PDF Oxu

Əsas

  • 2 150

Milli Məclisdə yeni qanunlar müzakirə və qəbul olunub

image

Aprelin 10-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan spiker, Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin martın 24-dən 26-dək Çin Xalq Respublikasına işgüzar səfəri barədə məlumat verib. Bildirilib ki, səfərin məqsədi Asiya naminə Boao Forumunda iştirak etmək olub.

Spiker diqqətə çatdırıb ki, forum Asiya-Sakit Okean regionunun 26 ölkəsi tərəfindən 2001-ci ildə təsis edilib, sonradan daha 3 ölkə onlara qoşulub. O, deyib ki, Azərbaycan bu tədbirə xüsusi qonaq kimi dəvət olunub.

Milli Məclisin sədri bildirib ki, Asiya naminə Boao Forumunun İllik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Çin münasibətləri barədə məlumat verib.

Çıxışda Çin tərəfindən irəli sürülən və Azərbaycanın dəstəklədiyi qlobal təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, “Bir Kəmər, Bir Yol” layihəsinin inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir.

Milli Məclisin sədri çıxışında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır.

Diqqətə çatdırılıb ki, 30 illik işğala son qoyan Azərbaycan suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərini daim dəstəkləyir. Spiker bildirib ki, Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər, Bakıda keçirilmiş və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər haqqında forum iştirakçılarına məlumat verilib.

Səfər zamanı Azərbaycan parlamentinin spikerinin sədrliyi ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri cənab Cao Lıci ilə görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb, o cümlədən qanunvericilik orqanlarının komitələri arasında institusional əlaqələrin inkişaf etdirilməsi imkanları və digər məsələlər nəzərdən keçirilib.

Milli Məclisin sədri bildirib ki, Çin Xalq Respublikasına işgüzar səfər uğurlu olub.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 11 məsələnin daxil edildiyini söyləyib. Parlamentin sədri ilk məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, layihənin beynəlxalq sənədlə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib və məsələyə dair məlumat vermək üçün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayevə söz verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayev bildirib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Saziş 2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanıb. 15 maddədən ibarət sazişə əsasən, tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraq tanıyırlar. Sənəd sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasının və dəyişdirilməsinin prosedur qaydaları, rüsumların ödənilməsi, zəruri məlumatların ötürülməsi və fikir ayrılıqlarının həlli kimi məsələləri tənzimləyir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli təmsil etdiyi komitənin sənəd barədə müsbət rəyini diqqətə çatdırıb.

Müzakirədə komitə sədri Zahid Orucun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Spiker gündəliyin növbəti 2 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. Sahibə Qafarova gündəliyin ikinci məsələsinin Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) olduğunu deyib və məsələyə dair məlumat vermək üçün Elm və təhsil komitəsinin sədri Anar İsgəndərova söz verib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov birinci və ikinci oxunuş zamanı layihə barədə ətraflı məlumat verildiyini bildirib. O, komitənin rəyinin müsbət olduğunu deyib və layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova layihə barədə komitəsinin müsbət rəyini açıqlayıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələ olan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Komitə sədri bildirib ki, dəyişikliklə bağlı komitəyə heç bir irad, təklif daxil olmayıb və layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda təqdim olunan qanun layihələri olduğunu bildirib. Spiker diqqətə çatdırıb ki, gündəliyin dördüncü məsələsi olan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və məsələyə dair məlumat vermək üçün komitənin üzvü Əminə Ağazadəyə söz verib.

Deputat Əminə Ağazadə bildirib ki, birinci oxunuş zamanı layihə barədə ətraflı məlumat verilib və səslənən suallara aydınlıq gətirilib. O, xatırladıb ki, dəyişikliklərə əsasən, qanunvericiliyə “dövlətə məxsus olan hüquqi şəxslərin” sözlərinin əlavə edilməsi ilə həmin qurumlara ayrılan vəsaitlərin də təyinatından kənar istifadəsinin sanksiyalaşdırılması nəzərdə tutulub. O, dəyişikliklə bağlı komitəyə heç bir təklif daxil olmadığını deyib və layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihənin müzakirəsində deputatlar Vüqar Bayramov, Aydın Hüseynov və Müşfiq Məmmədli çıxış ediblər, qeydlərini və fikirlərini bildiriblər. Layihə üzrə məruzəçi Əminə Ağazadə deputatların fikirlərinə münasibət bildirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Növbəti məsələni - Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib.

Kamal Cəfərov bildirib ki, parlament spikerinin tapşırığına uyğun olaraq layihə komitədə ikinci oxunuşda digər komitələrdən deputatların və məsələ üzrə ekspertlərin iştirakı ilə geniş müzakirə edilib. Məruzəçi süni intellekt texnologiyalarından sui-istifadənin qarşısının alınması və ondan etik çərçivədə istifadənin təmin edilməsi ilə bağlı hazırlanan layihəyə ictimaiyyət tərəfindən ciddi dəstəyin olmasından danışıb.

