“Bu bəşəriyyətə qarşı bir cinayətdir” - DEPUTATDAN AÇIQLAMA

“Türkiyədə baş verən yanğın həm də Azərbaycanın faciəsidir. Həqiqətən bu yanğınları, o insanların sarsıntılarını, göz yaşlarını, çırpıntılarını gördükcə hər bir insanın ürəyi dağlanır. Türkiyə də bizim qardaş ölkəmizdir və Türkiyəyə dəyən bu zərər, Türkiyə insanlarının yaşadığı bu iztirablar bizim üçün də çox üzücüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, yanğının kimin törətməsi ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları məşğul olur: “Türkiyə Prezidenti, o cümlədən xarici işlər naziri də bununla bağlı bir neçə fikir irəli sürüblər ki, necə ola bilər ki, yanğınlar bütün şəhərlərdə eyni vaxtda başlasın. Demək ki, burada çox ciddi şübhəli məqamlar var və o şübhəli məqamların aradan götürülməsi, aşkara çıxarılması üçün də müəyyən işlər aparılır. Kim bunu törədir-törətsin artıq ondan böyük günah sahibi ola bilməz. Çünki bu nəinki insanların, bütün canlıların, insanların illər boyu yığdıqlarının yanması deməkdir. Bu bəşəriyyətə qarşı bir cinayətdir və təbii ki, belə insanlara artıq insan da demək olmaz. Artıq o xislət insan xisləti ola bilməz. Şeytan xislətindən belə betərdir”.

Deputat sözlərinə belə davam edib: “Ümid edirəm ki, bu cür insanlar əgər doğrudan da təxribat törədənlər varsa, onlar çox ciddi şəkildə cəzalandırılacaqlar və həm Azərbaycan, həm də Türkiyədə yaşayan bütün insanların, o cümlədən bütün dünyada o tərəqqisevər, sülhsevər, insanpərvər insanların da nifrətini qazanacaqlar”.

Ayşən Vəli