Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün institusional dəstək mexanizmləri gücləndirilib
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası Laçın şəhərində keçirilib.
İclasda işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəlişin sürətləndirilməsi, biznes fəallığının təşviqi və investorlar üçün cəlbedici mühitin yaradılması məqsədilə ardıcıl və genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb.
Qeyd olunub ki, azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün institusional dəstək mexanizmləri gücləndirilib, biznes subyektlərinin həmin ərazilərə cəlbini stimullaşdıran effektiv təşəbbüslər həyata keçirilib. Bunun nəticəsidir ki, bölgəyə sərmayədar marağı getdikcə artır, burada istehsal fəaliyyəti genişlənib və istehsal olunan müxtəlif məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönləndirilməklə yanaşı, xaricə ixrac olunur. Həmçinin sənaye zonalarında infrastruktur daha da təkmilləşdirilir, istehsal sahələri şaxələndirilir və ardıcıl yeni layihələr icra edilir.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda aparılan bərpa və quruculuq işlərindən danışıb, əhalinin yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar barədə məlumat verib.
İclas zamanı Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.
Laçına səfər çərçivəsində işçi qrupun üzvləri rayondakı “Zerti” Aqro-Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Ümumiyyətlə, son vaxtlar Qarabağda görülən işlər həmin bölgənin mənzərəsini tamam dəyişib. Şəhərlər, kəndlər abadlaşır, müasir yollar və nəqliyyat infrastrukturu, kommunal sistemlər dünya standartlarında qurulur. Bunun nəticəsində bölgədə iqtisadi aktivlik artıq, yeni müəssisələr yaranır. Paralel olaraq aqrar sektor da inkişaf edir. Bölgənin tuzim potensialından istifadə imkanları artır. Xüsusən də, Laçın rayonunun çox böyük potensialı var. Burada həm turizm üçün, həm aqrar sektor üçün təbii potensial böyükdür. Bu potensiaıdan düzgün istifadə rayonun iqtisadi canlanmasını və əhalinin sosial rifahını artırır. Rayonun yenidən məskunlaşdırılması işləri sürətlənir. Əhalinin yerləşməsi, evlə təminatı, məşğullununun təmin olunması rayon üçün böyük perspektiv vəd edir.
Burada sahubkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Rayon həm yerli, həm xarici investorlar üçün cəlbediicliyini artırıb. Laçında yaşıl enerji, yaşıl iqtisadiyyat üçün böyük imkanlar var və bu istiqamətdə xüsusi proqramlar həyata keçirilir. Enerji infrastrukturu yaşıl energetika üzərindən qurulur. Rayonda heyvandarlıq, arıçılıq, meyvəçilik və dərman bitkiləri sənayesi üçün çox böyük potensial var ki, bu sahələrin getdikcə canlandırılması Laçını ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevirməyə qadirdir.
Qarabağ bölgəsinin müasir standartlara uyğun qurulması və "yaşıl iqtisadiyyat" bölgəsinə çevrilməsi Prezident İlham Əliyevin dediyi kimi, "Böyük Qayıdış" proqramının əsas prioritetidir. Bu kontekstdə Laçın rayonu özünəməxsus yeri ilə seçilir. Yaxın illərdə Laçin rayonu təkcə Qarabağın deyil, ölkənin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Elçin Bayramlı