Şimal dənizi ilk baxışdan boz, bulanıq və soyuq görünə bilər. Lakin suyun altında insan gözündən gizlənən tamam başqa bir dünya mövcuddur. Suitilər, akulalar, göyüzgəcli tunalar, qatil balinalar, xərçənglər, dəniz ulduzları və rəngarəng yosun meşələri Şimal dənizinin düşündüyümüzdən qat-qat zəngin ekosistemə malik olduğunu göstərir.
“The Guardian” qəzetinin yazdığına görə, hollandiyalı sualtı operator və dalğıc Piter van Rodijnen 20 ildən artıqdır Şimal dənizinin gizli həyatını lentə alır. Uşaqlıq illərində məşhur okean tədqiqatçısı Jak Kustonun filmlərindən ilhamlanan Rodijnen uzun illər insanların “bulanıq su qabı” adlandırdığı Şimal dənizinin gözəlliyini üzə çıxarmağa çalışıb.
Onun uzunmüddətli müşahidələri və çəkilişləri nəticəsində rejissor Mark Verkerklə birlikdə “North Sea, Nature Untamed” – “Şimal dənizi: ram edilməmiş təbiət” adlı sənədli film ərsəyə gəlib.
Görünməyən rəngarəng dünya
Filmdə Şimal dənizinin bəzi bölgələrinin intensiv balıqçılıq, neft hasilatı və digər sənaye fəaliyyətlərinə baxmayaraq hələ də canlı həyatla zəngin olduğu göstərilir. Sualtı dünyada parlaq çəhrayı, bənövşəyi və yaşıl rənglər, dəniz ulduzları, xərçənglər, kövrək dəniz ulduzları, yosun meşələri, suitilər və nəhəng akulalar müşahidə olunur.
Piter van Rodijnen hesab edir ki, Şimal dənizinin gözəlliyi tropik riflərlə müqayisədə daha az tanınsa da, onun ekosistemi heç də az maraqlı deyil. Lakin bu dünyanı kameraya almaq son dərəcə çətindir. Şimal dənizində baş verən genişmiqyaslı plankton artımı suyun bulanmasına səbəb olur. Əslində, planktonlar bütün dəniz ekosisteminin qida zəncirinin əsasını təşkil edir. Ancaq dayaz sular, güclü axınlar və qabarma-çəkilmə hadisələri sualtı çəkilişləri demək olar ki, mümkünsüz edir.
Rejissor Mark Verkerk bildirir ki, Şimal dənizi haqqında böyük sənədli filmlərin az olmasının əsas səbəbi də məhz budur. Yeddi il davam edən çəkilişlər zamanı planlaşdırılan hər beş dalışdan dördü əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
“Bəzən suyun görünüş məsafəsi çox zəif olur, güclü axınlar yaranır və hava olduqca soyuq keçir. Bir dalış zamanı cəmi 20-30 dəqiqə çəkiliş etmək imkanınız var. Bu iş sadəcə səbir deyil, həm də inadkarlıq tələb edir”, – Rodijnen deyir.
“Akulalar mənim kino ulduzlarımdır”
Sənədli filmin müəllifləri diqqəti yalnız dənizin məşhur canlılarına yönəltməyiblər. Onların əsas məqsədi bütöv ekosistemin necə işlədiyini göstərməkdir. Filmdə göyüzgəcli tunaların geri qayıtması, qatil balinaların Şimal dənizində fəallaşması ilə yanaşı, daha kiçik canlıların da ekosistemdə mühüm rol oynadığı nümayiş etdirilir.
Məsələn, qısa buynuzlu skulpin balıqlarının neon-çəhrayı yumurtalarını qoruması və balaların inkişafına qədər onlara qulluq etməsi filmin diqqətçəkən epizodlarından biridir. Ancaq sənədli film insan fəaliyyətinin dəniz həyatına təsirini də gizlətmir.
Rodijnen balıqçı gəmilərindən birində çəkiliş apararkən gözəl kiçik akulaların və skatların təsadüfi ov kimi tutulduqdan sonra yenidən dənizə atıldığını görür. “Onlar mənim mövzularım, mənim kino ulduzlarımdır”, – sualtı operator çəkiliş zamanı gördüyü akulalar haqqında belə deyir.
