PDF Oxu

Əsas

  • 1 551

Milli Məclisdə mühüm qanun layihələri qəbul edildi

image

Fevralın 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri gündəliyə 10 məsələnin daxil edildiyini diqqətə çatdırıb. O, bildirib ki, gündəliyin birinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsidir.

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.

Çıxışında 2025-ci ildə Azərbaycanın siyasi və diplomatik uğurlarından söz açan nazir müavini qeyd edib ki, ötən ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da müsbət nəticələr əldə olunub. Yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və bələdiyyələrin struktur islahatları nəticəsində onların sayı ölkə üzrə 685 vahid təşkil edib. Həmçinin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk dəfə ötən ilin yanvarında bələdiyyə seçkiləri keçirilib, nəticədə bələdiyyələrin yeni tərkibi formalaşıb. Əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib.

Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81711, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1935 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Ümumilikdə, həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 1700-ə yaxın aktın dəyişdirilməsi və ya ləğv edilməsi aidiyyəti bələdiyyələrə təklif olunub. Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4132 müraciətdən 313-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusi nəzarətdə saxlanılıb və belə müraciətlərdən 65-i təmin olunub.

Qeyd olunub ki, inzibati nəzarət icraatı zamanı 62 halda cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, bir qismi üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, digər materiallar isə istintaq orqanlarında baxılmaqdadır. Bildirilib ki, 2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə bütün aktların qanunvericiliyin tələbinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sisteminə yerləşdirilməsi təmin olunub.

Torpaq sahələrinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi nəticəsində 3 min hektardan çox torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb.

Bildirilib ki, 2025-ci ilin aprel ayında dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7,9 milyon manat (14,4%) artaraq, 63 milyon manata yaxın vəsait təşkil edib. Bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən, bu göstəricinin 2025-ci ilin yekunları üzrə də yüksək olması proqnozlaşdırılır. Qeyd olunub ki, 2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi yaradılıb.

Diqqətə çatdırılıb ki, keçən il qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə uyğun olaraq “Elektron icra” informasiya sistemi ilə bələdiyyələrin icra sənədlərinin elektron kabinet vasitəsilə operativ şəkildə icraya yönəldilməsi, icra prosesinin izlənilməsi imkanı təmin olunub.

Yerli özünüidarəetmə sahəsində aşkarlığın, şəffaflığın, ictimai iştirakçılığın artırılması ilə bağlı da ardıcıl tədbirlər görülüb. Vurğulanıb ki, “Bələdiyyələrlə iş” informasiya sistemi (BİİS) yerli özünüidarəetmə orqanlarının fəaliyyətində operativliyin, səmərəliliyin, şəffaflığın, habelə məlumatların sistemliliyinin və əlçatanlığının təmin olunmasında mühüm rol oynayır.

Eyni zamanda, bir sıra qanunlara edilmiş dəyişikliklərlə bələdiyyələrin vahid informasiya sisteminə dövlət informasiya sistemi statusu verilib, sistemin “Hökumət buludu”nda yerləşdirilməsi və dövlət reyestrlərinə daxil edilməsi nəzərdə tutulub.

İl ərzində bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrası prioritet istiqamətlərdən biri olub. Ötən il bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminatla bağlı xərclərə 1,7 milyon manatdan çox vəsait sərf olunub.

Nazir müavinin sözlərinə görə, 2025-ci ildə bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Nazirlik tərəfindən ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət orqanları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi və onun müvafiq komitələri ilə sıx əməkdaşlıq davam etdirilib.

Vurğulanıb ki, ümumilikdə 2025-ci il ərzində görülən işlər ölkəmizdə bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və onların fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsinə xidmət edir.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb.

Komitə sədri çıxışında ötən il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açıb. O, 2025-ci ildə yerli özünüidarəetmə sahəsində də baş verən mühüm hadisələrdən bəhs edib. Qeyd olunub ki, 2025-ci ildən etibarən bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması tam elektron mühitə keçirilmiş və ölkə üzrə bütün bələdiyyələrin aktları “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə təqdim olunmağa başlanmışdır. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da bu sistemə inteqrasiyası təmin edilmişdir.

