi, sterilliyinin qorunması çox vacibdir. Sərt və isti yeməklərdən qaçınılmalı, implant yeri zədə almamalıdır. Sağalma prosesində ağız boşluğunun gigiyenasına xüsusi diqqət yetirilməlidir, müntəzəm diş fırçalama ilə yanaşı, həkimin tövsiyə etdiyi antiseptik ağız qarqaralarından istifadə edilməlidir. Siqaret və spirt istehlakı implantın sümüklə birləşmə qabiliyyətinə mənfi təsir göstərə bilər, buna görə də sağalma dövründə onlardan uzaq durmaq lazımdır. Bundan əlavə, implantın uzun ömürlü olması üçün müntəzəm olaraq diş həkimi müayinələri də aparılmalıdır. Ümumiyyətlə, implantlara təbii dişlər kimi həssaslıqla qulluq edilməlidir.

İmplantlar düzgün tətbiq edildikdə və düzgün qulluq edildikdə uzun illər, hətta ömür boyu ağızda qala bilər. Bununla belə, implantların ömrü xəstənin ağız gigiyenasına diqqətindən, siqaret və spirt istehlakından, diş daşlarının intensivliyindən, mütəmadi olaraq həkim müayinəsindən asılıdır. Diş əti xəstəliyi və ya osteoporoz kimi vəziyyətlər implantın davamlılığına təsir göstərə bilər.

Bu gün implant tətbiqindən daha çox “Hollivud gülüşü” adlandırılan diş tətbiqi məşhurdur. Bu diş müalicəsi dişlərinin forması, rəngi və ya düzülüşü baxımından estetik problemləri olan insanlar üçün uyğundur, lakin günümüzdə əksər insan öz təbii dişlərini yondurub süni diş qapaqları ilə “Hollivud gülüşü” yaratmaq ehtiyacı duyur. Lakin bu diş tətbiqi insanların istəyinə görə yox, diş həkiminin qərarına görə həyata keçirilməlidir. “Hollivud gülüşü” müalicəsi adətən sirkonium materialından istifadə etməklə həyata keçirilir. Birinci mərhələdə xəstənin diş quruluşu ətraflı şəkildə araşdırılır və üz estetikasına uyğun dizayn hazırlanır. Dişlərin vəziyyəti uyğun olarsa, dişlərə minimal aşınma ilə qapaq tətbiq oluna bilər.

Doğrudur, estetik görünüşlü diş hər kəsin arzusudur, lakin sağlam dişləri lazımsız yerə aşındırmaq düzgün yanaşma deyil. Qapaq prosedurları dişin mina toxumasına müdaxilə tələb etdiyi üçün hər adam üçün uyğun olmaya bilər. Estetik görünməsə belə çox sağlam dişləri olan insanlar var ki qapaq proseduru üçün dişlərini yondurur.

Diş itkisinin qarşısını almaq üçün müntəzəm ağız gigiyenasına riayət edilməlidir. Bundan əlavə, sağlam qidalanma diş sağlamlığı üçün əhəmiyyətli amildir. Həddindən artıq şəkərli və turşulu qidalardan uzaq durmaq diş çürüməsinin qarşısını alır. İmplant dişi olan adamlara süd və süd məhsullarını az istehlak etmək məsləhət görülür, çünki süd məhsulları yüksək miqdarda laktik turşu ehtiva edir. Laktik turşu ağız florasında olan bakteriyalar üçün uyğun bir çoxalma zəmini təmin edir. İmplant əməliyyatından sonra yaranan yara sahəsi bakteriyalara qarşı həssasdır. Buna görə də, süd məhsullarının istifadəsi infeksiya riskini artıra bilər. Siqaret və spirt istehlakının azaldılması diş əti xəstəliklərinin qarşısını almaqda faydalıdır. Diş qıxama, sıxma kimi zərərli vərdişlər də diş itkisinə səbəb ola bilər.

Lalə Mehralı

Digər xəbərlər