Qloballaşma şəraitində milli iqtisadiyyatların dayanıqlı inkişafı düzgün formalaşdırılmış iqtisadi siyasətdən birbaşa asılıdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra iqtisadi islahatları prioritet istiqamət kimi müəyyən etmiş və bazar iqtisadiyyatına keçidi mərhələli şəkildə həyata keçirmişdir. Xüsusilə son illərdə qəbul edilən strateji yol xəritələri ölkənin iqtisadi inkişaf modelinin əsasını təşkil edir.
Azərbaycanın iqtisadi siyasətinin əsas sütunlarından biri makroiqtisadi sabitliyin qorunmasıdır. Dövlət borcunun ÜDM-də payının aşağı səviyyədə saxlanılması, inflyasiyaya nəzarət mexanizmlərinin gücləndirilməsi və strateji valyuta ehtiyatlarının artırılması maliyyə təhlükəsizliyini təmin etmişdir. Dövlət Neft Fondu vasitəsilə neft gəlirlərinin idarə olunması fiskal dayanıqlığın mühüm alətinə çevrilmişdir.
Neft sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat-logistika və informasiya-kommunikasiya texnologiyaları sahələrində həyata keçirilən layihələr iqtisadi strukturun balanslaşdırılmasına şərait yaratmışdır. Sənaye parkları və aqroparklar regional iqtisadi aktivliyin artmasında mühüm rol oynayır.
İri infrastruktur layihələri Azərbaycanın regional və beynəlxalq iqtisadi inteqrasiyasını gücləndirmişdir. Nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi layihələri və müasir logistika mərkəzləri ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Regionların sosial-iqtisadi inkişaf proqramları isə ərazi üzrə tarazlı inkişafın təmin edilməsinə xidmət edir.
İqtisadi siyasətin əsas məqsədlərindən biri əhalinin rifahının yüksəldilməsidir. Minimum əməkhaqqının və sosial müavinətlərin artırılması, məşğulluq proqramlarının genişləndirilməsi sosial sabitliyi gücləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi “Biz neft kapitalını insan kapitalına çevirməliyik.” Bu baxımdan insan kapitalına investisiyalar uzunmüddətli iqtisadi artımın əsas şərti kimi çıxış edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və inkişafı Azərbaycanın müasir iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə həyata keçirilən kompleks tədbirlər dayanıqlı və inklüziv inkişaf modelinin formalaşdırılmasına yönəlmişdir. Bu ərazilərdə müasir nəqliyyat-kommunikasiya infrastrukturlarının qurulması, istehsal və xidmət sahələrinin təşkili, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması regionun iqtisadi potensialının reallaşdırılmasına imkan yaradır.
Qarabağ regionunda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl iqtisadiyyat prinsiplərinin əsas götürülməsi innovasiya yönümlü inkişaf strategiyasının göstəricisidir. Kənd təsərrüfatı, sənaye, turizm və logistika sahələrində formalaşdırılan yeni dəyər zəncirləri regionun iqtisadi aktivliyinin artmasına və məşğulluğun təmin edilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkəmizin gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır.” Bu baxımdan, Qarabağın iqtisadi dirçəlişi yalnız regional deyil, bütövlükdə milli iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və uzunmüddətli sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanın uğurlu iqtisadi siyasəti makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və sosial rifahın yüksəldilməsi istiqamətlərində mühüm nəticələr əldə etmişdir. Gələcək mərhələdə innovasiya əsaslı inkişaf və rəqabətqabiliyyətli qeyri-neft sektorunun genişləndirilməsi bu siyasətin əsas prioritetləri olacaqdır.
Tural Sadıxov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı əməkdaşı