PDF Oxu

Əsas

  • 2 121

İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində verdiyi siyasi dərs - TƏHLİL

image

Ermənistan paytaxtında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir. Toplantıya videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyev çıxışında maraqlı məqamlara toxunub.

Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik - dövlət başçısı bildirib. Ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamə imzaladıqlarını xatırladan Prezident İlham Əliyev sülh əldə edildikdən sonra Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğulayıb.

"İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı- benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib".

Azərbaycan lideri qeyd edib ki, sülh sahəsində digər nailiyyət bağlantılardır: “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.

İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra- 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl- bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi.

Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib.

Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın".

Azərbaycan Prezidenti vurğulayıb ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir".

Göründüyü kimi, Azərbaycan Prezidenti növbəti dəfə beynəlxalq tribunadan Azərbaycanın sülhsevər siyasəti, əməkdaşlıq istyəklərini bəyan edib və ölkəmizə qarşı siyasət aparan Avropa Parlamentini və AŞPA-nı sərt tənqid edib.

Azərbaycan Avropayönümlü siyasət aparsa da, iqtisadi əməkdaşlığı daha çox Avropa ilə qursa da Avropa təşkilatları bunu görməməzliyə vurur. Azərbaycan dünyada neft-qaz böhranının başladığı bir dövrdə Avropanı neft və qazla təmin edir. Rusiya neft-qazının kəsildiyi bir vaxtda Avropanın neftə və qaza ehtiyacı daha da çoxalıb. Yaxış Şərqdəki müharibə ilə bağlı daha bir alternativ mənbə sıradan çıxdığından Azərbaycan Avropa üçün ən etibarlı neft və qaz təchizatçısı kimi qalır. Hazırda Azərbaycan 11 Avropa ölkəsinə qaz ixrac edir. Bunun müqabilində Avropa siyasi təşkilatları (AP və AŞPA) Azərbaycanın bu zəhmtini qiymətləndirmək əvəzinə ölkəmizin mənafeləri əleyhinə qətnamələr qəbul edirlər. Bunun sadə dildə adı nankorluqdur.

Qarabağ məsələsi hər tərəflər, həm də dünya üçün bitsə də, görünür Avropa parlamentləri üçün bitməyib. Bu təşkilatlar müharibədən əvvəl Qarabağda yaşamış ermənilərin (hansı ki çoxu terrorçu və cinayətkarlardan, həmçinin sonradan köçüb işğal edilmiş ərazidə məskunlaşanlar idi) yenidən geri qaytarıılmasını tələb edir. Guya insan hüquqlarını qoruyurlar. Amma 1 milyona yaxın azərbaycanlının Ermənistandan və Qarabağ bölgəsindən qovularaq 30 ildən artıq qaçqın-köçkün həyatı yaşamasına qarşı onların səsi çıxmırdı, burada insan hüquqları yada düşmürdü.

İndi Ermənistan hakimiyyəti vəziyyətlə barışıb və bunun ədalətli olduğunu qəbul edir, lakin Avropa parlamentləri "Roma papasından daha çox kotolik olmaq"da davam edirlər. Burada əlbəttə, təkcə erməni lobbisinin təsirlərini qeyd etmək sadəlövhlük olardı. Avropa siyasi mərkəzlərinin riyakarlığı təkcə bu məsələdə deyil, çox məsələlərdə özünü göstərir və bunun arxasında strateji məqsədlərin, siyasi və iqtsadi təzyiqlərin dayandığını görməmək olmur.

Hər bir halda Azırbaycan dünyada etibarlı tərəfdaş, ədalətli siyasət yürüdən, qarşılıqlı iqtisadi əməkdaşlığa can atan ölkə kimi tanınır. Bu səbəbdən dünyada bir-biri ilə münaqişədə olan bütün ölkələrlə Azərbaycanın normal əlaqələri var- hətta düşmən ölkə olan Ermənistanla belə sülhə can atılır. Belə bir ölkəyə qarşı qərəzlilik, ədalətsizlik, nankorluq yalnız bunu edənlərin özünə zərər vura bilər.

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı Avropa siyasətçilərin verdiyi növbəti master klass idi. Bu dərsdən məntiqi nəticə çıxarmalıdırlar. Əks halda yalnız özlərinə zərər verəcəklər.

Azərbaycan lideri son addımları və bəyanatları ilə bunu aydın şəkildə ortaya qoydu. Avropa Parlamenti ilə əlaqələrin kəsilməsi Bakının öz haqlı mövqeyində qətiyyətli olduğunu aydın göstərir. Prezident İlham Əliyev dəfələrlə açıq bəyan edib- Azərbaycan müstəqil dövlətdir və heç bir siyasi və ya iqtisadi təzyiqlər onu öz siyasətindən əl çəkməyə vadar edə bilməz. Bunu nəhayət Avropada da anlasalar yaxşı olar.

Elçin Bayramlı

Digər xəbərlər