Respublikanın aparıcı ali təhsil və elmi müəssisələrinin alim və tədqiqatçılarının iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında görkəmli maarifçi və ədəbiyyatşünas Mirzə Hüseyn Əfəndi Qayıbzadənin anadan olmasının 195 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Dekabrın 22-də baş tutan “Hüseyn Əfəndi Qayıbzadə irsi: ənənə və maarifçilik kontekstində” mövzusunda respublika elmi konfransı Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Quba filialı, Azərbaycan İlahiyyat İnstitutu, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Xəzər Universiteti və Bakı İlahiyyat Kollecinin birgə təşkilatçılığı ilə keçirilib. Konfrans rəsmi açılış, bədii hissə və iki panel iclasından ibarət olub.
Filialın akt zalında keçirilən konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
İştirakçıları salamlayan Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev Qafqaz müftisi, görkəmli maarifçi və ədəbiyyatşünas Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat və yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Direktor çıxışında Mirzə Hüseyn Əfəndi Qayıbzadənin dövrünün görkəmli ziyalılarından biri kimi qayğıkeş müəllim, publisist, yorulmaz ədəbiyyatşünas və ictimai xadim olduğunu vurğulayıb. Qeyd olunub ki, o, məktəblər açmaqla, gənclərə dəstək göstərməklə və biliyə yiyələnmək istəyənlərə yardım etməklə maarifçiliyin inkişafına mühüm töhfələr verib.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov çıxışında Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarına toxunub. O, Azərbaycanda görkəmli şəxsiyyətlərin, o cümlədən xalqın maariflənməsində böyük xidmətləri olan ziyalıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib. Bu sahədə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb və bu xəttin milli dəyər olduğu bildirilib. Qeyd olunub ki, Mirzə Hüseyn Əfəndi Qayıbzadənin tarixi missiyasının gənc nəsillərə olduğu kimi çatdırılması xalqımızın şərəfli tarixinə və işıqlı gələcəyinə göstərilən ehtiramın ifadəsidir.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və “Odlar Yurdu” Universitetinin “Filologiya və humanitar fənlər” kafedrasının müdiri professor Rüstəm Kamal çıxış edərək Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti barədə fikirlərini bölüşüb, onun Azərbaycan maarifçiliyindəki tarixi rolunu böyük milli irs kimi dəyərləndiriblər.
Professor Abbasqulu Nəcəfzadə “Hüseyn Əfəndi Qayıbzadənin “Mirzə Hüseyn Segahı” muğamı”, dosent Əhməd Niyazov isə “Hüseyn Əfəndi Qayıbzadənin elmi-ictimai rolu: İsmayıl Qaspıralıya göndərdiyi fitva məzmunlu məktubu əsasında” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Elmi konfransın açılış mərasiminin bədii hissəsində Xəzər Universitetinin Kamera Orkestrinin ifasında zəngin musiqi proqramı təqdim olunub.
Konfransın əsas məqsədi XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Hüseyn Əfəndi Qayıbzadənin zəngin elmi-pedaqoji irsini yenidən qiymətləndirmək, onun milli təhsil sistemimizin formalaşmasındakı rolunu elmi ictimaiyyətə təqdim etmək, eyni zamanda müasir dövrdə maarifçilik ideyalarının inkişaf istiqamətlərini elmi diskurslardaaktuallaşdırmaqdır. Qayıbzadənin pedaqoji görüşlərinin və maarifçilik fikirlərinin bu gün də elmi və sosial əhəmiyyətini qoruması onun irsinin öyrənilməsini milli-mədəni yaddaşın möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirməyə imkan verir.
Konfransın moderatoru Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının şöbə müdiri, şərqşünas Seyid Cabbarov böyük maarifçinin həyat və fəaliyyətinə dair ətraflı məlumat verib.
Konfransda həmçinin filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyevanın təşkilatçılığı ilə hazırlanmış və qiymətli kitablardan ibarət sərgi də nümayiş etdirilib.
Qeyd edək ki, adı çəkilən konfransın panel iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsinin rəhbərliyi və əməkdaşları, QMİ-nin Quba bölgəsi üzrə qazısı Hacı Naib Səttarov, görkəmli şair Ramiz Qusarçaylı və filialın professor-müəllim heyəti iştirak edib.
Heydər Əliyev Lektoriyasında keçirilən panel iclasına siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev), tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və dosent Amalya Həsənova moderatorluq ediblər. Digər panel isə Azərbaycan–Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində dosent Şəhla Quliyeva, Əhməd Niyazov, Zivər Hüseynli Baylan və dosent Gülşən Ağabəy tərəfindən idarə olunub.
Qeyd edək ki, bölmə iclaslarının əvvəlində filologiya üzrə fəlsəfə doktoru, dosent Məti Osmanoğlunun “Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabının müzakirəsi keçirilib. Professor Yusif Alıyev də öz fikirlərini bildirərək vurğulayıb ki, Məti Osmanoğlu ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığı kontekstində kollektiv və kommunikativ yaddaş anlayışlarını tətbiq edərək səfərin mədəni kodlarını qələmə alıb və müəllif əsərdə XIX əsrdə bölgədə Azərbaycan dilinin kommunikativ və sosial-mədəni dominantlığını faktlarla əsaslandırıb.
Panel iclaslarında Azərbaycan xalqının zəngin tarixi keçmişi, kütləvi savadsızlığın aradan qaldırılması istiqamətində müxtəlif dövrlərdə görülən işlər, milli şüurun inkişafına qarşı tətbiq olunan müqavimətlər, həmçinin müasir təhsil sisteminin aktual problemləri ilə bağlı elmi məruzələr dinlənilib və geniş müzakirələr aparılıb. Konfransda həmçinin tələbələr və gənc tədqiqatçılar da fəal iştirak ediblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub, tədbirin materiallarının elmi toplu şəklində nəşr olunmasının nəzərdə tutulduğu bildirilib. Qeyd edək ki, konfransdan hazırlanmış foto və video materiallar universitetin rəsmi informasiya resurslarında yayımlanacaq.