PDF Oxu

Cəmiyyət

  • 1 077

Montessori metodu: sərbəst öyrənmə, yoxsa özbaşına təhsil?

image

Montessori uşaqların öyrənməsinə fərqli yanaşan pedaqoji metoddur. Bu metod XX əsrin əvvəlində italyan həkim və pedaqoq Maria Montessori tərəfindən hazırlanıb. Bu metodun əsas fikri budur: uşaq hazır məlumatı sadəcə əzbərləməkdənsə, özü araşdıraraq və praktik fəaliyyətlə öyrənsin.

Montessori metodunda uşağın müstəqilliyi əsasdır, uşaq bacardığı işi özü etməyə təşviq olunur. Praktik fəaliyyət şərtdir: yalnız kitab və izah deyil, əşyalarla işləmək, ölçmək, çeşidləmək, qurmaq kimi fəaliyyətlərdən istifadə edilir. Uşaq maraq göstərdiyi fəaliyyətə daha çox vaxt ayıra bilər. Müəllim daim danışan və göstəriş verən şəxs olmaqdan çox, uşağı müşahidə edən və lazım gəldikdə istiqamətləndirən şəxsdir. Sinifdə uşağın yaşına və bacarıqlarına uyğun xüsusi öyrədici materiallar yerləşdirilir. Uşaqların bir-birinə hörmət etməsi, növbə gözləməsi və əməkdaşlıq etməsi də öyrədilir. Montessori yanaşmasında uşağa sadəcə “1-dən 10-a qədər say” demək əvəzinə, ona sayma üçün xüsusi materiallar verilir və uşaq həmin materiallarla işləyərək rəqəmləri və miqdarı özü əlaqələndirir.

Adi məktəbdən əsas fərqi nədir?

Ən sadə şəkildə belə demək olar: Ənənəvi yanaşmada: müəllim → izah edir → uşaq dinləyir → tapşırığı yerinə yetirir. Montessori yanaşmasında isə: mühit və material → uşaq araşdırır → müəllim müşahidə edir və istiqamət verir → uşaq özü nəticəyə gəlir.

Amma Montessori “uşaq nə istəyirsə, onu etsin” demək deyil. Metodun öz qaydaları, xüsusi materialları və müəllim hazırlığı var. Montessori metodunun əsas qaydaları və prinsiplərindən biri müstəqillikdir. Uşaq bacardığı işi böyüyün köməyi olmadan etməyə təşviq edilir. Məsələn, əşyalarını yığmaq,geyinmək, materialı götürüb yerinə qoymaq.

İkincisi sərbəst seçimdir. Uşaq hazırlanmış mühitdə təqdim olunan fəaliyyətlərdən öz marağına uyğun olanı seçə bilir. Amma bu, istədiyini etmək demək deyil. Seçim müəyyən qaydalar və sərhədlər daxilindədir.

Konsentrasiya üçüncü prinsipdr. Uşağın başladığı fəaliyyətə diqqətini cəmləməsinə imkan verilir. Müəllim səbəbsiz yerə uşağın işinə müdaxilə etmir. Dördüncü prinsip təkrardır. Uşaq bir fəaliyyəti dəfələrlə təkrarlaya bilər. Məqsəd yalnız nəticə əldə etmək yox, bacarığın möhkəmlənməsidir.

Səhvi özü görmək beşinci prinsipdir. Bir çox Montessori materialı elə hazırlanır ki, uşaq səhv etdiyini özü müəyyən edə bilsin. Beləliklə, hər dəfə müəllimin “səhv etdin” deməsinə ehtiyac qalmır. Qarışıq yaş qrupları Montessori metodunun prinsiplərindən altıncısıdır. Klassik Montessori siniflərində uşaqlar çox vaxt təxminən üçillik yaş aralığında bir qrupda olurlar. Məsələn, 3–6 və ya 6–9 yaş. Hörmət və nizam yeddinci prinsipdir. Uşaq sərbəstdir, amma sinifdə başqalarına mane olmamaq, materiallardan düzgün istifadə etmək və işi bitirdikdən sonra yerinə qoymaq kimi qaydalar var.

Montessori materialları adi oyuncaqlar deyil. Xüsusi Montessori materiallarının hər birinin konkret öyrədici məqsədi var. Sensor materiallar – uşağın görmə, toxunma, eşitmə və ölçü anlayışlarını inkişaf etdirir. Məsələn, çəhrayı qüllə, qəhvəyi pilləkən, qırmızı çubuqlar, silindr blokları, rəng lövhələri və s. Riyaziyyat materialları – say, miqdar, toplama-çıxma, vurma-bölmə və daha mürəkkəb riyazi anlayışların mənimsənilməsinə kömək edir. Məsələn, say çubuqları, rəqəm və fişlər, qızıl muncuq materialları, yüzlük lövhə, hesab çubuqları.

Dil materialları da var ki, hərfləri və səsləri öyrənmək üçün istifadə olunur. Məsələn, qum hərfləri, hərəkətli əlifba, şəkil və söz kartları. Praktik həyat materialları isə uşağa gündəlik həyatda istifadə etdiyi bacarıqları öyrədir: düymə bağlamaq, ayaqqabı bağı bağlamaq, su tökmək, qaşıqla köçürmək, süfrə hazırlamaq, əşyaları təmizləmək kimi. Mədəniyyət və təbiət materialları coğrafiya, biologiya, tarix və ətraf aləmlə tanışlıq üçün istifadə olunur.

Montessori müəllimi necə hazırlanır?

Bu, metodun ən vacib hissələrindən biridir. Montessori müəllimi sadəcə “uşaqlarla yaxşı ünsiyyət quran müəllim” deyil. O, adətən xüsusi Montessori təlimindən keçir. Təlimdə müəllim Montessori fəlsəfəsini, uşağın inkişaf mərhələlərini, xüsusi materialların necə təqdim edilməsini, uşağı müşahidə etməyi, sinif mühitinin təşkilini, uşağa nə vaxt müdaxilə edib, nə vaxt geri çəkilməyi, müxtəlif yaş qrupları ilə işləməyi öyrənir.

Ən maraqlısı isə budur ki, Montessori müəlliminin əsas bacarıqlarından biri “nə vaxt danışmamaq”dır. Yəni müəllim uşağın hər addımına müdaxilə etmir. Əvvəlcə uşağı müşahidə edir, onun nəyə ehtiyacı olduğunu anlamağa çalışır və yalnız lazım gəldikdə istiqamət verir. Ən vacib məqamlardan biri də Montessori sinfinin mərkəzində müəllimin danışması yox, uşağın fəaliyyəti dayanır. Ona görə də Montessori məktəbinə girəndə bəzən adi məktəbdən fərqli mənzərə görünür: uşaqların hamısı eyni anda eyni tapşırığı etmir. Biri riyaziyyat materialı ilə işləyir, digəri oxuyur, başqa biri praktik fəaliyyət həyata keçirir. Müəllim isə onları müşahidə edir və fərdi şəkildə yönləndirir.

Yəni Montessori metodu belə işləyir: Montessori=sərbəstlik+nizam+hazırlanmış mühit+xüsusi material+müşahidəçi və hazırlıqlı müəllim. Montessori metodu tətbiq edilən məktəb və bağçalar adətən ödənişli olur. Bir neçə ölkədə bu metodla fəaliyyət gösərən dövlət müəssisələri var ki, oraya qəbul da bir çox hallarda lotereya üsulu uduşla aparılır.

Lalə Mehralı

Digər xəbərlər