PDF Oxu

Dünya

  • 1 179

Təbiət səbəbkarı olmadığı fəlakətin qurbanına çevrilir

Təbiət səbəbkarı olmadığı fəlakətin qurbanına çevrilir

Daşqınlar, meşə yanğınları, əriyən buzlaqlar... İqlim böhranının zərərini təkcə insanlar görmür, digər canlıların da həyatı təhlükə altındadır. Vəhşi təbiət fotoqrafları Süha Derbent və Dr. Murat Uslu üç il ərzində Şimal qütbündə baş verən dəyişiklikləri izləyib, əriyən buzlaqları və yaşamaq uğrunda mübarizə aparan heyvanları lentə alıblar. Antalyada keçiriləcək COP31 İqlim Sammiti ərəfəsində Süha Derbent Arktikada şahidi olduqları və iqlim böhranı haqqında Hürriyət qəzetinə danışıb. Müsahibəni təqdim edirik:

– Üç il ərzində Arktikanın çətin coğrafi şəraitində çalışmısınız. Bu səfərə çıxmaq qərarı necə yarandı?

– Bizi bu layihəyə yönəldən bir neçə səbəb var idi. İlk növbədə, buzlaqların əriməsi daim eşitdiyimiz və izlədiyimiz məsələ idi. Biz də bunu öz gözlərimizlə görmək və sənədləşdirmək istəyirdik. Bundan başqa, həm mənim, həm də Murat Uslunun qütb ayılarına olan heyranlığı mühüm rol oynadı. Arktika, şübhəsiz ki, insana möhtəşəm təbiət mənzərələri təqdim edir. Lakin öz gözlərimizlə şahidi olduğumuz sürətli ərimə prosesi bizə dünyanın sonunun yaxınlaşmasını izləyirmişik kimi təsirli bir mənzərə də yaşatdı.

– Kanadanın Baffin adasından Svalbardın şimalına qədər uzanan səfəriniz zamanı çətin hava şəraiti ilə qarşılaşmısınız. Özünüzü təhlükədə hiss etdiyiniz anlar olubmu?

– Vəhşi təbiət fotoqrafı kimi 40 ildən artıqdır ki, təbiətdə çalışıram. Xüsusilə Kanadada çox soyuq şəraitdə işlədik, lakin bu, bizim üçün öhdəsindən gəlinməyəcək problem deyildi. Əslində, əsas çətinliyi ən vəhşi canlı olan insanla yaşadıq. Kanadada qütb ayılarının ovlanmasına icazə verildiyi üçün ovçuların təhdidedici davranışları bizim üçün çətinlik yaradırdı. Özümüzü təhlükə altında hiss etdiyimiz vaxtlar da oldu.

– Arktika iqlim böhranının ən aydın müşahidə edildiyi ərazilərdən biridir, elə deyilmi?

– Hazırda sərgidə nümayiş olunan iki buzlağı sentyabr ayında çox təsirli hesab etdiyim üçün fotoşəkillərini çəkmişdim. Daha sonra, növbəti ilin iyun ayında həmin əraziyə qayıdanda buzlaqların tamamilə əriyərək yox olduğunu gördüm. Bu nümunəni xüsusilə ona görə çəkirəm ki, əlimizdə bunun fotoşəkil sübutu var. Bundan başqa, öz gözlərimizlə müşahidə etdiyimiz sentyabr-iyun ayları arasındakı ərimənin miqyasının çox böyük olduğunu deyə bilərəm.

Bir çox dəfə buzlaqların böyük parçalarının qoparaq dənizə düşməsinin şahidi olduq. Şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, kritik həddin aşılmasına çox az qalıb və geri dönüşü olmayan iqlim saatına yaxınlaşırıq. Lakin cəmiyyətin böyük hissəsi iqlim böhranı haqqında yalnız öz başına hansısa fəlakət gələndə danışmağa başlayır. Halbuki təbiət və canlılar səbəbkarı olmadıqları bir fəlakətin qurbanıdırlar. İqlim böhranının əsas səbəbi, ilk növbədə, fosil yanacaqlar olmaqla, insanın öz rahatlıq zonasını getdikcə genişləndirməyə çalışmasıdır. Təbiəti sonsuz və tükənməz hesab edərək yaşamaq, təəssüf ki, yalnız insana xas olan bir yanılmadır.

