Fevralın 20-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, sabah dünya ölkələrində Beynəlxalq Ana Dili Günü qeyd olunacaq. Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. Bizim dilimiz əsrlər boyu xalqımızın milli mənlik şüurunun formalaşmasında və mədəni irsinin qorunmasında mühüm rol oynayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına böyük diqqət yetirir. Ulu Öndərin bu sahədə başladığı strateji xətt ardıcıl davam etdirilir.
Milli Məclisin sədri deyib ki, ötən ilin noyabr ayında dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasında çıxışında Azərbaycan dilinin təmizliyinin qorunmasının və düzgün istifadə edilməsinin vacibliyini qeyd edib. O deyib ki, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.”
Spiker deyib ki, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən işlərə Milli Məclis də parlament səviyyəsində dəstək göstərməyə çalışır. O, xatırladıb ki, ötən il dekabrın 8-də Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr edilən konfrans keçirilib. Spiker Sahibə Qafarova çıxışının sonunda vurğulayıb ki, qanunvericilik orqanı Azərbaycan dilinin inkişafı sahəsində irəli sürülən təşəbbüsləri bundan sonra da dəstəkləyəcəkdir.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə parlamentin komitə sədrləri Şahin İsmayılov, Fazil Mustafa, Zahid Oruc, deputatlar Müşfiq Cəfərov, Əli Məsimli, Aydın Mirzəzadə, Sahib Alıyev, Vüqar Bayramov, Azər Badamov, Ceyhun Məmmədov gündəmdə olan məsələlər barədə fikirlərini açıqlayıblar.
Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirakı Azərbaycanın qlobal siyasətdə artan nüfuzunun bariz nümunəsidir. Vurğulanıb ki, dövlət başçımızın Münxen Təhlükəsizlik Konfransında, Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı, keçirdiyi görüşlər xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın strateji tərəfdaş kimi statusunun möhkəmləndirildiyinin, habelə ölkəmizin Avrasiya məkanının təhlükəsizlik arxitekturasında mühüm aktor kimi qəbul edildiyinin göstəricisidir. Qeyd olunub ki, Sülh Şurasında təmsil olunmaqla Azərbaycan qlobal sülhün formalaşmasına və regional təhlükəsizliyə yüksək səviyyədə töhfə verən dövlət kimi çıxış edir. Prezidentin çıxışları zamanı Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyi, Orta Dəhliz layihəsi və regional sabitliyin təmin edilməsində oynadığı rol ön plana çəkilib.
Diqqətə çatdırılıb ki, post-münaqişə dövründə regionda daimi sülhün təmin olunması, kommunikasiya xətlərinin açılması və əməkdaşlıq mühitinin yaradılması istiqamətində Azərbaycanın təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir. Habelə ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin ölkəmizə yeni texnologiya və investisiyaların cəlb edilməsi baxımından vacibliyindən bəhs edilib. Prezident İlham Əliyevin Azərbaycanın region və dünya ölkələri ilə konstruktiv əməkdaşlıq münasibətlərinin qurulmasında rolu yüksək qiymətləndirilib.
Çıxışlarda, habelə bəzi antimilli ünsürlərin dövlətimizə, dövlət başçımıza qarşı təxribat cəhdləri pislənilib və bunun qarşısının alınması istiqamətində lazımi addımların atıldığı bildirilib. Ölkə Prezidentinin xarici səfərləri zamanı millətimizi, dövlətimizi təmsil etdiyi və ona qarşı atılan hər bir təxribatçı addımın təmsil etdiyi xalqa, dövlətə qarşı yönəldiyi, xalqımızın milli birliyinin sarsılmaz olduğu vurğulanıb.
Deputatlar, bununla yanaşı, Ana dilimizin dövlət səviyyəsində qorunması, idarəçilik mexanizmlərinin səmərəliliyinin artırılması, həmçinin milli parkların yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti, tikinti sektorunda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və digər aktual məsələlərdən söhbət açıblar.
Sonra iclasda gündəlikdəki məsələlər müzakirəyə çıxarılıb.
Parlamentin sədri Sahibə Qafarova ilk məsələnin “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu bildirib. O, layihənin beynəlxalq sənədlə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verib. O, layihənin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini nəzərə çatdırıb. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalandığını söyləyib.
