Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iri idman, dini və mədəni tədbirlər zamanı isti hava ilə əlaqəli xəstəliklərin qarşısının alınması və idarə olunmasına dair yeni tövsiyələr açıqlayıb. ÜST-nin məlumatına görə, kütləvi tədbirlər zamanı istiliklə əlaqəli xəstəliklər ciddi ictimai səhiyyə və əməliyyat riski yaradır. Bu risk tamaşaçılara, iştirakçılara, könüllülərə və tədbirlərdə çalışan işçilərə təsir göstərə bilər.
Təşkilatın 1980–2025-ci illər arasında dərc olunmuş araşdırmaları əhatə edən sübut icmalında kütləvi tədbirlər zamanı təxminən 500 min tibbi müraciət qeydə alınıb. Onların 22 mindən çoxu istiliklə əlaqəli xəstəliklərlə bağlı olub. Araşdırmalar göstərib ki, tədbir məkanlarında tibbi xidmətlər düzgün təşkil edildikdə xəstələrin 90 faizindən çoxunu birbaşa tədbir yerində müalicə etmək mümkündür. Bu isə yerli xəstəxanalara və təcili tibbi yardım xidmətlərinə düşən yükü əhəmiyyətli dərəcədə azalda bilər.
ÜST-nin Səhiyyə Fövqəladə Halları Proqramının icraçı direktoru Çikve İhekveazu bildirib ki, ekstremal istilər kütləvi tədbirlər zamanı sağlamlıq, təhlükəsizlik və tədbirlərin normal keçirilməsi üçün artan təhlükədir. Onun sözlərinə görə, bu risk yalnız ətraf mühit təhlükəsi kimi deyil, həm də tədbirlərin idarə olunması və planlaşdırılması məsələsi kimi nəzərə alınmalıdır.
ÜST-nin məlumatına görə, 1990-cı illərdən bəri istilərlə əlaqəli ölüm hallarının sayı təxminən 63 faiz artıb. 2012–2021-ci illərdə hər il orta hesabla 546 min insan istilə əlaqəli səbəblərdən həyatını itirib.
Kütləvi tədbirlər zamanı istilik riski bir sıra amillərin üst-üstə düşməsi ilə daha da artır. Uzun müddət açıq havada və günəş altında qalmaq, insanların sıx toplaşması, təhlükəsiz içməli suya çıxışın məhdud olması, səfərlərlə bağlı yorğunluq, insanların yerli iqlim şəraitinə bələd olmaması və səhiyyə xidmətlərinə əlavə tələbat bu riskləri gücləndirə bilər.
ÜST qeyd edir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) məlumatlarına əsasən, isti hava dalğaları da daxil olmaqla ekstremal istilər 1950-ci illərdən etibarən dünyanın əksər quru ərazilərində daha tez-tez və daha intensiv müşahidə olunur. Qlobal temperaturun hər əlavə artımı ilə isti hava hadisələrinin tezliyinin və intensivliyinin də yüksələcəyi proqnozlaşdırılır.
Bu risklərin daha yaxşı qiymətləndirilməsi və idarə olunması üçün ÜST “Kütləvi tədbirlər zamanı istiliklə əlaqəli xəstəliklərin qarşısının alınması və idarə olunması” adlı yeni resurslar toplusu hazırlayıb. Tövsiyələr kütləvi tədbirlər üzrə müxtəlif ölkələrdə əldə olunan təcrübə və sistemli araşdırmaların nəticələrinə əsaslanır. Təşkilatın bildirdiyinə görə, tədbir iştirakçılarını qorumaq üçün temperatur təhlükəli həddə çatmamışdan əvvəl hazırlıq və cavab tədbirlərinə investisiya qoymaq vacibdir.
ÜST bir sıra tədbirlərin birlikdə tətbiq edilməsini tövsiyə edir:
Yeni tövsiyələr tamaşaçılar, tədbir iştirakçıları, könüllülər və işçiləri əhatə edir. Sənəd ÜST-nin istilərlə bağlı sağlamlıq tədbirləri üzrə mövcud tövsiyələrini, milli istilik sağlamlığı fəaliyyət planlarını, əməyin mühafizəsi və təhlükəsizliyi tələblərini, fövqəladə hallara hazırlıq mexanizmlərini və klinik təlimatları tamamlayır.
ÜST xüsusilə tədbirə bütöv yanaşmanın vacibliyini vurğulayır. Məkanın dizaynı, izdihamın idarə olunması, su və sanitariya xidmətləri, nəqliyyat, təhlükəsizlik, kommunikasiya və işçi heyətinin idarə edilməsi insanların sərinlənməyə, təhlükəsiz suya və vaxtında tibbi yardıma çıxışına təsir göstərir.
Təşkilat tövsiyələrin tədbirin bütün mərhələlərində – hazırlıq, risklərin azaldılması və bərpa prosesində tətbiq edilməsini təklif edir. ÜST hökumətləri, tədbir təşkilatçılarını və tərəfdaş qurumları kütləvi tədbirlərin planlaşdırılması, hazırlığı və keçirilməsi zamanı istilik risklərinin idarə olunmasını səhiyyə sistemlərinə inteqrasiya etməyə çağırıb.
Lalə Mehralı
Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın mümkün çöküşü barədə xəbərdarlıq edib. Büdcə kəsiri 60 milyard avroya yaxınlaşdı.
Kalininqrad Kremlə təzyiq göstərmək üçün bir vasitəyə çevrilə bilər...
Putin və Kim Çen In arasındakı yaxınlaşma Çini narahat edir. Pekin Şimali Koreya ordusunun Rusiya texnologiyası ilə gücləndirilməsini istəmir…
Yeni qaydalar dronlara və raketlərə daha sürətli reaksiya verməyə imkan verəcək...
Putindən siqnallar...
Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...