Mayın 18-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.
Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident qeyd edib: "Bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. Bu, 2-ci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir. Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar".
Bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu da diqqətə çatdıran Azərbaycan lideri qeyd edib: "Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq".
Prezident İlham Əliyev Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrinə də toxunub.
Çirkləndiyi üçün əvvəllər ərazinin “Qara şəhər” adlandırıldığını söyləyən dövlətimizin başçısı deyib: “İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağ şəhəri yaratmışıq". Prezident müasir şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i qeyd edib və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.
Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb: “Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir”.
Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladan Prezident İlham Əliyev orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil. Hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir: “Belə mühüm tədbir çərçivəsində bizim BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşümüz imkan yaradacaq ki, bir-birimizdən daha çox şey öyrənək, müsbət təcrübədən yararlanaq və həmçinin səhvlər haqqında danışaq”.
O, Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib: “Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, torpaq və hava çirklənib. Bakının bir yerində “Qara şəhər”, Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu adlar heç nə demir. Amma vaxtınız varsa, bu yerləri ziyarət edin və 20 il əvvəl necə göründüklərini və iş görüldükdən sonra hansı görünüşə sahib olduqlarını göstərən foto və videolara baxın. Təbii, bu da göstərir ki, Bakıda və respublikanın digər yerlərində bu işlər aparılır. Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük, xüsusilə də bu, paytaxt şəhərləri üçün keçərlidir. Ona görə də biz, ilk növbədə, cəsarətli, eyni zamanda, ehtiyatlı yanaşma həyata keçirməliyik.
Biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qorumaqdır və əminik ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər".
Azərbaycan Prezidenti müasir şəhərsalmanın vacibliyini vurğulayıb: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk. 2022-ci ildən etibarən biz 3 Milli Şəhərsalma Forumunu təşkilatla (UN-Habitat ilə- red.) birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur. Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk. Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik".
Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.

BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib: Siz qlobal böhranlar, münaqişələr, artan enerji xərcləri və bahalaşan ərzaq qiymətləri dövründə görüşürsünüz". O, bugünkü gündəliyin daha az danışılan qlobal mənzil böhranına yönəldiyini vurğulayaraq əlavə edib: “Mənzil təminatı bir insan hüququdur və insan ləyaqəti üçün fundamental əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu həmin məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq”.
BMT Baş Assambleyasının prezidenti Annalena Berbok qeyd edib ki, WUF13 mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün imkan yaradır: "Hər kəs üçün əlçatan, təhlükəsiz və layiqli mənzil təminatı fundamental insan hüququdur. Bu, ləyaqətin, sağlamlığın, təhlükəsizliyin və imkanların təməlidir. Lakin bu gün həmin təməl hələ də həddindən artıq çox insan üçün əlçatmaz olaraq qalır; 1,1 milyarddan çox insan hələ də qeyri-rəsmi qəsəbələrdə və ya gecəqondularda yaşayır, 300 milyondan çox insan isə evsizdir. Bunun fəsadları yalnız mənzillə məhdudlaşmır, daha geniş miqyasa yayılır. Təhlükəsiz mənzil olmadıqda sağlamlıq pisləşir, təhsil pozulur, təhlükəsizlik hissi zəifləyir, bərabərsizlik dərinləşir və icmalar iqlim şoklarına və fəlakətlərə qarşı daha aciz olurlar".
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm bir məqama təsadüf edir: "Bu, mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək və eyni zamanda, bu işi dayanıqlı urbanizasiyanın daha geniş çağırışları ilə əlaqələndirmək üçün bir imkan yaradır. Gəlin dürüst olaq: bu miqyasda bir böhranın sadə həlli yoxdur. Daha çox ev tikmək vacibdir, lakin bu, təkbaşına kifayət etməyəcək. Mənzil təminatını infrastruktur, əsas xidmətlər, iqlimə dözümlülük, maliyyələşdirmə və inklüziv planlaşdırma ilə əlaqələndirilən sistemli yanaşmaya ehtiyac var. Belə bir yanaşma həm də geniş iştirakçılıqdan asılıdır, çünki dayanıqlı şəhər inklüzivliyini və inkişafını təkcə hökumətlər təmin edə bilməz. Bu, yerli hakimiyyət orqanlarının, icmaların, vətəndaş cəmiyyətinin, özəl sektorun, ekspertlərin, eləcə də sakinlərin özlərinin yaşadıqları şəhərlərin formalaşmasına kömək etməsini tələb edir".
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.
Forumda mövzu ilə bağlı çoxsaylı çıxışlar olub, müzakirələr aparılıb. Forumun müasir şəhərsalmanın inkişafına yüksək töhfələr verəcəyi qeyd olunub.
Elçin Bayramlı