Balıqçılıq: problem və zərurət arasında
Filmin müəllifləri balıqçılığa birmənalı yanaşmırlar. Onlar bir tərəfdən həddindən artıq ovlanmanın dəniz ekosisteminə vurduğu ziyanı göstərir, digər tərəfdən isə balıqçıların sosial və iqtisadi reallıqlarını anlamağa çalışırlar. Rodijnen hesab edir ki, Şimal dənizinin bütünlüklə nəhəng qorunan əraziyə çevriləcəyini düşünmək real deyil. Onun sözlərinə görə, məsələyə daha çox nüanslarla yanaşmaq lazımdır.
Sualtı ekosistem üçün ən təhlükəli üsullardan biri dənizin dibini dağıdan dib trolçuluğudur. Ağır torlar və avadanlıqlar dənizin dibində hərəkət edərək oradakı canlıların böyük hissəsini məhv edir.
Bununla yanaşı, bəzi balıqçılıq üsullarının dəniz dibinə zərər vermədiyi və müəyyən kvota sistemlərinin effektiv nəticə verdiyi də filmdə göstərilir.
Külək elektrik stansiyaları: təhlükə, yoxsa yeni həyat?
Şimal dənizinin gələcəyinə təsir edən əsas amillərdən biri də dənizdə sürətlə inkişaf edən külək elektrik stansiyalarıdır. Filmdə külək turbinlərinin tikintisi zamanı yaranan güclü səs-küyün sualtı canlılara təsiri araşdırılır. Sualtı mühitdə səs dalğaları daha güclü yayıldığından tikinti prosesinin balinalardan tutmuş balıq yumurtalarının inkişafına qədər müxtəlif canlılara təsir göstərə biləcəyi bildirilir.
Lakin külək stansiyalarının gözlənilməz müsbət tərəfləri də var.
Piter van Rodijnenin ən maraqlı dalışlarından biri təxminən 30 il əvvəl təsadüfən dənizə düşmüş qayaların yerləşdiyi əraziyə olub. Onilliklər ərzində həmin qayaların boz səthi rəngarəng dəniz canlıları və yosunlarla örtülərək süni rifə çevrilib.
Külək elektrik stansiyalarının yerləşdiyi bəzi ərazilərdə isə balıqçılıq fəaliyyətinə məhdudiyyətlər tətbiq olunur. Bu da həmin zonaların faktiki olaraq kiçik dəniz qoruqlarına çevrilməsinə şərait yaradır.
“Əgər təbiətə bir fürsət versəniz, o, cavab verir”, – Rodijnen bildirir.
Onun fikrincə, yeni külək stansiyalarının dəniz ekosisteminə təsirini daim izləmək vacibdir. Lakin düzgün yanaşma tətbiq edilərsə, onlar gələcəkdə dəniz həyatına müsbət təsir də göstərə bilər.
Şimal dənizi həm problemin, həm də həllin mərkəzindədir
Sənədli film artıq iki ildir Niderland, Belçika, Almaniya, Avstriya və İsveçrədə nümayiş olunur. Filmə Çin, Yaponiya, Argentina və İtaliyada da maraq göstərilir.
Rejissor Mark Verkerkin fikrincə, filmin uğurunun əsas səbəbi onun yalnız Şimal dənizi haqqında olmamasıdır. Bu, əslində, bütün dünyada dənizlərin və okeanların qarşılaşdığı problemlər haqqında filmdir.
“Dənizlər çox vaxt gözümüzdən uzaqda olduğu üçün onları unuduruq. Halbuki Şimal dənizi inanılmaz dərəcədə maraqlı bir məkandır. Dünyanın dəniz və okeanlarında mövcud olan problemlərin çoxu burada daha kəskin şəkildə hiss olunur. Şimal dənizi həm istismar baxımından ön sıradadır, həm də həll yollarının axtarışında”, – Verkerk deyir.
Filmin yaradıcılarının əsas məqsədi isə insanlarda dənizin görünməyən dünyasına qarşı maraq və sevgi yaratmaqdır. Çünki insan yalnız tanıdığı və dəyər verdiyi təbiəti qorumağa çalışır.
Tərcümə etdi: Lalə Mehralı
Meqan Mobbs-un fikrincə, ABŞ Rusiya əleyhinə sanksiyaları da gücləndirməlidir
“Böyük geosiyasətçi”nin son 25 il ərzində Rusiyada qurduqlarının gələcəyi yoxdur...
O, Ukraynanın sağ qalacağına əmindir...
Ukrayna xarici kəşfiyyatı detalları açıqlayıb...
Ukrayna mediası tərəfindən sızdırılan ABŞ-ın yeni sülh planı tamassmilə mümkün deyil...
Almanların əksəriyyəti Rusiyanı təhlükə kimi görür...
İlk dəfə ABŞ olmadan...
Bu, çox şey ifadə edir...