PDF Oxu

Cəmiyyət

  • 671

Qlobal enerji gündəliyində Azərbaycanın strateji rolu - ŞƏRH

image

Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər qlobal enerji gündəliyinin aktual çağırışları fonunda Azərbaycanın strateji mövqeyini bir daha aydın şəkildə ortaya qoydu. Müasir dövrdə enerji təhlükəsizliyinin beynəlxalq münasibətlər sistemində həlledici amillərdən birinə çevrildiyi bir şəraitdə Azərbaycanın Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və neftlə yanaşı, təbii qazı digər ölkələrə ixrac edən yeganə dövlət kimi çıxış etməsi uzunmüddətli və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın müasir enerji strategiyasının əsası 1994-cü ilin sentyabrında imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş sazişlə qoyulub. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində reallaşan bu müqavilə müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin edən fundamental qərar olmaqla yanaşı, ölkəni qlobal enerji bazarlarının etibarlı iştirakçısına çevirdi. “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənməsini nəzərdə tutan bu saziş Xəzərin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına geniş imkanlar açdı və ölkəyə iri həcmli beynəlxalq sərmayələrin cəlb olunmasına şərait yaratdı.

Zaman keçdikcə “Əsrin müqaviləsi” təkcə tarixi sənəd deyil, Azərbaycanın uzunmüddətli enerji siyasətinin əsas sütunu kimi öz aktuallığını qoruyub saxladı. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda bu müqavilənin yenilənmiş formatda bir daha imzalanması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyasının davamlılığını və ölkənin milli maraqlara əsaslanan ardıcıl kursunu nümayiş etdirdi. Bu addım eyni zamanda beynəlxalq tərəfdaşların Azərbaycana olan etimadının daha bir təsdiqi oldu.

Enerji resurslarının səmərəli hasilatı və təhlükəsiz nəqli məqsədilə Azərbaycanın təşəbbüsü ilə regionda mühüm enerji infrastrukturu formalaşdırıldı. İstanbul Bəyannaməsi ilə razılaşdırılan və geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri Azərbaycan neftini Aralıq dənizi vasitəsilə qlobal bazarlara çıxardı. Ardınca Bakı–Tbilisi–Ərzurum qaz kəməri istismara verildi və ölkəmizin qaz ixrac potensialı yeni mərhələyə qədəm qoydu. Bu strategiyanın məntiqi davamı olaraq reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycan qazını Avropaya qədər daşıyan etibarlı və alternativ enerji marşrutuna çevrildi.

Bu gün Azərbaycan qaz ixracının coğrafiyasını ardıcıl şəkildə genişləndirir. Cari ildə daha iki dövlətə qaz ixracının başlanması ilə Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Bu göstərici ölkəmizin artan hasilat imkanlarını, mövcud infrastrukturun etibarlılığını və Azərbaycanın beynəlxalq enerji bazarlarında formalaşmış möhkəm tərəfdaş imicini əyani şəkildə təsdiqləyir. Məhz bu amillər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində aparıcı aktorlardan birinə çevrilməsini şərtləndirir.

Azərbaycanın enerji siyasəti yalnız hasilat və ixracla məhdudlaşmır, eyni zamanda nəqliyyat və tranzit potensialının genişləndirilməsini də əhatə edir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması perspektivi xüsusi strateji əhəmiyyət daşıyır. Sözügedən dəhliz ölkəmizin ixrac və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları arasında əlaqəni gücləndirəcək, enerji və ticarət axınlarının şaxələndirilməsinə mühüm töhfə verəcək. Zəngəzur dəhlizi Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirən mühüm amillərdən biri kimi qiymətləndirilir.

Qlobal enerji bazarlarında baş verən transformasiya fonunda Azərbaycanın enerji siyasətində yeni prioritetlər də formalaşıb. Karbohidrogen ehtiyatları ölkənin iqtisadi dayağı olaraq qalmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Son illərdə Azərbaycanda bir sıra iri günəş və külək elektrik stansiyaları istismara verilib, ümumi generasiya gücü əhəmiyyətli dərəcədə artırılıb. Qaradağ Günəş Elektrik Stansiyası, Xəzər sahillərində külək enerjisi layihələri, eləcə də digər alternativ enerji obyektləri bu sahədə atılan real addımların göstəricisidir.

Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin “yaşıl enerji zonası” elan edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin gələcəyə yönəlik xarakterini nümayiş etdirir. Yaxın illərdə istifadəyə verilməsi planlaşdırılan yeni günəş və külək elektrik stansiyaları bərpaolunan enerji üzrə generasiya gücünün daha da artırılmasını və Azərbaycanın bu sahədə də regional liderliyə iddialı mövqeyini gücləndirəcək.

“Əsrin müqaviləsi” ilə əsası qoyulan milli enerji strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Azərbaycanın enerji siyasəti keçmişin strateji irsini, bu günün real nəticələrini və gələcəyin dayanıqlı inkişaf hədəflərini özündə birləşdirən uğurlu dövlətçilik modelidir. Bu model Azərbaycanı Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas dayağına, Avropanın etibarlı tərəfdaşına və qlobal enerji gündəliyində söz sahibi olan güclü dövlətə çevirib.

Fərhad Baxışov,

YAP Neftçala rayon təşkilatının əməkdaşı

Digər xəbərlər