Xocalıdakı qətliama susanlar Xankəndidən sivil yollarla köçən ermənilərə yardım edir
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra ermənilər könüllü olaraq Ermənistana və 3-cü ölkəyə köç edirlər. Azərbaycan hökuməti onlara ərazidə yaşamaq imkanları yaradır, bundan sonrakı həyatlarını Azərbaycan qanunlarına görə, Azərbaycanın şəxsiyyət vəsiqəsi ilə yaşayacaqları barədə məlumatlandırılıblar. Bunun üçün onlara lazımı şərait yaradılacaq, vətəndaş olaraq bütün imkanlar tanınacaq. Bəzi ermənilər bununla razılaşaraq ərazini tərk etmək istəməsə də, əksəriyyəti Ermənistana və ya 3-cü ölkəyə qayıtmağa qərar verir. Ərazidən köçən ermənilərə bütün yardımlar edilir, qida, dərman, geyimlə təmin olunurlar, səhhətində problem olan ermənilərə həkim köməyi göstərilir.
Lakin Azərbaycanın Qarabağı 30 illik işğaldan azad etməsi Ermənistanın müttəfiqləri arasında narahatlıqlara səbəb olub. Dünya ölkələri, beynəlxalq təşkilatlar ermənilərin zülmə məruz qalmaları, evlərindən qovulmaları barədə iddialarla çıxış edirlər. 2 gün əvvəl Cənubi Kiprin Yunan Administrasiyası beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı tədbir görməyə çağıraraq, evlərini tərk edən ermənilərə ev sahibliyi edə biləcəklərini bildirib.
Kanada Qarabağda yaşayan ermənilərinə 2,5 milyon dollar humanitar yardım edəcək. Bu barədə ölkənin xarici işlər naziri Melani Coli özünün sosial şəbəkə səhifəsində yazıb: “Kanada Dağlıq Qarabağ bölgəsi ermənilərinin yanındadır. 2,5 milyon dollarlıq ilkin yardım ilə Kanada həmin insanlara humanitar yardım göstərəcək”.
Həmçinin, İranın Qızıl Aypara Cəmiyyəti Qarabağdan köçən ermənilər üçün 50 ton humanitar yardım göndərəcək. Yardıma gigiyena vasitələri, qida, ədyal, geyim və istilik avadanlığı daxildir. Sentyabrın 29-da Fransa hökuməti Qarabağdan Ermənistana könüllü gedən şəxslərə 5 ton humanitar yardım göndərdi. 5 ton tibbi ləvazimat və dərman preparatlarından ibarət humanitar yardım Boeing 737-85R(SF) təyyarəsi ilə Ermənistana aparılıb.
ABŞ və Avropa Komissiyası da Ermənistana humanitar yardım ayırıb. Vaşinqtonun yardımı 11,5 milyon dollar məbləğindədir. Avropa Komissiyası isə Ermənistana 5 milyon avro verəcək. Bu yardımlar İrəvana Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni sakinlərin problemlərinin həlli üçün ayrılıb.
Danimarka Qarabağdan könüllü köçənlərə humanitar yardım göstərmək üçün Ermənistana 1 milyon kron ayırıb. Bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, yardım Danimarka Qızıl Xaç Cəmiyyəti vasitəsilə həyata keçiriləcək.
3 gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köç edən ermənilərə göstəriləcək yardımla bağlı dövlətin proqramını da açıqladı. Oktyabrın ayının 1-dən adambaşına yaşayış üçün 40 min dram (172,11 AZN), kommunal xərclərin ödənilməsinə daha 10 min dram (43,03 AZN) (ümumilikdə 50 min dram və ya təxminən 130 dollar) ayrılacaq. Proqram ən azı 6 ay müddətində qüvvədə olacaq və xüsusi mərkəzlərdə olanlar və Ermənistanda daşınmaz əmlakı olanlar istisna olmaqla, bütün köç edən vətəndaşları əhatə edəcək. Gələn həftə Qarabağ sakinlərinə 100 min dram (təxminən 430,28 AZN) məbləğində birdəfəlik müavinətin ödənilməsinə başlanılacaq.
