Türkiyədə alimlər psixoloji xəstəliklərin diaqnostikasında həkimlərə kömək edə biləcək yeni texnoloji sistem hazırlayıblar. Kamera və mikrofonla təchiz edilmiş ağıllı eynək vasitəsilə xəstələrin mimikaları, göz hərəkətləri, davranışları və səs xüsusiyyətləri qeydə alınaraq xüsusi proqram vasitəsilə analiz edilir.
Zonguldak Bülent Ecevit Universiteti Xəstəxanasının Uşaq və Yeniyetmə Psixiatriyası şöbəsinin rəhbəri, dosent Hakan Kayış tərəfindən hazırlanan “Maşın Öyrənməsi Dəstəkli Depressiya Aşkarlama Sistemi” Türkiyə Patent və Əmtəə Nişanı Qurumu tərəfindən faydalı model kimi qeydiyyata alınıb.
Sistem xəstə ilə aparılan görüşlər zamanı əldə edilən görüntü və səs məlumatlarını süni intellekt və maşın öyrənməsi üsulları ilə təhlil edir. Məqsəd depressiya və digər psixi pozuntular zamanı müşahidə olunan davranış xüsusiyyətlərini daha obyektiv şəkildə müəyyənləşdirərək həkimlərə əlavə qərar dəstəyi verməkdir.
Hakan Kayış bildirib ki, depressiya zamanı insanlarda mimikaların azalması, gülümsəmənin zəifləməsi, danışıq tempinin dəyişməsi və sözlər arasındakı fasilələrin artması kimi xüsusiyyətlər müşahidə oluna bilər. Yeni sistem məhz bu cür göstəriciləri rəqəmsal məlumatlara çevirərək analiz etməyə çalışır.
Alim vurğulayıb ki, bu texnologiya həkimi əvəz etmək üçün deyil, diaqnostika prosesində mütəxəssisə əlavə məlumat təqdim etmək üçün nəzərdə tutulub. Son qərarı yenə də həkim verəcək.
Tədqiqatçılar bildirirlər ki, sistemin tətbiq sahəsinin gələcəkdə genişləndirilməsi planlaşdırılır. Hazırda autizm, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi digər psixi və neyroinkişaf problemləri üzrə də oxşar araşdırmalar aparılır. Autizm riski olan uşaqlarda göz təması və baxış istiqaməti kimi göstəricilərin ağıllı eynək vasitəsilə ölçülməsi üzərində iş gedir.
Mütəxəssislərin fikrincə, belə süni intellekt əsaslı sistemlər gələcəkdə psixi sağlamlıq sahəsində erkən aşkarlama imkanlarını artıraraq həkimlərin diaqnostik qərarlarını daha dəqiq etməsinə kömək edə bilər.
...Və misin ən vacib olduğu müəyyən edilib...
Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...