1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
Cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qısa ömrünə baxmayaraq, cəhalətə və xurafata kəskin zərbə vuraraq maarifçi ideyaların carçısı oldu, mütərəqqi jurnalist nəslinin yetişməsinə müstəsna töhfələr verdi. Çar Rusiyasının qəzetin yaratdığı ictimai-siyasi intibahdan çəkinərək nəşrini dayandırmasına rəğmən, “Əkinçi”nin bəyan etdiyi prinsiplər milli mətbuatımızın gələcək inkişaf xəttini cızdı. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.
XIX əsrin sonu və XX əsrin əvvəllərində işıq üzü görən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi nəşrlər tariximizin güzgüsünə çevrilərək ədəbi dilimizin və mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətlər göstərdi.
Azərbaycan mətbuatının tarixində yeni mərhələnin başlanğıcı Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra oldu. 1998-ci ildə senzuranın ləğvi söz və fikir azadlığının daha da genişlənməsinə, müstəqil medianın formalaşmasına və jurnalistikanın inkişafına güclü təkan verdi. Ulu Öndərin müəyyənləşdirdiyi media siyasəti bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar milli mətbuatın müasir dövrün tələblərinə uyğun inkişafını təmin edir. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan mediası operativlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə jurnalistlər informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadılar.
“Əkinçi”dən başlayan yol bu gün beynəlxalq informasiya məkanında tanınan, rəqəmsal texnologiyalardan istifadə edən və qlobal media dialoquna töhfə verən Azərbaycan mediasında davam edir. Şuşada keçirilən Qlobal Media Forumları, Milli Mətbuat Gününün Qarabağın tacında qeyd olunması və yerli jurnalistlərin beynəlxalq həmkarları ilə əməkdaşlığı bu inkişafın yeni simvollarıdır. Azərbaycan milli mətbuatının 151 illik yubileyi yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də qələm sahiblərinin fədakarlığına ehtiram, peşə məsuliyyətinin yenidən dərk edilməsi və gələcəyin mediasına baxış fürsətidir.
Aydın Hüseynov, millət vəkili
Mütəmadi olaraq transvaginal ultrasəs müayinələri və CA-125 şiş markerinin təyin edilməsi üçün qan analizləri tövsiyə olunur...
Bu doza üç-beş fincan qara qəhvəyə bərabərdir...