Xankəndidəki vəziyyəti şərh edən BMT-nin rəsmisi Stefan Düjarrik isə bildirib ki, baş katib ərazidə erməni əhalinin yerdəyişməsindən narahatdır. “Köçkün əhalinin hüquqlarının müdafiəsi və insanların haqlı olduqları humanitar dəstəyi alması vacibdir” deyən Dujarrik əlavə edib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndələri Ermənistanın cənubundadır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi (UNHCR) də ermənilərə humanitar yardım göstərir.
Bu arada BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk də humanitar vəziyyəti narahatlıqla izlədiyini bildirib: “Ərazidəki etnik erməni əhalinin hüquqlarının qorunması və bütün hərəkətlərin beynəlxalq hüquqa əsaslanması vacibdir. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Köç edənlərin humanitar yardıma çıxışı olmalıdır”, - deyə o vurğulayıb.
Cənab Türk bu sözləri işlədərkən vaxtilə Qarabağdan zorla çıxarılan, soyqırıma məruz qalan azərbaycanlıları unudub sanki. Xocalıda qətl edilən insanlar, evindən zorla çıxarılan ailələr, qarnı yarılıb körpəsi süngüyə keçirilən hamilə qadınlar, başı kəsilib top kimi oynadılan uşaqlar, atanın gözü önündə zorladıqları qızlar, diri-diri yandırılan insanlar – bütün bunları ermənilər törətmişdi. O zaman harada isə beynəlxalq təşkilatlar, dünyəvi dəyərlər, humanizm normaları?
Dövlətlər etnik, dini azlıqların öz mədəni kontekstində yaşamasını, öz dinlərinə etiqad etməsini və ya öz dillərində danışmaq hüququnu tanımağı öhdəlik kimi yerinə yetirməlidir və Azərbaycan bu gün bunu tam təmin edir. Xankəndində yaşayan ermənilərin şəhəri tərk etmək istəyi tamamilə könüllüdür, ərazidən getmək istəyən ermənilərə Azərbaycan dövləti kömək edir, onlar qida, geyim, bütün humanitar yardımlarla təmin olunurlar. Ərazidə yaşayan ermənilərə 40 tonluq humanitar yardım ayıran Azərbaycan dövləti I Qarabağ Müharibəsində Qarabağda öldürülən, qətl edilən, dərisi soyulan azərbaycanlılara ediləni ermənilərə etməz, çünki qanında, genində insanlıq, vicdan, mərhəmət, sülh, sevgi daşıyan bir xalq bunu bacarmaz.
Lakin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) köçənlərə qarşı pis rəftarın qeydə alınmadığını açıqlayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistan nümayəndəsi Kavita Belani bildirib ki, Azərbaycan tərəfi tərəfindən mühacirlərə qarşı pis rəftar faktı olmayıb. Digər tərəfdən, Azərbaycan prosesi yaxından izləmək üçün BMT-ni Qarabağa dəvət edib. Qarabağı 30 il işğal altında saxlayan qondarma administrasiya BMT-nin bölgəyə girişinə imkan verməyib.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb
Hərbi ekspert maraqlı bir məqama diqqət çəkdi...
Dediklərinə görə, guya onları qanunsuz həbslərdən qoruyacaq...
Ada faktiki olaraq dizel və yanacaqsız qalıb...
Orban Macarıstanın geri dönüş nöqtəsi ilə bağlı cəsarətli bir açıqlama verdi...
Təlimlər Baltik dənizindəki Qotland adasında baş tutub...
Ukrayna üçün fürsət pəncərəsi getdikcə genişlənir...
Fransa rəhbərinin sevgi macərasının təfərrüatları ortaya çıxıb...
Çin danışıqlara Pekinin ənənəvi strategiyası ilə yanaşır...
Ukrayna dronlarının ixracı ilə bağlı bu müqavilə ölkə ilə ABŞ arasında daha geniş müdafiə tərəfdaşlığına doğru ilk addımdır...