Tacikistan vətəndaş müharibəsi ərəfəsində

"Ölkədə səfirliklər bağlanıb, hər 50 metrdən bir postlar qurulub"

Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar davam edir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Tacikistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib.

Hökumət qüvvələri ilə Nəzərzadənin rəhbərlik etdiyi silahlılar arasında dəfələrlə silahlı toqquşmalar olub. Daha 50 nəfər öldürülüb. Ölkədə gücləndirilmiş blokpostlar qurulub, yolun hər iki istiqamətində hərəkət edən insanların sənədləri və avtomobillərdəki yüklər yoxlanılır. Postlar hər 50 metrdən bir yerləşdirilib. Əraziyə jurnalistlər buraxılmır. Düşənbə və Vaxdate şəhərlərində həyata keçirilən hücumların gedişatında Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin 33 əməkdaşı öldürülüb. Onlardan 25-i Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır. Nəzərovun hücumları desant-hücum batalyonunun 135 hərbi qulluqçusu ilə həyata keçirdiyi bildirilir. Yerli sakinlərin sözlərinə görə, hər gecə ərazidən silah və partlayışların səsləri eşidilir. Məlumata görə, vətəndaş müharibəsinin tərəfləri arasında 1997-ci ilin iyununda bağlanmış razılaşmaya əsasən Birləşmiş Tacik Müxalifətinə 30 faizlik kvota verilib. Vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərov da məhz müxalifətin nümayəndəsidir. Bundan başqa, məlumata görə, hücumların təşkilində Nəzərovun sağ əli sayılan Cunaydullo Umarov önəmli rol oynayıb. Müdafiə Nazirliyinin polkovniki olan Umarov vətəndaş müharibəsi illərində müxalifətin döyüşçüsü olub. Düşənbə şəhərinin komendantı olan Umarov sonradan Müdafiə Nazirliyində işləyirdi. Rəsmilər baş verənlərdə vəzifəsindən azad edilimiş nazir müavini general Aduhalim Nəzərzou ittiham edirlər. Onlar deyirlər ki, general terrorçu qrupa rəhbərlik edir.

Politoloqlar hesab edirlər ki, Tacikistanda itaətsizlik çox nadir hadisədir, lakin bu hücum ölkənin ictimai həyatında islamın rolu ilə bağlı ziddiyyətlərin mövcudluğunu göstərir. Belə ki, əhalisinin böyük əksəriyyəti dindar müsəlman olan Tacikistanda müstəqillik əldə ediləndən bəri dünyəvi quruluş bərqərar edilib. Son illərdə yaranmış iqtisadi çətinliklər bu ziddiyyətləri daha da kəskinləşdirib. Bunun nəticəsində gənc taciklər arasında islamın daha radikal təriqətləri populyarlıq qazanır. Ötən həftə Tacikistanın Ədliyyə Nazirliyi İslam Dirçəliş Partiyasının fəaliyyətini qadağan edib. Bu, ölkədə yeganə dini partiyadır.

Məsələnin daha ciddi səbəbləri var. Belə ki, ABŞ səfirliyi də daxil olmaqla Tacikistanda bir neçə səfirlik öz fəaliyyətini dayandırıb. Həmçinin bu da qeyd olunmalıdır ki, Tacikistan ərazisində Rusiyanın hərbi bazası var. Ekspertlər hesab edirlər ki, Tacikistanda yaşanan bu xoşagəlməz hadisə bir neçə gün içərisində sonuclanacaq. Lakin bu proses uzana da bilər. Çünki qiyamçılar dağlara çəkiliblər. Bununla belə şübhəsiz ki, qiyamçılara qoşulmaq istəyənlərin qarşısı alınacaq, bu istiqamətdə Tacikistan hökuməti kifayət qədər addımlar atıb. Bundan başqa ölkədə Rusiya hərbi bazasının olması vəziyyətin daha da gərginləşəcəyinə olan ehtimalları azaldır.

Samir