Siyavuş Novruzov 2025-ci ildə Milli Məclisdə yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş mühüm qanunvericilik təşəbbüslərinin müzakirə olunmasından da bəhs edib.

Komitə sədri 2025-ci ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, nüfuzunun və maliyyə dayanıqlığının artırılması istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində görülən işləri yüksək dəyərləndirib, yerli özünüidarəetmənin daha səmərəli və funksional işləməsi ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndirib.

Məsələnin müzakirəsində çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Vasif Qafarov, Kamran Bayramov, Azər Badamov, Elman Nəsirov illik məruzənin qənaətbəxş olduğunu söyləyiblər, bəzi fikir və qeydlərini açıqlayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında hesabatın ətraflı hazırlandığını bildirib. O, Milli Məclisin deputatlarının seçicilərlə mütəmadi görüşlər keçirdiyini, parlamentdə çoxsaylı dinləmələrin təşkil olunduğunu deyib. Spiker millət vəkillərinin yerlərdəki məsələlərlə yaxından tanış olduğunu qeyd edərək, bugünkü müzakirələrdə deputatlar tərəfindən verilən təkliflərin də gələcəkdə nəzərə alınacağına və öz səmərəsini verəcəyinə əminliyini bildirib.

İclasda nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı qaldırılan məsələlərə münasibətini bildirib, səsləndirilən fikirlər və təkliflərlə bağlı müvafiq işlərin görüləcəyini deyib.

Sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzə səsə qoyularaq nəzərə alınıb.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. O, layihənin mətnində dəyişiklik aparılmadığını diqqətə çatdırıb və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin üçüncü məsələsi olan Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. O, qanun layihəsində təklif olunan dəyişikliklərlə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini və sənədin geniş müzakirə olunduğunu deyib. O, layihənin mətnində dəyişiklik aparılmadığını diqqətə çatdırıb və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələni - “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri sənədlə bağlı əlavə rəy və təkliflərin daxil olmadığını söyləyərək, onun üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib və gündəliyin beşinci məsələsi ilə bağlı məlumat vermək üçün sözü parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürova təqdim edib.

Zaur Şükürov bildirib ki, Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. O, qanun layihəsində təklif olunan dəyişikliklərlə bağlı birinci oxunuşda ətraflı məlumat verildiyini, sənədlə bağlı əlavə rəy və təkliflərin daxil olmadığını söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.

Diqqətə çatdırılıb ki, "Büdcə sistemi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

"Mühasibat uçotu haqqında" qanunda "e-mühasibat" informasiya sistemi ifadəsi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi ilə əvəz olunur.

"Dövlət satınalmaları haqqında" Qanunda nəzərdə tutulan dəyişiklikdə satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə bağlanılması təsbit edilir.

Vüqar Bayramov, habelə məsələnin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Parlamentin sədri gündəliyin son 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O, qeyd edib ki, qanun layihəsi cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin, ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırılmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə hazırlanıb.

Bildirilib ki, Məcəllənin yeni redaksiyada təklif olunan 24-cü maddəsinə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda, cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə, cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda "İcra haqqında" Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı açıqlayıb.

Diqqətə çatdırılıb ki, beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması, yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti yaranır.

Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq, layihədə dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və aerodromların inşasının torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi təklif olunur.

Sənəddə, həmçinin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun 3.1.5-ci maddəsindən irəli gələrək, uyğunlaşdırma çərçivəsində Mülki Məcəllənin 157.9-cu maddəsinə "dəniz limanının ərazisinin artırılması" sözləri əlavə edilir.

Nurlan Həsənov, habelə ölkə Prezidentinin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyini söyləyərək, hazırda köhnə və qəzalı vəziyyətdə olan tikililərin sökülməsi, müasir tipli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi, abadlıq işlərinin görülməsi məqsədi ilə həyata keçirilən tədbirlər və bu sahədə yaranmış durumla bağlı bəzi qeydlərini açıqlayıb.

Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov və Fazil Mustafa məsələnin əhəmiyyəti barədə öz fikirlərini səsləndiriblər.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sənədə dair bu komitənin rəyini bildirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri nəzərə çatdırıb ki, bu günlərdə ölkə Prezidentinin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı rəqəmsallaşma ilə bağlı islahatların gələcək fəaliyyətimizdə əsas prioritetlərdən olduğunu diqqətə çatdırıb və qarşıya yeni fundamental vəzifələr qoyub. O, bildirib ki, Prezident dövlət idarəçiliyində və vətəndaşlara xidmət sahəsində ən müasir texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.

Musa Quliyev müzakirəyə təqdim olunan qanun layihəsinin Prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olduğunu və dövlət idarəetməsində yeni dövrün çağırışlarına cavab verdiyini söyləyib. O, qeyd edib ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir.

Komitə sədri deyib ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN (sosial sığorta nömrəsi) və FİN (fərdi identifikasiya nömrəsi) məlumatlarının hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. O, habelə əksər dövlət orqanlarında məlumatların uçotunun FİN üzərindən aparıldığını söyləyib. Bildirilib ki, bunu nəzərə alaraq, qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyətini açıqlayıb. O, layihənin qanunvericilik təşəbbüsü qaydasında komitə tərəfindən hazırlandığını, təklif olunan dəyişikliklərin qüvvədə olan qanunun “Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat” adlanan 13-cü maddəsinə aid olduğunu söyləyib.

Komitə sədri qeyd edib ki, qanunvericiliyə görə investorun razılığı olmadan investisiyanın alınmasına və milliləşdirilməsinə yol verilmir. Hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər.

Bildirilib ki, təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya milli maraqlara zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınması və ya milliləşdirilməsidir. Layihənin müddəalarına görə, milliləşdirmə və alınma zamanı ədalətli bazar dəyəri əsasında kompensasiya ödənilir.

Diqqətə çatdırılıb ki, Qanuna təklif olunan yeni 13.5-ci maddəyə əsasən, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilir. Bu dəyişiklik mahiyyətcə dövlətin milli və iqtisadi maraqlarının müdafiəsindən, milli və iqtisadi təhlükəsizliyin investor hüquqları ilə uzlaşdırılmasından ibarətdir.

Azər Əmiraslanov qanun layihəsi ilə bağlı bəzi məqamları nəzərə çatdıraraq bildirib ki, təqdim olunan sənəd investisiya fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur. O, qeyd edib ki, strateji əhəmiyyətə malik investisiyalar dövlətin nəzarətindən kənarda qaldıqda iqtisadi asılılıq yaradır, mühüm infrastruktur obyektlərinə nəzarət riskini artırır və geosiyasi təsir alətinə çevrilə bilir. Bu baxımdan strateji risklərə qarşı hüquqi müdaxilə mexanizminin olmaması suverenlik üçün təhdidlər yarada bilər. Biz investisiyaları təşviq etməklə və bunun üçün hüquqi təminat yaratmaqla yanaşı, strateji sahələrdə də milli maraqlarımızı qorumalıyıq. Komitə sədri bununla bağlı beynəlxalq təcrübədə olan nümunələrdən söhbət açaraq, bunun təklif olunan dəyişiklikərdə nəzərə alındığını söyləyib.

Bildirilib ki, qanun layihəsinin müddəalarından göründüyü kimi, strateji investisiyalara münasibətdə dövlət maraqlarının qorunması hallarında belə, investorun hüquqlarının pozulmasına yol verilmir. Belə ki, Qanunda mülkiyyətin toxunulmazlığı əsas prinsip kimi təsbit edilir, ədalətli kompensasiya və digər təminatlar verilir. Qeyd olunub ki, təklif edilən dəyişikliklər investisiya azadlığını məhdudlaşdırmır, onu yalnız dövlətin mənafeyi və maraqları ilə uzlaşdırır. Layihədə investorun hüququ qorunur, eyni zamanda, dövlətin mənafeyi prioritet təşkil edir.

Müzakirələrdə deputat Qüdrət Həsənquliyev bəzi qeydlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Elçin Bayramlı

Parlament müxbiri

Digər xəbərlər