Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.
Dövlətimizin başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.
Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib. Yermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunulub, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, son illərdə iki ölkə arasında əmkdaşlıq və yaxın münasibətlər daha da güclənib. Həm beynəlxalq təşkilatlarda (Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi və Türk Dövlətləri Təşkilatında), həm ikitərəfli əlaqələrdə yeni dövr başlayıb.
Burada dostluq və əməkdaşlıq təkcə dövlətlər arasında deyil, həm də xalqlar arasında möhkəmlənir. Azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Çar Rusiyası və Sovet İttifaqı dövründə isə hər iki xalq bir ölkə tərkibində yaşayıblar və sıx əlaqələrə malik olublar.
Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda 300 minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
1990-cı illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında Azərbaycanın haqq səsini dünyaya bəyan edib. Qazaxıstan Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan hökuməti arasında 150-dən çox sənəd imzalanmışdır.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var. Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynamışlar. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər.
Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də birgə əməkdaşlıq ediblər ki, bu ənənə günümüzdə də davam edir.
.png)
2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır.
İki ölkə arasında iqtisadi ticari dövriyyə də artır. 2010-cu ildə 150 milyon, 2024-cü ildə 470 milyon təşkil edən qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ildə 700 milyon dollara çatmışdır. Bu, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi, infrastrukturun modernləşdirilməsi və birgə layihələrin səmərəliliyinin nəticəsidir. Hədəf bu rəqəmin 1 milyarda çatdırılmasıdır.
Azərbaycan investisiyalarının Qazaxıstana həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir.
Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.
Bununla bağlı vurğulamaq yerinə düşər ki, 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.
İki ölkə arasında təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq getdikcə artır.
Xəzər dənizi vasitəsilə həmsərhəd olan 2 dost ölkənin bütün sahələrdə əməkdaşlığının artırılması üçün çox böyük potensial var və bu sahədə işlər sürətlə həyata keçirilir. Bu əməkdaşlıq isə hər iki ölkənin inkişafına öz müsbət təsirini göstərir.
Elçin Bayramlı