PDF Oxu

Cəmiyyət

  • 1 442

Blok imtahanı: suallar çətin, variantlar ikibaşlı

image

Mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

Xankəndi şəhərində keçirilən imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçirilib. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.

İmtahanlardan narazı qalan abuturiyent və valideynlər sosial şəbəkələrdə etiraz statusları yayımlayıblar. Onlardan bəziləri: “Maraqldır, tarixdən bu qədər cümlə dərinliyinə enmək, bu qədər əlaqələndirici sual salmaq nəyə lazımdır? Əgər saldığınız sual çox vacib məlumatdırsa niyə kitabda sadəcə bir və ya yarımçıq cümlədən başqa məlumat yoxdur? Suallar hazırlanarkən səviyyələri üzrə hazırlamaq lazımdır. Görəsən hansı məntiqlə hazırlanıb suallar?”

“Tarix fənninin suallarına asan deməzdim, suala baxırsan normal sualdır, ancaq variantlarda sanki oyun oynanılmışdı. Bir neçə sual MİQ xatırladırdı. Tarix fənninin sualları izah, analiz tələb edən suallar idi. Vaxt məhdudluğu, həyəcan şagirdlərdə əlbətdə narazılıq yaradacaq. İl boyu oxu, 5 dənə sxemli sual nə deməkdir? Şagird səviyyəsini aşan suallar idi, üstəlik 2 və 3 qrupları suallar eynidir. Niyə? 3 qrup tarix 150, 2 qrup tarix 100 bal olaraq qiymətləndirilir. Ədalət hardadır?”

Valideynlər xüsusilə rus sektoruna edilən ədalətsizlikdən narazıdırlar. Dediklərinə görə Azərbaycan bölməsinə nəzərən rus bölməsinin imtahanlarına salına daha çətin formatda tərtib olunur. Bu səbəbdən də abituriyentlərin əksəriyyəti təhsilini xarici ölkədə davam etdirməyə üstünlük verir.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib. Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur. Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Məlumat üçün qeyd edək ki Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri nəşr edib. Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali və orta ixtisas təhsili müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar dərc edilib.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 vəsaitdə təqdim edilib: 1. Təsviri sənət • Memarlıq, 2. Musiqi sənəti, 3. Jurnalistika • İslamşünaslıq, 4. Teatr, kino və xoreoqrafiya sənətləri, 5. İdman. Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür.

Mayın 26-dan qəbul imtahanlarının ikinci mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlayır. Qeydiyyat 26 may-8 iyun tarixində həyata keçiriləcək. Qeyd edək ki, II cəhd imtahanı II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyulda həyata keçiriləcək. Həmçinin Coğrafiya fənni üzrə əlavə imtahanının tarixi 13 iyuldur.

İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. 4 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 29 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.

Lalə Mehralı

Digər xəbərlər