Xəbər verildiyi kimi, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevə də bu mükafat təqdim olunub.
Tədbirdə Türkiyə, Qazaxstan, Özbəkistan, Pakistan, Qırğızstan, Livan, İordaniya liderləri çıxış edərək Azərbaycan və Ermənistan liderlərinin sülh istiqamətində apardıqları işləri yüksək qiymətləndiriblər və mükafata layq görülmələri münasibətilə onları təbrik ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməyin özü üçün böyük şərəf olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, o, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.
"Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.
Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq"- dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti ölkələr arasında iqtisadi əməkdaşlığın bərpa olunması üçün görülən işləri də qeyd edib: Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik...
Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür".
Azərbaycan lideri onu bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə dərin minnətdarlığını bildirib.

Daha sonra Ermənistan Respublikasının baş naziri də çıxış edərək bu mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirib və qeyd edib ki, sülhün əldə edilməsi üçün əlindən gələni edib və edəcəkdir.
Daha sonra “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatları- əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı və “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış ediblər.
Sonda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə və digər laureatlara “Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim edib.
Lauretantlar və iştirakçılar tədbirin təşkilinə görə, Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Roma Papası XIV Leo və Əl-Əzhər Şərifin böyük imamı, Müsəlman Ağsaqqalları Şurasının sədri, professor Əhməd Əl-Tayyib “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik məktubları ünvanlayıblar.

Göründüyü kimi, Azərbaycan Prezidenti daha bir beynəlxalq mükafata layq görüldü və bu mükafat onun qlobal və regional sülhün əldə olunması, xalqların, ölkələrin dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaları istiqamətində göstərdiyi yorulmaz səylərin nətcəsidir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyəti regional sərhədləri çoxdan aşıb və qlobal miqyasda qəbul olunur və hörmət edilir. İlham Əliyevin adı dünya liderləri ilə birgə çəkilir və onun qlobal məsələlərdə mövqeyinə hörmətlə yanaşılır. Xüsusən də, dövlətmizin başçısının sülh siyasəti bütün dünyada müsbət qarşılanır və onun ölkələr arasındakı məsələləri həll etmək bacarığı qiymətləndirilir. Məhz buna görə, belə beynəlxalq mükafata da dünya ölkələrindən cəmi 2 dövlət başçısı layiq görülüb ki, onun da biri və birincisi İlham Əliyevdir.
Azərbaycan rəhbərinin islam dünyasında özünəməxsus nüfuzu və müsəlman ölkələrində hörmətlə qarşılanan mövqeyi var. Son dövlər bu ölkələrlə Azərbaycan arasında münasibətlər daha da yaxınlaşıb və iqtisadi əməkdaşlıq artıb. Bütün bunlar ölkəmizi həm regional miqyasda güc mərkəzinə çevirib, həm də dünya miqyasında Azərbaycanın nüfuzunu artırıb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir.
Elçin Bayramlı