Bildirilib ki, mahiyyət etibarilə bənzər tənzimləmələr qanunvericilikdə mövcuddur. Bununla belə süni intellekt texnologiyalarının spesifikası əlavə hüquqi mexanizmlərin və aydın qaydaların yaradılmasını zəruri edir. Kamal Cəfərov bu sahədə dünya ölkələrində mövcud olan təcrübələrdən misal çəkib.

Qeyd olunan halların qarşısının alınması məqsədilə qanun layihəsi ilə müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, layihəyə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni 148-2 və 242-1-ci maddələrin əlavə edilməsi təklif olunur. Həmin maddələrə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması, habelə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır.

Bununla yanaşı, layihədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq dəyişiklik edilərək Cinayət Məcəlləsinin 148-2.1-ci maddəsi üzrə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir.

Eyni zamanda, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.

Kamal Cəfərov vurğulayıb ki, layihə süni intellektin tətbiqini məhdudlaşdırmağa deyil, yalnız hüquq pozuntularına səbəb olan halları tənzimləməyə yönəlib. Yəni, süni intellektdən istifadə etməklə qanunla qadağan edilməyən yaradıcılıq azadlığına məhdudiyyətlər qoyulmur.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib, layihədə təklif olunan dəyişikliklər barədə fikirlərini bölüşüb. Vurğulanıb ki, layihənin əsas məqsədi vətəndaşların hüquq və azadlıqların qorunmasıdır.

Layihənin müzakirəsində komitə sədri Siyavuş Novruzovun, deputatlar Razi Nurullayevin, Hikmət Məmmədovun və Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin altıncı məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

Kamal Cəfərov bildirib ki, layihədə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunub. İstiqamətlərin biri dövlət maliyyəsinə nəzarət və elektronlaşma ilə bağlıdır.

Dəyişikliklərin digər istiqaməti uşaq hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlıdır. Məruzəçi bildirib ki, bu yaxınlarda qəbul olunmuş "Uşaq hüquqları haqqında" Qanunun tələblərinə uyğun İnzibati Xətalar Məcəlləsinə yeni tənzimləmələrinin əlavə edilməsi təklif olunur.

Başqa bir istiqamət süni intellektdən etik çərçivə və məsuliyyətlə istifadə ilə bağlıdır. Süni intellekt vasitəsilə hazırlanan və kütləvi nümayiş etdirilən materialların nişanlanmadan yayılmasına, paylaşılmasına görə inzibati məsuliyyət tətbiq olunacaq.

Həmçinin layihədə müxtəlif istiqamətlər üzrə digər zəruri dəyişikliklər də təklif olunur.

Müzakirədə deputatlar Azay Quliyev, Qüdrət Həsənquliyev və Aydın Mirzəzadə çıxış ediblər, qeydlərini və fikirlərini səsləndiriblər. Layihə üzrə məruzəçi Kamal Cəfərov müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin qalan 5 məsələsinin birinci oxunuşda təqdim olunan qanun layihələri olduğunu bildirib. Spiker deputatlardan müzakirələrdə birinci oxunuşun tələblərinə riayət etməyi xahiş edib.

Yeddinci məsələ olan Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Bu məqsədlə Əmək Məcəlləsinin 4 maddəsinə 6 dəyişiklik təklif olunur. Məcəllənin 48-ci maddəsinin 5-ci bəndinə 5-2 və 5-3 yarımbəndləri əlavə edilir. Yeni müddəalarda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.

Habelə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olduğu müəyyən edilən şəxslə əmək müqaviləsinin bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

"Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinə də uyğunlaşma xarakterli "işçinin davranışında narkotik maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda dərhal, işəgötürənin vəsaiti hesabına narkoloji müayinədən keçməsi" müddəası əlavə olunub.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib.

Müzakirədə komitə sədri Siyavuş Novruzovun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur. Həmin maddəyə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin Qeyd hissəsində isə terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxsin hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayaraq, terrorçuluğun insan həyatını, ictimai sabitliyi, iqtisadi inkişafı və beynəlxalq münasibətləri ciddi şəkildə sarsıtdığını qeyd edib. O, bu gün terrorçuluğa qarşı mübarizənin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmadığını, eyni zamanda, maarifləndirmə, beynəlxalq əməkdaşlıq, sosial ədalətin təmin edilməsi və radikallaşmanın qarşısının alınması kimi kompleks yanaşmanı tələb edən bir proses olduğunu deyib. Bu baxımdan təqdim edilən qanun layihəsində zəruri dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.