O, Azərbaycan Respublikasının bu Konvensiyaya xüsusi bəyanatla qoşulduğunu qeyd edib. Bəyanatda deyilir ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Bildirilib ki, 33 maddədən ibarət olan Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və bu cür orqanlardan istifadənin qarşısının alınması, habelə qanunsuz götürülmüş orqanların saxlanması, daşınması, ötürülməsi, idxalı və ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Konvensiyada cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit edilir. Sənəddə, həmçinin zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi ilə bağlı müddəalar əks olunur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələnin siyasi əhəmiyyətindən danışıb, Azərbaycanın öz öhdəliklərinə sadiq olduğunu, milli maraqlarımıza uyğun olan konvensiyaları qəbul etdiyini bildirib. O, rəhbərlik etdiyi komitənin sənəd barədə müsbət rəy verdiyinin diqqətə çatdırıb.
Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov və Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib.
O, layihənin ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədi daşıdığını, məsələyə dair komitəyə əlavə təkliflərin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov məsələnin bu komitədə dəstəkləndiyini açıqladıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumatı diqqətə çatdırıb.
O, birinci və ikinci oxunuş zamanı qanun layihəsi barədə ətraflı məlumat verildiyini, sənədlə bağlı komitəyə hər hansı təklif və qeydin daxil olmadığını söyləyib və onun dəstəklənməsini xahiş edib.
Layihədə təklif olunan dəyişikliklərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi, büdcə göstəricilərinin, gəlir və xərclərinin bölgüsü ilə bağlı və digər məlumatların təqdim edilməsinin, habelə satınalma müqavilələrinin bağlanılmasının "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova növbəti 5 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. O, növbəti 2 məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, əvvəlcə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
O, öz çıxışında layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdiyi məsələlərə münasibət bildirib. Komitə sədri uşaqların hüquqlarının qorunması üçün müvafiq hüquqi bazanın mövcudluğunun vacibliyindən və icra mexanizmlərindən danışıb, qanun layihəsi ilə bağlı əlavə rəy və təklifin daxil olmadığını deyib.
Qanun layihəsində Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir.
Sənəddə uşağın fərdiliyinin qorunması, azadlıq və şəxsi toxunulmazlıq, şərəf və ləyaqətinin müdafiəsi və digər hüquqları müvafiq maddələrdə qeyd edilir. Layihədə hərbi münaqişələr dövründə, habelə təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları yer alıb.
Sonra Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) təqdim edilib.
Sənəddə “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.
İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hər iki qanun layihəsi ilə bağlı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanunlara edilən dəyişikliklər barədə bu komitələrin rəylərini açıqlayıblar.
Müzakirələr zamanı deputatlar Vüqar Bayramov, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Mehriban Vəliyeva, Tənzilə Rüstəmxanlı, Pərvanə Vəliyeva, Məlahət İbrahimqızı öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar.
Komitə sədri Hicran Hüseynova qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, sənədin birinci oxunuşunda dəyişikliklər haqqında ətraflı məlumat verilib və mətn olduğu kimi qalır.
Təklif olunan dəyişikliklər kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Gündəliyin növbəti məsələsi olan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
O, bildirib ki, yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin birinci oxunuşunda dəyişikliklər barədə ətraflı məlumat verilib və mətn olduğu kimi qalır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov layihə ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.
Sənədin müzakirəsində deputatlar Razi Nurullayev, Fariz İsmayılzadə, Aydın Hüseynov çıxış edərək bəzi yol hərəkəti nişanları və tənzimləmələri barədə qeydlərini bildiriblər.
Layihə üzrə məruzəçi Kamal Cəfərov deputatların qeydlərinə münasibət bildirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Bildirilib ki, layihə strateji əhəmiyyətə malik investisiyaların dövlət mənafeyi və milli maraqlar naminə alınmasının hüquqi əsaslarının müəyyən edilməsini nəzərdə tutur. Komitə sədri layihənin birinci oxunuşunda dəyişikliklərlə bağlı ətraflı məlumat verildiyini deyərək, sənədin müzakirəsində səslənən fikirlərə münasibət bildirib, bəzi məsələlərə də aydınlıq gətirib.
O, qeyd edib ki, təklif edilən dəyişikliklər dövlətin iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə, milli maraqların qorunmasına və bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir.