– Türkiyə noyabrın 9-dan 20-dək Antalyada COP31-ə ev sahibliyi edəcək. Siz Arktikada iqlim böhranının təsirlərinin şahidi olmusunuz. Sizcə, dünya liderləri bundan sonra hansı konkret addımları atmalıdırlar?

– COP31-in ölkəmizdə keçirilməsi bir çox baxımdan mühüm fürsətdir. Hər şeydən əvvəl, bu tədbir sayəsində iqlim məsələsinin daha çox müzakirə olunması, elmi hesabatların insanların əlçatanlığına təqdim edilməsi belə çox əhəmiyyətlidir. Digər tərəfdən, iqlim böhranının həqiqi məsuliyyət daşıyan tərəfləri ortaya qoyulmalıdır. Fosil yanacaq istehsalçılarının məsuliyyətini ayrı-ayrı insanların üzərinə yükləməklə vaxt qazanmağa çalışan siyasətlərdən imtina edilməsinin vacibliyi vurğulanmalıdır.

Dünyanı əslində daha çox inkişaf etmiş ölkələr çirkləndirdiyi halda, iqlim böhranından ən çox yoxsul ölkələr zərər çəkir. Bu da iqlim ədalətinin təmin edilməsinin vacibliyini göstərir. Bu ədalət təmin olunmadıqca təbii fəlakətlər sürətlə artacaq, böyük miqrasiya problemləri də meydana çıxacaq.

Əlbəttə, fərd olaraq hər birimizin iqlim böhranı ilə bağlı vicdani məsuliyyətimiz və görməli olduğumuz tədbirlər var. Lakin məncə, insanların kütləvi şəkildə böyük şirkətləri və dövlətləri iqlim böhranı ilə bağlı konkret addımlar atmağa sövq edəcək birgə fəaliyyətə ehtiyacı var. Bu məqamda vətəndaş cəmiyyəti təşkilatları da mühüm təsir göstərə bilər.

– Bir müddət əvvəl Şimal qütbündə qar motosikleti ilə qütb ayısının arxasınca getdiyiniz fotoşəkillər gündəmə gəlmiş və müzakirələrə səbəb olmuşdu. Həmin gün nə baş vermişdi?

– 1990-cı illərdə bir dəfə həmin əraziyə getmişdim. Bu, mənim planlaşdırdığım səfər deyildi. Səfəri təşkil edən şəxsin ayıları narahat edən davranışına görə oradakı işimi dayandırıb geri qayıtdım. Ayını izləməyin onu narahat edəcəyini düşünürəm və bunun qətiyyən düzgün olmadığını hesab edirəm. O vaxt bələdçilərin tətbiq etdiyi bu üsul hazırda Kanada istisna olmaqla, digər yerlərdə onsuz da qəti şəkildə qadağandır.

– Bu gün vəhşi təbiəti lentə almaqla təbii həyata müdaxilə etmək arasındakı sərhədi necə müəyyənləşdirirsiniz?

– Hazırda bu sahədə etik qaydaları əvvəlcədən müəyyən edilmiş təşkilatların turlarında iştirak edirik. Məsələn, Kanadada ovçuluğa icazə verildiyi halda, Norveçdə ayılara yaxınlaşmaqla bağlı çox sərt qaydalar mövcuddur. Bələdçilər bu məsələdə son dərəcə həssasdırlar. Heyvanları izləmək də onsuz da qadağandır.

Heyvanları çəkərkən bizim üçün əsas prioritet onların təhlükəsizliyi və narahat edilməməsidir. Daha yaxşı fotoşəkil əldə etmək üçün nə heyvanı, nə də özümüzü riskə atırıq. Onsuz da hər şeyi çəkməyimiz vacib deyil. Onları sadəcə görmək belə bizim üçün kifayət qədər böyük xoşbəxtlik və imtiyazdır.

Tərcümə: Lalə Mehralı

Digər xəbərlər