Komitə sədri məsələ ilə bağlı bildirib ki, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada təqdim olunur. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. 282.2-ci maddədə təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması kimi yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. 282-ci maddənin Qeyd hissəsinə əsasən isə təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Sənədin müzakirəsi zamanı deputatlar Hikmət Məmmədov, Nizami Səfərov, Vasif Qafarov çıxış edərək öz fikirlərini bölüşüblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Daha sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.

Komitə sədri bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

O, diqqətə çatdırıb ki, təqdim olunan layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Belə ki, Məcəllədə işəgötürənin vəzifələrini nəzərdə tutan 12-ci maddənin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.

Eyni zamanda, Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, sənəddə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Belə ki, Qanunun yeni redaksiyada təqdim edilən 9.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.

Musa Quliyev deyib ki, bu qanun layihəsinin qəbul edilməsi, ölkəmizdə əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazasının daha da təkmilləşməsinə, Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsinə xidmət edəcək.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb. O, bildirib ki, Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Bərabər dəyərli əməyə görə kişi və qadın işçilərin bərabər ödənişi haqqında” 100 nömrəli Konvensiyasına və digər normativ hüquqi aktlara əsasən, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Həmin sənədlər əməkhaqqı ilə bağlı gender ayrı-seçkiliyinin aradan qaldırılmasına xidmət edir və bu prinsipi həyata keçirmək üçün bərabər dəyərli işin obyektiv qiymətləndirilməsi aparılmalıdır.

Komitə sədri qeyd edib ki, ölkəmizdə kişi və qadınların orta əməkhaqqı fərqinin aradan qaldırılması üçün mühüm islahatlar həyata keçirilir. Vətəndaşların məşğulluq məsələsi, onların layiqli işlə təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. İşsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması, əməyin qiymətləndirilməsi prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə müsbət nəticələr əldə edilib.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Elçin Mirzəbəyli və Günay Ağamalı bəzi qeyd və fikirlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi "operativ nəqliyyat vasitələri" anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə tutur və bu dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir. Qeyd olunub ki, layihədə hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması təsbit edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı nəzərə çatdırıb.

O, minatəmizləmə fəaliyyətinin müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını, işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun yenidən qurulmasının məhz bu fəaliyyətin nəticəsində mümkün olduğunu vurğulayıb. Qeyd edib ki, minatəmizləmə zamanı həlak olan şəxslərə dövlət qayğısı sosial siyasətin bir istiqaməti olması ilə yanaşı, eyni zamanda, mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanılması dövlətin humanitar siyasətinin əsas prioritetlərindəndir.

Komitə sədri diqqətə çatdırıb ki, layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, "Təhsil haqqında" Qanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə barədə bu komitənin rəyini bildirib. O, sənəddə Vergi Məcəlləsinə təklif edilən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi yükünün azaldılması ilə bağlı dəyişikliklərin vacibliyini qeyd edib. Komitə sədri diqqətə çatdırıb ki, gəlir vergisi üzrə güzəştə malik olan şəxslərin sirasına Vətən müharibəsi qəhrəmanları, Milli Qəhrəmanlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvləri, “Müharibə veteranı” adı almış şəxslər və digərləri daxildir.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələ barədə bu komitənin rəyini açıqlayaraq, layihədə “Təhsil haqqında” Qanuna təklif olunan dəyişiklik barədə danışıb. O, qeyd edib ki, qanuna əlavə edilməsi təklif olunan 14.8-1.10-cu maddəyə əsasən, dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Azər Allahverənov və Nigar Məmmədova öz fikirlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bir neçə gün əvvəl Milli Məclisin bir qrup deputatı və parlament Aparatı əməkdaşlarından ibarət futbol komandasının Türkiyənin Antalya şəhərində keçirilmiş Türk Dünyası Parlamentlərarası Futbol Turnirində iştirak etdiyini və yüksək yer tutduğunu bildirərək, bu münasibətlə öz təbriklərini çatdırıb.

İclasda Milli Məclisin futbol komandasının kapitanı parlamentin komitə sədri Fazil Mustafa turnir barədə məlumat verib. O, Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçirilmiş Futbol Turnirində 6 komandanın təmsil olunduğunu söyləyib. Qeyd edib ki, ilk dəfə idi ki, TÜRKPA-ya daxil olan ölkələrin parlament nümayəndələri burda iştirak edirdilər. Komitə sədri spiker Sahibə Qafarovanın dəstəyi ilə formalaşmış Milli Məclisin komandasının finala çıxdığını bildirib. İdman oyunlarında, eyni zamanda, dostluq və əməkdaşlıq münasibətlərinin qurulduğunu da deyən Fazil Mustafa, turnirdə iştirak edən komanda üzvlərinə təşəkkür edib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Elçin Bayramlı

Parlament müxbiri

Digər xəbərlər