Azər Əmiraslanov layihənin Konstitusiyaya uyğunluğu məsələsinə də toxunub. Vurğulanıb ki, təqdim olunan layihə Əsas Qanunumuzla heç bir ziddiyyət təşkil etmir, əksinə, kifayət qədər konstitusion əsaslara söykənir. Komitə sədri bildirib ki, “dövlət ehtiyacları” anlayışı geniş məzmun daşıyır və yalnız infrastruktur və ya təsərrüfat məqsədləri ilə məhdudlaşmır. Beynəlxalq investisiya hüququnun prinsiplərinə uyğun olaraq bu anlayışa dövlət mənafeyinin, milli və ictimai təhlükəsizliyin, sosial-iqtisadi sabitliyin və strateji sektorların qorunması ilə bağlı geniş önləyici tədbirlər də daxildir. Bu baxımdan, dövlət mənafeyi naminə həyata keçirilən ekspropriasiya həm də dövlət ehtiyacları üçün mülkiyyətin alınması kateqoriyasına aiddir və konstitusion əsaslara söykənir.
Qeyd olunub ki, beynəlxalq hüquq da strateji investisiyaların dövlət üçün doğurduğu təhdidləri tanımaqla yanaşı, onların qarşısının alınması üçün hüquqi mexanizmlər təklif edir. Eyni zamanda, qeyd edilib ki, Əsas Qanunumuzun 59-cu maddəsinin 2-ci hissəsi dövlətə sahibkarlıq və investisiya fəaliyyəti sahəsində dövlət maraqlarının müdafiəsi məqsədilə tənzimləmə aparmaq səlahiyyəti verir. Həmçinin Konstitusiyada mülkiyyət hüququnun qorunması ilə yanaşı, mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə olunmasının yolverilməzliyi də təsbit edilib.
Komitə sədri təklif edilən dəyişikliklərin investisiya mühitinə mümkün təsirləri ilə bağlı səsləndirilən narahatlıqlara münasibət bildirilib. Qeyd olunub ki, analoji müddəalar hələ 1992-ci ildə qəbul edilmiş və 30 il ərzində qüvvədə olmuş qanunvericilikdə də yer alıb və bu, ölkəyə xarici sərmayə axınına mane olmayıb. Əksinə, ötən dövrdə ölkəyə iri həcmdə xarici investisiyalar cəlb edilib.
Diqqətə çatdırılıb ki, qanunvericilik çərçivəsində və ədalətli kompensasiya şərti ilə həyata keçirilən ekspropriasiya beynəlxalq praktikada investor hüquqlarının pozulması kimi qiymətləndirilmir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik sistemi həm mülkiyyət hüququnu qoruyur, həm də investor hüquqlarına təminat verir.
Sonda vurğulanıb ki, təklif edilən dəyişikliklər konstitusion əsaslara malik olmaqla beynəlxalq hüquq normalarına və dünya təcrübəsinə uyğundur, milli maraqların qorunmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Müzakirələrdə Milli Məclis sədrinin müavini Musa Qasımlının, komitə sədri Tahir Rzayevin fikirləri dinlənildikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov məlumat verib.
Diqqətə çatdırılıb ki, layihə müvafiq qanunla elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və ya pərakəndə satışı və ya istifadəsinin qadağan edilməsindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənəddə İnzibati Xətalar Məcəlləsində elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi təklif olunur.
Kamran Bayramov qanunla qadağan edilmiş müvafiq əməllərə görə nəzərdə tutulan inzibati məsuliyyət növlərini diqqətə çatdırıb. Deputat qanun layihəsinin ictimai maraqlara cavab verdiyini, əhalimizin, xüsusilə də gənclərimizin sağlamlığının qorunmasına xidmət etdiyini vurğulayıb, həmkarlarından onu dəstəkləmələrini xahiş edib.
Layihə barədə deputat Vasif Qafarovun fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.
Komitə sədri bildirib ki, təqdim edilən qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.
Diqqətə çatdırılıb ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunub. Arzu Nağıyev vurğulayıb ki, dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
Layihənin müzakirəsində Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, komitə sədrləri Siyavuş Novruzov və Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Kamal Cəfərov və Səyyad Aran bəzi qeydlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Elçin Bayramlı
Parlament müxbiri