Xəbər verildiyi kimi, vevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
Dövlət başçısı müşavirədə bu sahədə görülən işlər və nəzərdə tutulan layihələrlə bağlı maraqlı məqamlara toxunaraq qeyd edib ki, bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: "Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir".
Dövlət başçısı enerji sektorunda görülmüş işlərə toxunarkən qeyd edib ki, bu sahə kommunikasiya sistemlərinin də inkişafına təkan verib: "Bizim xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir.
Fiber-optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi, enerji infrastrukturunun yanında bu kabellər də çəkilib. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkü müşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir".
Azərbaycan Prezidenti elektron hökumətlə bağlı da maraqlı açıqlamalar verib: "Son illər ərzində müxtəlif dövlət qurumları- nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin".
Dövlət başçısı bu sahədə kadr bazası ilə bağlı da fikirlərini deyib: "Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".

Ölkə rəhbəri bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır: "Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.
Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik, bu barədə də təkliflər veriləcək.
Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır".
Göründüyü kimi, bu sahədə ölkəmizdə çox ciddi layihələr həyata keçirilir və proqramlar icra olunur. Nəticədə Azərbaycan dünyanın informasiya və kommunikasiya sistemlərinin, həmçinin kibertəhlükəsizliyin ən yüksək səviyyədə olduğu, elektron hökumətin işinin daha genişç miqyasda təşkil olunduğu ölkələrdən biridir. Paralel olaraq ölkədə internetin əhatə dairəsi və sürətinin artırılması da təmin olunub.
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılıb. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırılır və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin.
“Mygov” platformasından istifadə edənlərin sayı 2,5 milyondur. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə son 3 il ərzində 4 milyon istifadəçi artıq bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırıb. Məsələn, bu gün bizim vətəndaşlar bankda hər hansı bir depozit hesabın açılması və yaxud da artırılmasını- istənilən bank əməliyyatlarını banka getmədən aplikasiyalar üzərindən tam şəkildə həyata keçirə bilirlər. Digər sahələrdə də belədir. Bir çox notarius əməliyyatları onlayn formada həyata keçirilir.
Son illərdə xüsusilə dəqiq elmlər və informasiya texnologiyaları sahəsinə diqqət artıb. Bu sahədə Elm və Təhsil Nazirliyi tərəfindən qısamüddətli kursların təşkili təmin edilmişdir ki, təxminən 16 minə yaxın insan bu kurslardan keçmişdir.
Beləliklə, ölkəmizin informasiya və kommunikasiya texnologiyaları sahəsindəki qlobal tendensiyalara sürətlə uyğunlaşdığı aydın görünür. Gələcəyin dünyası bu baza üzərində qurulacağı üçün Azərbaycan da bu sahədə ciddi işlər həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi məqamları nəzərdən keçirdikdə ölkəmizin gələcəkdəki inkişafının bazasının indidən necə qoyulduğunu aydın şəkildə görmək olur.
Elçin Bayramlı